Avropaya düşüncə dəyişikliyi gətirən böyük simaların əksəriyyətindən fərqli olaraq Kant öz şəhərindən uzağa çıxmaz, səyahət etməzdi. Lakin o fikirlə səyahəti o qədər yaxşı bacarırdı ki, yeni fikirləri ilə bütün dünyanı dolaşa bildi. Həyatının mənasını bəşəriyyəti daha yaxşı duruma aparmaqda, həqiqətin aydınlaşmasında, maarifin yayılmasında görürdü. Təhsilli və aydın insan onun arzusu idi. Hesab edirdi ki, məhz bu halda insanlıq insana layiq olan həyatı görəcək və yaşayacaq.
Bu tarixi girişi yazıma əlavə etməkdə bir zərurət var. Bilirsiniz ki, Azərbaycan Avropa Oyunlarına hazırlaşır. Bu yarışın hazırlığına bütün gücünü qoyub ölkə, hələ nələr də xərclənir, bilmirik. Fəqət hamıya da aydındır ki, böyük pullar xərclənir və bu tədbir indi bizim milli hədəfə çevrilib. Bizlər də haqlı olaraq tənqid edirik bunu. Avropa Oyunlarından vacib olanı Avropa dəyərləri ilə yaşayan bir cəmiyyət qurmaqdır. Hüquq və ədalət cəmiyyəti. Bu, gələcəyimizin tələb etdiyi vazkeçilməz işdir. Avropa Oyunları isə havayı enerji və xərcdir bizim ölkə üçün. Onsuz keçinsək, ciddi heç nə itirmərik. Hakimiyyət təmsilçilərinin, onların təbliğatçılarının bu tənqidləri qəbul etməməsi isə başa düşüləndir. Onlar qəbul etməyəcəklər. Amma elə adamlara rast gəlirik ki, həqiqətən də həmin qrupa daxil deyil, bununla belə yenə də təbliğata uyub bu tədbirin bizə faydası haqda danışır, deyilən haqlı arqumentləri qəbul etmir.
Keçən günlərdə bu barədə bir yazı ilə çıxış etmişdim, tanışlardan biri isə söylədi ki, haqlı idi yazdıqlarım, amma bu tədbirin faydası da var. Söz tapa bilmədim, mənim və başqalarının yazdığı, söylədiyi bu qədər dəlillərdən sonra nə deyəsən. Bununla belə, həmin adama söylədiklərim də oldu. Sordum ki, bu, neçənci Avropa Oyunlarıdır? “Birinci!” deyə fəxrlə cavab verdi.
– Bax, sən də onun birinci olması ilə fəxr edirsən, amma ağlına gəlmir ki, bu qoca Avropa indiyədək onu keçirməyib. Keçirməyib və bu günə gələ bilib. Yəni indiki inkişafına Avropa Oyunları olmadan yetib – bunu inkar edə bilməzsiniz! Deməli, biz də arzu etdiyimiz günlərə onsuz gedə bilərik. Bunu anlamağa nə var ki!
Bu sözlərdən sonra tanışıma Kantın yuxarıda xatırlatdığım sözlərini söyləmək istədim. Demək istədim ki, Avropanın inkişafı tamam başqa təməllərə söykənir və biz də bunsuz oyunlardan uzağa gedə bilməyəcəyik.