Azərbaycan hakimiyyəti ənənəsinə və siyasi taktikasına sadiq qalaraq vətəndaş cəmiyyəti fəallarını susdurmaq, fərqli fikirliliyi məhv etmək üçün repressiyaları, qanunsuz həbsləri və təqibləri davam etdirir. Əliyevlər ailəsinin və digər yüksək vəzifəli şəxslərin qanunsuz biznes şəbəkəsini ifşa etdiyinə görə həbs edilən tanınmış- araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı hakimiyyətin Cinayət məcəlləsinin “özünü intihar həddinə çatdırma” maddəsi ilə ortaya atdığı şousu iflasa ugradığına görə yeni uydurma ittihamlar irəli sürülüb. Xanım jurnalistə qarşı CM-in 179.3.2 (mənimsəmə və israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən istifadə olmaqla ) maddələrlə ittham elan olunub. İttihamlar “Azadlıq” radiosunun fəaliyyəti haqqında 15 yanvar 2015-ci il tarixli vergi aktı əsasında irəli sürülüb. Xədicə İsmayılın həbsini azad sözün boğulması və qisasçılıq kimi qiymətləndirən Milli Şura ona qarşı irəli sürülən bu ittihamları da absurd və cəfəngiyat hesab edir.
Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) Mingəçevir şəhər şöbəsinin keçmiş sədri, ictimai fəal Qadir Xudabaxşıyev DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə əməliyyatı nəticəsində şərlənərək həbs edilib. Qadir Xudabaxşıyev AXCP-nin Mingəçevir təşkilatının fəallarından olmaqla həm də Qarabağ qazisidir. Hakimiyyətin hədəfində olan ictimai fəallar bir çox hallarda narkotik maddələr saxlamaqda şərlənib həbs edilir. Görünür Qadir Xudabaxşıyev müharibə veteranı olduğu üçün onun üzərindən silah götürməyi “münasib” biliblər. Əldə olunan məlumatlara görə siyasi fəallığına görə xeyli vaxtdır hədəfdə olan Q. Xudabaxşıyev dəfələrlə şəhər polisinə çağrılaraq xəbərdarlıq edilib. Milli Şura Qadir Xudabaxşıyevin şərlənərək həbs edilməsini hakimiyyətin müxalif düşərgəyə, AXCP- yə qarşı apardığı repressiya və həbslərin davamı hesab edir.
Musavat partiyasının sabiq üzvü, ictimai fəal Əlövsət Sadıqlı və onun oğlu Elgiz Sadıqlı 13 fevral 2015- ci ildə Sabunçu rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Polisə müqavimət göstərməkdə ittiham olunan Əlövsət bəy ertəsi gün məhkəmənin qərarı ilə sərbəst buraxılsa da, onun oğlu Elgiz külli miqdarda narkotika saxlamaqda ittiham olunaraq (CM- nin 234.1- ci maddəsi) cinayət məsuliyyətinə cəlb edilib. Milli Şura hesab edir ki, Əlövsət Sadıqlının polis tərəfindən saxlanması və onun oğlu Elgizin həbsi hakimiyyətin ictimai fəallara qarşı apardığı təqib və repressiyaların tərkib hissəsidir. Bu həbs siyasi sifariş olmaqla Əlövsət Sadıqlının digər oğlu mühacir fəal, Avropa Demokratiyaya Dəstək Alyansının sədri Tural Sadıqlının İlham Əliyevin Almaniyaya səfəri ərəfəsində 21 yanvar 2015- ci ildə Berlində keçirilən etiraz aksiyasında iştirakına hakimiyyətin adekvat cavabıdır.
Son həbslər və repressiyalar çox maraqlıdır ki, “hakimiyyətin bir qrup müxalifət lideri ilə görüş” hadisəsi ərəfəsində baş verir. Bu həbslər və repressiyalar bir daha göstərir ki, hakimiyyətin dialoq çağırışları imitasiyadan, cəmiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil.
Milli Şura bir daha ictimai siyasi fəallara qarşı hakimiyyətin həyata keçirdiyi repressiyaları, qanunsuz həbsləri qətiyyətlə pisləyir, bu siyasətin dayandırılmasını və həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azad olunmasını tələb edir.


