Lamiyənin və bizim faciəmiz

Aslan İsmayılov             
  

Lamiyə faciəsində biçilməmiş don, verilməmiş qiymət, günahlandırılmamış obyekt qalmadı. Vəzifəli şəxsin qulluq mövqeyi, qisas məqsədi, pozğun insanların bir gəncin həyatına qəsdi, klanlar arası müharibə və sadalamadığım bir çox hallar cinayətin törədilmə səbəbi kimi dəyərləndirildi. Hadisə barədə heç bir məlumatım olmadığından, tanışlıq üçün imkanım çərçivəsində bu işlə bağlı hökmləri, qərarları toplayır, cinayət işlərində iştirak etmiş vəkillər və digər şəxslərlə görüşür, danışırdım. Heç cür yazını başlaya bilmirdim. Nəhayət ANS-in “Hesabat” verilişində Mirşahinin dili ilə bu işin gündəmdə olmasının xarici qüvvələrin Azərbaycan Prezidentinə qəsdi kimi dəyərləndirilməsi, sonradan isə rəsmilərin səsləndirdiyi “məktubla cəzaçəkmə müəssisəsinə göndərilmiş mayedən (sperma) uşağın dünyaya gətirilməsi” bəyanatı məni baş verənlərlə bağlı geniş yazı yazmağımda qərarlaşdırdı.
 
Baş vermiş hadisə Lamiyə, Vüqar və onların qohum əqrabasının yox, bütün Azərbaycan xalqının faciəsidir. Əlbəttə, baş vermiş və verməkdə davam edən hər bir hadisəni qələmə alsam həcm etibarı ilə M.S.Ordubadinin “Qılınc və qələm”, L.Tolstoyun “Hərb və sülh” romanlarından böyük, mənəvi psixoloji baxımdan Fyodor Dostayevskinin “Cinayət və cəza” əsərindən  maraqlı olar. Əminəm ki, yazılı ədəbiyyatın əhəmiyyətini dərk edən bir istedadlı insan nə vaxtsa bu mövzu barədə elə sadaladığım əsərləri kölgədə qoyacaq bir ədəbiyyat incisi yaradacaq. Mən isə qısa şəkildə bu olaydan çıxardığım nəticələr barədə öz fikirlərimi Sizlə bölüşəcəm.
 
Mirşahinin prizmasından baxsaq baş verənlər cəmiyyətimizin, onun dediyi kimi, “seksual çatışmamazlığı” yox, “vicdan çatışmamazlığıdır”. Əgər belə olmasa idi kimsəsiz bir qız uşağı o cür faciələr yaşamazdı. Lamiyənin başına gətirilən müsibətləri kənarda qoyub, Ombudsman başda olmaqla, qapı dəliyindən, onun məhbəsdə dünyaya gətirdiyi uşağının atasını axtaranlara, uşağın məktubla məhbəsə göndərilmiş spermadan əmələ gəlməsini əsaslandırmağa çalışanlara, onu ittiham etməyə cəhd edənlərə “indi mən məhbəsdə analıq ömrümü yaşayıram. Məhbəsdə analıq amansız taledir. Bundan sonra bu taleni uşaqla yaşamalıyam. Xahiş edirəm, bütün bunlara görə məni qınamayın və mühakimə etməyin”  deməsi isə bütün cəmiyyətə tərsinə vurulmuş şapalaqdır. Bundan hamı utanmalı və nəticə çıxarmalıdır. Zənnimcə Lamiyənin faciəsi cəmiyyətimizə bir neçə önəmli dərs verdi. İmkan çərçivəsində bir neçəsini sadalayacam.
 
Birinci və ən əsas nəticə!
 
Lamiyə faciəsi bir daha insanlara, xüsusən, vəzifədə olub at oynadanlara, pulun gücünə hər şeyin həll olunacağına inananlara göstərdi ki, haqqı nahaqqa verməyin, ədalətsiz olmayın, etdiyiniz haqsızlıqlardan sizi nə vəzifə, nə pul qorumayacaq. Pulla, vəzifəylə vicdansız müstəntiqləri, prokurorları, hakimləri satın alıb, etdiyiniz haqsızlıqlara görə məsuliyyətdən yayınsanız da, Uca Allahın ədalət məhkəməsindən qaçmaq mümkün deyil. Özü də Uca Allahın ədalət mühakiməsi sizi ən uyğun olmayan məqamda yaxalayacaq. İndi isə yazdıqlarımı konkret hallarla göstərim.
 
