Pozitiv olmaq çoxmu zor?

“Xəyallarını və röyalarını heç bir halda tərk etmə. Onları itirdiyin zaman varlığın davam edəcək, amma yaşamağa son vermiş olacaqsan”                   (Mark Tven)
 
Nə olur-olsun, insan zamanla öz pozitiv və ya neqativ düşüncələrinin təsiri altına düşür. Mühitin ötürdüyü neqativ enerciyə yüklənmədən  ideallarının və xəyallarının gerçəkləşməsi üçün inadla dirəniş göstərmək çətin işdir bəlkə. Amma uğur qazanmağın, böyük nəticələr əldə etməyin başqa yolu da yox. Yaxın günlərdə FB dostlarımızdan biri böyük öndər M.Ə. Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərini Ismayıllı “sürgünündə” nədən tələm-tələsik yazdığının bir sual olduğunu qeyd etmişdi. Doğrusu, həmin əsəri ilk dəfə əlimə alıb yazıldığı tarixə baxanda eyni sual mənim də ağlımdan keçmişdi. Çünki Rəsulzadənin bunu qələmə aldığı vaxt cümhuriyyətin süqutundan sonra onun həyatına ən çox təhlükə olan zamana təsadüf edirdi. Kitabı oxuduqdan sonra anladım ki, bu, çox ehtimal ki, onun təhlükəni yaxından hiss etməsi ilə bağlı olub. Şübhəsiz, həmin ağır zamanlarda o, həyatına hər an qəsd edilə biləcəyini anlamamış deyildi. Sualın cavabı da demək olar ki, tam şəkildə “Gəncliyə xitab”ın mətnində əksini tapıb. Bəli, əsas məqsəd “yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaradan” nəslin vəsiyyətini gələcək davamçı gəncliyə ötürmək idi: “Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”.  Rəsulzadə bu idealların zəfər çalacağına son nəfəsinə qədər inanmış və onun mübarizəsini aparmışdı. Və tarix də onu haqlı çıxardı…
Həyatda hər kəs Rəsulzadə ola bilməz, amma hər kəs öz gücü və imkanı daxilində mütləq mənada uğurla irəli gedə bilər. Hər kəs ətalət və neqativ düşüncə məngənəsindən çıxıb qazandıqları ilə ətrafına pozitiv enerji ötürə bilər. Belə pozitiv, enerjili, idealları və xəyalları olan insanlarla neqativ yüklü insanların müqayisəli tədqiqatını aparan bir psixoloq şahid olduğu bu əhvalatı anladır… Eyni iş üçün iki nəfər müraciət etmişdi. Onların hər ikisi təhsil və bilik göstəricilərinə görə tam eyni səviyyədə idi. Amma birinci bəri başdan özünə güvənmədiyi və uğursuz olacağını düşündüyü üçün qəbul edilmədi. O özü etiraf edir ki, müsahibədən bir həftə əvvəldən zehnini rədd ediləcəyi ilə bağlı mənfi düşüncələrlə doldurub. Müsahibə günü də yuxudan gec qalxıb. Geymək istədiyi köynəyin çirkli olduğunu görüb. O biri köynəyi də ütülü deyilmiş. Tələsik qırışıq köynəyi geyib çıxıb. Müsahibəyə də bu gərginliklə girib. Bir tərəfdən qırış köynəyini, o bir tərəfdən də qəbul edilməyəcəyini düşünüb təlaş keçirib. Üstəlik, nahar etməyə vaxt tapmadığı üçün suallara da güclə cavab verib. Ikinci adam isə sadəcə, tam əksini etdiyi, pozitiv düşündüyü, sabahkı görüşə axşamdan hazırlaşdığı, vaxtında yatıb, erkən qalxdığı, müsahibəyə də qazanma həyəcanı ilə girdiyi üçün uğurlu olub… 
Bu məqamları ruh düşkünlüyü içində əriyib gedən, “bu ölkədə heç nə dəyişməz” deyə-deyə çevrəsinə mənfi enerji ötürən, ayağını-ayağının üstünə aşırıb sehrbaz cinin şüşədən çıxacağını gözləyənlərə xatırlatmaq istədim. Onlara bir şey də xatırlatmaq istəyirəm. Arada siyasi məhbuslarımızın məhkəmələrinə gəlsinlər. Onda görəcəklər ki, bu insanlar dəmir barmaqlıqlar arxasında belə onlardan qat-qat pozitiv, inamlı və güclüdürlər. Hətta günahsız yerə ittiham olunduqlarını bilə-bilə…