Mübarizənin romantikası

Təəssüflər olsun ki, Azərbaycanda avtoritarizmin ömrünün uzanması ağsaqqalların məsləhətinə də təsir göstərdi.  Dəfələrlə olub ki, yaşca məndən böyük adamların “Cavan oğlansan, nə azadlıq, demokratiya salmısan. Özünə yazığın gəlsin, həyatını yaşa, gəz, əylən. Gəncliyin dadını çıxart, romantik ol” məsləhitinə məruz qalmışam. Bəli, mən belə məsləhətləri “məruz qalmaq” kimi qiymətləndirirəm. Bu adamlar elə bilirlər ki, azadlıq və demokratiya qocalar üçün nəzərdə tutulub. Cavanlar isə, yalnız şit-şit hərəkətlər etməli, günün nəbzini tutaraq, yaltaqlıq, saxtakarlıq, yalanla məşğul olmalıdır. Guya, başını aşağı salıb, qul kimi gəzmək, romantikadır. Guya, yalana əl çalmaq, yalançıya mədhiyyə oxumaq əyləncədir. 
Guya, zülmət saçan ziyalının, şərə çətir tutan millət vəkilinin mövqeyini dəstəkləmək, həyatın dadını çıxarmaqdır. 
Hakimiyyət haqasızlığa etiraz edənləri, zülmlə mübarizə aparanları elə təqdim edib ki, sanki bu adamların hissi. duyğusu, sevgisi yoxdur. Sanki, bu gün şərlənərək həbs olunmuş insanlar istirahətdən, bir qadına məhəbbətdən, romantik görüşlərdən imtina etmişlərdi.  
Bəlkə də bu haqda yazmazdım. Amma 14 fevralın “Sevgililər günü” kimi qeyd edilməsi və insanların bu gün romantik hisslərə bürünməsi, bir neçə kəlmə yazmağa səbəb oldu.
Əvvəla, “məsləhət komandası”na bildirmək istəyirəm ki,  yalanla ayaqlaşmağa çalışan, talanla razılaşan, saxtakarlıqla barışan insanın romantikası ola bilməz.  Bəli, məhkəmədə vicdanlı bir vətəndaşın üzünə duran, küçədə ləyaqətli bir ziyalının cibinə narkotika atan adamın romantik duyğuları mövcud deyildi. Belə adamların sevgi anlayışı yalnız heyvani şəhvətdən ibarət ola bilər.
Əsl romantiklər isə mübarizə adamlarıdı. Bəlkə də idealizm, ən böyük romantizmdir. Romantizm, rəng kimidir. Bəlkə də romantizmin ən tünd rəngi reallıqdır. Bəli, mübarizə insanları reallığa aparacaq romantizmin təcəssümüdür. 
Cəhalətlə, səfalətlə, yalanla mübarizə aparmaqdan böyük romantizm ola bilərmi? Romantik olmaq yalnız “Sevgililər günü” qadına gül dəstəsi almaqdan ibarət deyil. Həm də o qadının bütün günlərini ətirli etmək üçün çalışmaqdan ibarətdir. Sevdiklərinizə azad, demokratik, hüquqi bir ölkə hədiyyə etməkdən böyük romantizm yoxdur. Seymur Həzilərin, Xədicə Ismayılların, Intiqam Əliyevlərin qollarındakı qandal, romantikadır. Çünki, onların qollarındakı qandalın səbəbi, hamının sevib, sevilə biləcəyi Azərbaycan qurmaq istəyidir. 
Mübarizə insanları real məqsədlərlə silahlanmış romantiklərdi. Mənim üçün minlərlə gəncin Azərbaycan bayrağına bürünüb “Azadlıq” deməsindən böyük romantika yoxdur. Əgər tarixə nəzər salsaq görərik ki, ən möhtəşəm məhəbbət hekayələri cəngavərlərin, qəhrəmanların adı ilə bağlıdır. 
Fərhad Bisitun dağını yara bildi. Onun bu çətin işi reallaşdıra bilməsinin səbəbi romantikası idi. Ona görə də  “müdrik” məsləhətlər verməzdən əvvəl, düşünmək lazımdır.
Dövlətin və millətin maraqları naminə mübarizə aparanlar, elə bu maraqlar naminə də zahiri romantikalarına məhdudiyyət qoyublar. Yəni, ölkədəki korrupsiyaya, ədalətsizliyə etiraz edən gənclər də həyatlarını çayxanalarda domino oynamağa, barda rəqs etməyə həsr edə bilərlər. Amma belə həyat tərzi gəncliyin və romantikanın göstəricisi deyil. Bu müvəqqəti əyləncədir. Əsas odur ki, həmin gəncin gələcəyi üçün təminat olsun, sevdiyi qadını xoşbəxt yaşatmaq üçün seçim imkanları olsun, əsas odur ki, gənclər arxalarında xalqa xidmət etmək missiyasını üzərinə götürmüş hakimiyyət görsünlər.
Bir sözlə, mübarizənin öz romantikası var. Bu romantika  istədiyi reallığa qovuşanda bütün cəmiyyətin duyğulanması təmin olunur. Amma bir reallıq da var ki, mübarizə sevgisini daşımağa hər ürəyin gücü çatmır.