Yazımın əvvəlində bir neçə məqamı xüsusi qeyd etmək istəyirəm. Heç kimə, o cümlədən, mənə qatı düşmən olan şəxslərə belə (əgər beləsi varsa) bala faciəsi arzulamaram və yazılarda qətlə yetirilmiş bir gəncin haqqında xoşagəlməz ifadələrin əleyhinəyəm. Ən pis hərəkətlərində belə Ruslanı günahlandırmıram. Ruslanın nə yaşı, nə həyat təcrübəsi etdiklərini tam anlamağa imkan vermirdi. Baş verənlərin hamısı birinci növbədə onun öz faciəsi idi və sonda da buna öz həyatı ilə cavab verdi. Günahkar ona o tərbiyəni verənlər, onun rayondakı qeyri-məhdud imkanlarından yararlanmaq üçün ona yarınanlar və birinci növbədə onun qanunsuz hərəkətlərinə dəstək verən hüquq mühafizə orqanlarıdır. Yeri gəlmişkən qeyd edim ki, məmur, varlı övladlarına olan nifrət, bəzi hallarda qərəzli münasibətin qəti əleyhinəyəm və bunu ölkəmin gələcəyi üçün çox ziyanlı, ədalətsiz hesab edirəm.  Bu olaylarda bütün günahları tək Aslan Aslanovda görənlərlə, bu gün onun „vurulmuş“ vəziyyətindən istifadə edib onunla haqq hesab çəkmək istəyənlərlə də razı deyiləm. Oğlu qətlə yetirildikdən sonra isə onun etdiyi çoxlu sayda qanunsuzluğu, amansızlığı, qisasçılığı qismən anlamaq da olar. Mənim üçün baş vermiş bu vəhşiliklərdə əsas günahkar o deyil. Axı o, “qubernator” səlahiyyətlərinə malik olsa da, sadəcə Şəmkir Rayonunun İcra Başçısı olmuşdur. Çox sadalamıram, həmin rayonun prokuroru, polis rəisi, Azərbaycan Respublikasının Baş Prokuroru, Daxili İşlər Naziri o qanunsuzluq edəndə harada idilər? Bu gün isə A.Aslanovun vəzifədə olmadığı dönəmdə, onu ifşa etməyə növbədə duranları isə „gəmidən qaçan siçovullar“la müqayisə edirəm. Axı həmin hadisələr baş verəndə bu olaylara aidiyyatı olan, olmayan, bu gün onu ifşa etməyə növbəyə duran bütün vəzifəli şəxslər A.Aslanova yarınmaq, ondan bu və ya digər şəkildə bəhrələnmək üçün Lamiyənin, Vüqarın qohum əqrabasını tutmağa, şərləməyə növbəyə durmuşdular. “O gün mən məzuniyyətdə olmuşdum, baş verənlərə müdaxilə edə bilməzdim” deyən, rayon prokurorunu saymayan, həmin hadisələr zamanı polis rəisi olmuş birisi utanmadan yaxasını kənara çəkir, satqınlıq edib öz cinayətlərini prokurorluq, məhkəmə orqanlarının üstünə atır, qanunu yada salıb həbs, polisə gətirmək üçün məhkəmə qərarlarından söhbət salır. Məhz həmin bu birisi, A.Aslanova yarınmaq üçün istirahətini yarımçıq qoyub polis rəisi vəzifəsi başına qayıdır və heç bir sənədsiz onlarla insanı kişi, qadın, qoca, yeniyetmə olmasına baxmayaraq, Ruslana zəng etmiş hər kəsi, o cümlədən camaatın qızını, bacısını, gəlinini, anasını heç bir əsas olmadan polis binasına doldurmuşdu. Hələ fürsətdən istifadə edib həmin hadisələrə aidiyyatı olmayan neçə-neçə insanın “qulağını kəsməsi”ni demirəm. Hələ çoxlu belə fürsətçilər görəcəyik. Bütün bu fürsətçilərin bir balaca vicdanı, cəsarəti olsa idi A.Aslanov icra başçısı, Müdafiə Naziri Səfər Əbiyevlə “çaşka-loşka” olarkən ona heç olmasa, bircə dəfə, “bunu etmə, qanunsuzdur”, yaxud, “Allaha ağır gələr” deyərdilər. Əksinə, “saç gətir” deyəndə baş aparıblar. Buna görə də neçələri onun xeyir-duası ilə vəzifə, pul sahibi olublar. O zamanlar Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini olmuş, hal-hazırda Ali məhkəmənin sədri işləyən, bu gün özü verdiyi qərarları ləğv etməyə canfəşanlıq göstərən R.Rzayev işini gücünü atıb A.Aslanovun yanında oturmuşdu, ona yarınmaq üçün xüsusi əzmlə həbsdə olan, tam müdafiəsiz qalmış Vüqara əzələ nümayiş etdirir, hədə-qorxu gəlirdi. Bu və digər oxşar olaylarda R.Rzayevin rolundan ətraflı yazacağımdan hələlik bununla kifayətlənirəm.
 
