Mirzə Cəlil “Xatiratım”a belə başlayırdı: “Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: ”Allahü əkbər! Allahü əkbər!"…
Əslində o vaxtdan bəri çox az şey dəyişib; yenə də biz gözümüzü açanda hər yeri qaranlıq görürük və bu qaranlıqda ilk eşitdiklərimiz yalan olur, yalanlar olur. Elə sonra da daha çox yalanlar eşidirik, o qədər yalanın və yalançının içərisində həqiqəti deyən səslər itib-batır, eşidilmir, hətta yalana öyrədilmiş çoxluqda qəzəb və qıcıq yaradır, linç, mənəvi terror hədəfinə çevrilir.
Yalanla bəslənən və bəslədilən çoxluq daim eşitdiyi yalanların əksini dinləməyə və qəbul etməyə hazır deyil. O heç təsəvvür də etmir ki, Az. TV-də danışılanlar necə yalan ola bilər, oradan söylənilənlərin əksini necə danışmaq olar, ya da hansısa xalqsız xalq şairinin, xalqsız xalq yazıçısının, elmsiz elmlər doktorunun, millətsiz millət vəkilinin, hansısa tittullu və imtiyazlı birinin dediklərinə necə şübhə etmək mümkündür.
Bax biz onillərdir belə dəhşətli, ürəkbulandıran mənzərənin şahidiyik.
Axırı da belə: işğal edilmiş torpaqlar və qul edilmiş insanlar.
***
Onillərdir çoxluq baxıb görür ki, yalan bu torpaqlarda insana necə üstünlüklər qazandırır, hansı mənfəətlər gətirir. Adamlar görür ki, yalan insanı vəzifədən vəzifəyə aparır; yalan oğul evləndirib qız köçürməyə, dəbdəbəli villalarda yaşamağa, qayğısız həyat sürməyə, bahalı maşınlarda şütüməyə, dənizin qırağını dədə malı kimi hasarlayıb içində imarət ucaltmağa imkan verir.
Çoxluq görür ki, düzü deyən düzdə qalır, düz deyəni qurşuna düzürlər, yalansız yaşamaq işsiz, pulsuz, karyerasız, komfortsuz yaşamağa gətirib çıxarır, yalan isə bütün bunların əksinə – insana istədiyi qapını təpiklə açmağa, xoşbəxtlik dənizində üzməyə imkan verir. O zaman kütlə niyə yalansız deyil, yalanla yaşamağı seçməsin ki?
Əlbəttə, bir yalanı bir neçə dəfə danışanda o həqiqət olmadığı kimi, yalançıların çoxluğu da onların yalanlarını həqiqət olaraq qəbul etməyə əsas və bəraət qazandırmır.
Amma biz indi Azərbaycanın bilərəkdən, məqsədli, düşünülmüş şəkildə məhkum edildiyi vəziyyətdən danışırıq. Su damcıları eyni yeri döyəclədikdə ən sərt qaya parçasını belə, dəlmək gücündədir. Yalan da belədir: əgər o bir ölkədə bu qədər təkrar edilirsə, dönə-dönə danışılırsa, kütlə necə onun əsirinə çevrilməsin? Yalandan necə ovsunlanmasın? Yalan onun beynini dəlib necə ağlına hakim olmasın? Yadıma dəyərli dostumuz Elmir Mirzoyevin hansısa yazısından yaddaşımda ilişib qalan sözlər düşür: “Təkrar həmişə magik təsir bağışlayır, hətta istənilən səfehliyi cəmi üç dəfə təkrar et, ən azı nəsə bir sehr yaranacaq”.
Yalanla bağlı da belədir.
Və indi biz məhz hər gün, yox, yox, hər gün nədir, hər saat, hər dəqiqə, hər saniyə təkrarlanan yalanların sehrinə düşən çoxluğun ölkəsində yaşayırıq. Yaşamırıq – sürünürük, sürünmürük – çürüyürük.
Sonuncu yalanımızı isə bu sürünmənin və çürümənin adını ömür qoyanda danışırıq?
Bir də onu taleyin işi, qəzavü-qədər, alın yazısı hesab edəndə!
***
Bəli, yalanlar ölkəsində yaşamaq əsla bir alın yazısı, tale işi deyil. Buna görə öz bəxtini söymək, taleyinə qarğımaq da cahillikdir.
Sizin ölkənizdə yalan hər yerdə, yalançılar isə başdadırsa, bunun məsuliyyəti, cavabdehliyi hər kəsin boynundadır. Kimin içində ictimai laqeydlik və sosial biganəlik, siyasi qafillik və mənəvi köləlik var, o, bu yalan imperiyasının iş ortağıdır. Onun ömrünü öz alabəzək yalanları ilə çürüdənlərin şərikidir. Bir növ özü özünün düşmənidir.
Kimsə yaxasını kənara çəkməsin: bu gün acı meyvələrini dərib daddığımız zülm ağacını birlikdə əkdik, becərdik, böyütdük.
Bu vəziyyətdən xilas yolu da ancaq biz özümüzük. Bizim ictimai ayıqlığımız, siyasi sayıqlığımız, mənəvi oyaqlığımızdır.
Odur ki, məsələyə tanrıları, mələkləri, cin-şeytanları, alın yazılarını, bəxt ulduzlarını qarışdırmayın. Lütfən! Yoxsa adam iyrənir.