Bu günlər dünya mediasının manşetinə oturan daha bir qadın faciəsinin şahidi olduq. Türkiyənin Mersin şəhərində tələbə Özgecan Aslanın 3 kişi tərəfindən təcavüz olunaraq qəddarlıqla öldürülməsi, qadın zorakılığı məsələsini yenidən gündəmin mövzusuna çevirdi. Elə bizim öz gündəmimiz də xeyli vaxtdır bu məsələ ilə çalxanmaqdadır. Ümumiyyətlə, son dəfə hansı qadınla bağlı xoşbəxtlik hekayəsinin gündəm olduğunu xatırlayırsınız?
Əslində, tələbə Özgecanın qətlinin Mersin şəhərində baş verdiyini eşidincə, bənzər bir şey xatırladım, amma… Iki il öncə bir Mersinli kəndli qadın öz imkanları hesabına çəkdiyi filmlə Nyu-York Avrasiya Film festivalında mükafat qazanmışdı. O filmin də mövzusu qadına qarşı zorakılıq idi, amma rejissor Ümmiye Koçak ssenarini qadınların qadınlara qarşı istismarçı davranışları əsasında qurmuşdu. Filmin internet yayımına yaradıcı qrup tərəfindən icazə verilmədiyi üçün, hələ də izləyə bilməmişəm. Amma marağımı dəli kimi çəkən bir məqam var: “Koçak nədən mövzunu məhz bu istiqamətdə seçmişdi?”. O, müsahibələrində bu məsələyə dönə-dönə toxunsa da, əsl cavab, şübhəsiz ki, filmin özündədir.
Bu faktı boşuna xatırlatmadım. Bəhs etdiyim “Yün bebek”(Yun gəlincik) filmi 8 ölkədən 25 filmin göstərildiyi bir festivalda uğur qazanıb. Maddi imkansızlıqdan Amerikaya festivala gedə bilməyən Koçakın mükafatını ikinci rejissor Yasin Korkmaz alıb. Ümmiye xanım uğurlu oyunçulardan biri olaraq “Filmdə ən yaxşı Avrasiya qadın sənətçi” mükafatına layiq görülüb. Bu arada onun həmin uğur mərhələsinə qədərki həyat yoluna da nəzər salmağa dəyər. 10 uşaqlı bir ailədə doğulan Koçak çox istəsə də, oxumaq arzusuna çata bilməyib. Amma başqa qardaş-bacılarından şanslı olub, ibtidai məktəb təhsili görüb. Sonralar oxuduğu sənət və bədii kitablarla dünyagörüşünü zənginləşdirib. Mersinə gəlin köçən Ümmiyə xanım artıq burada öz fəaliyyət istiqamətini qəti müəyyənləşdirib. 2001-ci ildə yörük kənd qadınlarının zor həyatını, yaşadıqları acı hekayətləri dünyaya göstərmək üçün Türkiyənin ilk və tək Qadınlar Teatr Birliyini qurub. Onun sənət yolu da elə beləcə başlanıb. 58 yaşlı Koçakın cüzi maddi imkanlar və kənd həyatının ağır şərtləri altında bacardıqları tam bir qəhrəmanlıq hekayəsidir. Lakin onun müsahibələrini oxuyunca, istər-istəməz insanın içindən bir sızıltı keçir. Doğrudanmı, Tanrı qadını çiyinlərində bu qədər ağırlıq daşımaq üçün yaratdı? Bir az normal şərtlər daxilində nələr yaradardı qadın fədakarlığı? Bir az normal şərtlər daxilində həyatındakı bu zorakılıq, istismar, ədalətsizlik də aradan qalxacaqdı bəlkə. O halda səhnələşdirdiyi teatr tamaşalarının, yazdığı film ssenarilərinin də mövzuları tamam başqa olacaqdı bəlkə…
Şübhəsiz, Ümmiye Koçak nümunəsi dünyanın hər yerində qadınlar üçün misilsiz bir örnəkdir. Çünki o bütün ağırlıqlara baxmayaraq, həyatdakı rolunu ən gözəl oynayan və bunu sənətə də ən mükəmməl şəkildə yansıtmağı bacaran biridir. Lakin nə onun çətinliklərlə dolu fədakarlıq hekayəsi, nə də bəxtsiz Özgecan və Lamiyənin hekayəsi təkcə türk qadının həyat hekayəsi sayıla bilməz. Çağdaş dünyanın ritmini tuta bilməyən, inkişafdan geri qalan, bizim kimi yaşamaq adına sürünən bütün cəmiyyətlərdə həyat qadınlar üçün daha zordur. Bütün zorakılıqlar da elə bu zorluqlardan doğur. O üzdən, bəzən təhsil almaq istəyən oxumaq şansından, oxuyan yaşamaq şansından, namusunu qorumaq üçün birinin qatili olmaq məcburiyyətində qalan ömürlük xoşbəxtlik şansından məhrum olur…