İndi isə qısa da olsa Uca Allahın ədalət məhkəməsi qarşısında dayanmış A.Aslanovun haqsızlıqları barədə xatırladım. Yenə qeyd edirəm ki, onun törətdiyi qanunsuzluqlarda günah, ondan da çox, vəzifə borcu həmin qanunsuzluqların qarşısını almaq olanlardadır. A.Aslanov Şəmkir Rayon İcra Başçısı işləyərkən bir ucu Gəncə, duracağı Gürcüstana qədər olan ərazidə çoxlu evlər yıxmasını hamı bilir. Mülki sahədəki fəaliyyəti geniş məlum olduğundan, hərbi sahədəki, bildiyim bir neçə halı diqqətinizə çatdırım. Həmin zonada korpus komandiri işləyən polkovnik İsa Sadıqovu yəqin ki, çoxları tanıyır. Onu vəzifəsindən kənarlaşdıran, yaşlı valideynlərinə divan tutduran, İ. Sadıqovun özünün 3 il günə gün həbsdə yatmasını təşkil edən məhz A.Aslanov olmuşdu. Məhz onun əlindən İsa Sadıqov Vətənindən didərgin düşdü. Səbəbi isə İsanın ləyaqətini qoruması, peşakar hərbçi olması, vəzifəsini layiqincə yerinə yetirməsi, S.Əbiyev kimi A.Aslanovun dedikləri ilə oturub-durmaması olmuşdu. İsadan sonra onu əvəz etmiş, qanlı Qarabağ döyüşlərində igidlik göstərmiş, Füzuli döyüşlərində bir neçə kəndi erməni hərbi birləşmələrindən azad etmiş, göstərdiyi şücaətlərə görə Dövlət tərəfindən mükafatlandırılmış, hərbçilərin sevimlisi, hərb sahəsində kitab müəllifi olan peşakar hərbçi polkovnik Şair Ramaldanov da məhz A.Aslanovun təkidi ilə işindən kənarlaşdırılaraq bacarığına uyğun olmayan vəzifəyə göndərilmişdir. Hərb sahəsinə heç bir aidiyyatı olmayan A.Aslanovun öz kirvəsi, Azərbaycan Respublikasının hərb sistemini pis günə qoyan, Müdafiə Naziri S.Əbiyevin əli ilə həyatları məhv edilmiş peşakar hərbiçilərin siyahısını uzatmaq da olar.
 
A.Aslanovun etdiyi haqsızlıqlara Azərbaycan hüquq sistemi nəinki göz yumur, əksinə bundan öz şəxsi mənfəətləri üçün faydalanırlar. O heç Allahdan da qorxmur və onun qəzəbinə tuş gəlir. Balasını itirmiş A.Aslanov özünü həm Dövlət, həm də Allah sayır. Zülm ərşə dayanır. A.Aslanov oğlunu qətlə yetirmiş Lamiyə və Vüqarın özlərini, ata analarını, qohum-əqrabalarını həbs etdirir, cinayətin motivini dəyişdirir, əmlaklarını yerlə yeksan etdirir. Vüqar, qanunsuz olaraq elə əvvəldən ömürlük həbsə məhkum edilir, Lamiyəyə 10 il həbs cəzası verilsə də, uydurma hökmlərlə həbsdə qalmaqda davam edir. Yəqin çoxları artıq hər şeyin bitdiyini zənn edir. Allahın varlığına, onun ədalət məhkəməsinin hökmünə və qətiliyinə şübhə edir. Ancaq elə olmur. A.Aslanov və S.Əbiyev vəzifələrindən azad olunur, Lamiyə həbsdə ola-ola dünyaya uşaq gətirir və hər şey daha amansız şəkildə yenidən başlayır. Bu dəfə isə hadisələr tam əksinə baş verir, A.Aslanov və onun havadarlarının əleyhinə, Lamiyənin və Vüqarın xeyrinə. Çoxları hadisənin gündəmi zəbt etməsini kimlərinsə təşkil etməsi, Mirşahin isə daha uzağa gedərək xarici qüvvələrin Prezidentin əleyhinə yönəlmiş əməli kimi dəyərləndirirlər. Yalnış fikirdir. Əminəm ki, Lamiyə uşağı 3 il əvvəl, yaxud 3 il sonra dünyaya gətirsəydi heç nə olmayacaqdı. Yazımın başlanğıcında da qeyd etmişdim ki, uca Allahın mühakiməsi insanları onlara ən uyğun olmayan məqamda yaxalayır. Bu hadisədəki kimi. Məhz indi, A.Aslanov üçün ən uyğun olmayan məqamdır. Həm özü, həm də dayağı olan S.Əbiyev vəzifədən kənarlaşdırılıb, insanların qanı hesabına, yığdıqları var-dövlətə özləri kimi göz dikənlər, onları yüngülləşdirmək üçün hazır vəziyyətdədirlər (nəzərə alsaq ki, məhz bu günlərdə neftin qiymətinin kəskin düşməsi milyonlara öyrənmişlərin gəlirlərini xeyli azaldıb, bu hiss onlarda indi daha qabarıq formadadır), hadisədə zərərçəkənlərin yaddaşları hələ ki, heç nəyi unutmayıb, ölkədəki iqtisadi çətinliklər onsuz da hakimiyyəti yığılmış narazılıq enerjisini hara isə yönləndirməyə məcbur edir və sair və i.a. A.Aslanov etdikləri haqsızlıqların cavabını bu dəfə başqa bir formada verir (bu günə qədər mətbuatda yazılanlar ölümdən də betərdir) və verəcək.
 
