Milli Məclisin son iclasında deputatlardan Qüdrət Həsənquliyev, Siyavuş Novruzov və spiker Oqtay Əsədov müxalifəti yenidən Qarabağ məsələsi ilə vurmağa çalışdılar. Sanki futbol oynayırmışlar ki, əvvəlcə kombinasiya qurdular, sonra isə topu qapıçı ilə üzbəüz qalan Oktay Əsədova atdılar və necə deyərlər, sonda “texnika” öz sözünü dedi…
Maraqlıdır ki, son illərdə müxalifətin Qarabağla şantajı adi hala çevrilib. Bu ittiham nə qədər məntiqsiz, uğursuz olsa da, ildən-ilə daha da güclənir. Rejim sanki 22 illik Qarabağ uğursuzluğuna, eləcə də ölkəni ağzına alan rüşvət və korrupsiyaya bu yolla (!) haqq qazandırmaq niyyətindədir.
Bir sözlə, Qarabağ ermənilərdən çox müxalifətə yönəlmiş bir ritorikaya, hədəyə çevrilib. Ittihamlar çox bəsit və primitivdir – “siz bu məsələyə laqeydsiniz, biz isə əksinə, gecə-gündüz bu haqda düşünürük”.
Kimin nə qədər düşünüb, kədərlənməsini ölçən bir cihaz olmadığından, məsələyə “patriot” iqtidarla, “laqeyd” müxalifətin həyatında bu 22 ildə baş vermiş dəyişiklər prizmasından baxaq. Seçim təbiidir, əsasən müxalifəti Qarabağla şantaj edənlərin bəzilərinin həyatından bildiklərimdir.
Oqtay Əsədov – Qarabağın işğalda qaldığı müddətdə əvvəllər başçılıq etdiyi dövlət şirkəti olan “Azərsu” qarajına aid olan ərazinin bir neçə hektarında “Oktay Əsədovun evləri” adlanan nəhəng yaşayış kompleksi tikdirib. Və minlərlə mənzilin satışından əldə etdiyi milyonlardan bir qəpik də olsun nə şəhid ailələrinə yardım edib, nə ordunun hesabına keçirib. Onun biznes imperiyasına daxil olan obyektləri sadalasaq, gərək bir neçə gün köşə yazmayam, siyahı dərc edəm. Oqtay Əsədov bu müddətdə bütün qohum-əqrəbasını yağlı vəzifələrə düzəldib. Rejimin icra başçısı etalonu sayıla biləcək məşhur Alı Qocayev onun qudasıdır. Bircə gün də işsiz qalmayıb, bir rayonu batırır, göndərirlər o birisinə… Amma ədalət naminə deməliyəm ki, Oqtay müəllimin üz cizgilərində axtarsan, kədər də tapmaq olar. Kim bilir, bəlkə də qudası ilə yox, Qarabağla bağlıdır…
Siyavuş Novruzov – Qarabağın işğal olduğu müddətdə bədən tərbiyəsi fakültəsi tələbəsindən… hüquq elmləri doktoru tituluna qədər “irəli”lədi. Demək olar, özünün və digər yaxınlarının bütün problemlərini həll edib. Müxalifət və Qarabağ məsələsi də həll olunsa, yəqin ki, tam xoşbəxt olacaq.
…Yaxud götürək elə, tez-tez bizi eyni məsələdə ittiham edən, Milli Məclisin vitse-spikeri Bahar Muradovanı. Əslən işğal olunmuş Qarabağdan olan bu xanımın 20 il əvvəlki fotosu ilə bugünkü rəsmi arasında ən azı 20 il fərq var. Bu xanım heyrətamiz şəkildə yaxşıya doğru dəyişib. Sanki Qarabağla birlikdə Irəvanı da geri almışıq.
Keçən yazımda müxalifəti hər fürsətdə topa tutan Əli Həsənov haqqında yazmışdım. O da Qarabağın işğal olunduğu müddətə adi laborantdan tarix elmləri doktoru, professor tituluna qədər yüksəlib. Eyni zamanda uğurlu bir ailə biznesini himayə edir. Istəsə, beş-altı şəhid ailəsini də himayə edər. Sadəcə buna vaxtı yoxdur…
Bu günlərdə rejimin himayəsində olan partiyaların PA-nın şöbə müdiri ilə görüşü keçirilirdi. Adını da qoydular iqtidar-müxalifət görüşü. Əsl müxalifətin belə bir şoudan imtina etməsinə isə reaksiya ənənəvi idi – orada Qarabağ da müzakirə olundu, müxalifət (AXCP nəzərdə tutulur – X.Ə.) gəlməməklə sübut etdi ki…
Yazımı vəd etdiyim lətifə ilə bitirmək istəyirəm. Lətifədə son ifadə qeyri-etik olduğuna görə onu sizin ixtiyarınıza buraxır, bəri başdan üzrxahlıq edirəm.
…Mollanın xanımı çox gözəl olan bir tanışı rəhmətə gedir. Dəfn ərzində, eləcə də cümə axşamlarında hamıdan çox canfəşanlıq edən molla hər fürsətdə ağlayır və xanımı bərk-bərk qucaqlayaraq ona təsəlli verir. Onun əsl “məqsəd”ini bütün vücudu ilə hiss edən qadın, növbəti dəfə ağlayaraq üstünə gələn mollaya deyir:
– Molla qardaş, ağlama, sən ağlayanda…
…Minlərlə iqtidar məmuru var ki, buraxın öz övladlarını, hətta qohumlarının belə uşaqlarını müxtəlif yollarla ordudan yayındırır…
Şəhid əsgərlərimizin dəfn mərasimlərindən reportajlara, çəkilən fotolara yəqin ki, baxmısınız. Hamısı bir-birinə bənzəyir. Heç ikimərtəbəli şəhid evi gördünüzmü?..
Dua edin ki, müharibə başlamasın. O zaman sizin, yoxsa Vətən uğrunda 10 minlərlə şəhid vermiş müxalifətin Qarabağ sevgisi hamıya məlum olacaq…