Ona görə, təkrarlanmaq olmasın, amma haqsızlıq edənlər, xüsusilə, vəzifə, pul sahibləri, bunun hesabına hər etdikləri haqsızlıqları ört-basdır edəcəklərindən əmin olanlar bu olaydan nəticə çıxarmalıdırlar. Aslan Aslanovun bu günkü vəziyyəti onları da gözləyir. Mənim üçün bu işlə bağlı çıxarılacaq ən vacib nəticə budur.
 
Sual oluna bilər, məgər 20 yaşlı Vüsal Şilderin ancaq bir vəzifəli məmurun qızını sevdiyinə görə günün günorta çağı həmin məmurun sifarişi ilə qanına qəltan edilib öldürülməsi bundan az faciə idimi? A.Aslanovun faciəsi, oğlunun qəbrinin üstündə fəryad qoparan, Mətanət xanımın faciəsindən nə ilə fərqlənirdi? Niyə həmin cinayəti sifariş verən məmur iş başında, icra etdirən kürəkəni Dubayda kef çəkməkdə davam edir? Burada da tələsməyin, səbrli olun, satqın prokurorların, hakimlərin qərarlarını yox, Uca Allahın ədalət məhkəməsini gözləyin, çünki yaşadığımız ölkədə idarəetmə üsulu belədir.
 
İkinci nəticə – biz hər birimiz mövcud idarəetmə üsulunda müdafiəsizik.
 
Təxminən son 20 günü bütün ölkəni çalxalayan hadisənin kökündə şəxsi zəmində bir şəxsin öldürülməsi durur. Belə ölüm hadisəsi Azərbaycanda hər gün baş verir. Bəs nədən bu qədər müzakirə, yazılar, müsahibələr, ittihamlar? Sadəcə, burada zəlzələdə olan kimi narazılıq dalğaları üst-üstə düşdü.
 
Bu qətl hadisəsində isə narazılıq doğurası çox haqsızlıqlar olmuşdu. Hadisənin necə baş verdiyini bildiklərindən polis, prokurorluq işçiləri və hakimlər bu qanunsuzluqları bilə-bilə, vicdansızcasına, Allahı tanımadan etmişdilər. Vəkillərdən biri iş üzrə (qətl hadisəsi ilə bağlı olan) əməliyyatçıların, müstəntiqlərin, hakimlərin onların da pul alıb, əvəzində susmalarını təklif etdiklərini və çoxlarının da bu alçaqlığa getdiklərini şəxsən mənə bildirib. Şəxsi zəmində törədilən cinayət işi, guya A.Aslanovun vəzifəsi ilə bağlı olması yönündə saxtalaşdırıldı. Vüqarın atasının guya Şəmkir İcra Hakimiyyətinin binasında A.Aslanova hədə-qorxu gəlməsini, qanunsuz torpağının rəsmiləşdirməsini tələb etməsini saxta sənədlərlə, vicdanını satmış şahid ifadələri ilə sənədləşdirdilər. Bilə-bilə Lamiyənin zorlanmasını xalası oğlunun boynuna qoydular,  Lamiyənin tək doğması olan anasını, Vüqarın anasını, atasını, xalalarını, digər qohumlarını heç bir əsas olmadan həbsə atdılar. Azərbaycanda polis, prokurorluq, məhkəmələr ola-ola, ancaq Avropa Şurasının müdaxiləsindən sonra bir çoxlarını azad etdilər. Avropa Şurasını ona görə vurğuladım ki, Strasburqda Andreas Qrossun bildiklərini, Bakıda ölkənin Prezident Aparatı, Milli Məclisi, Baş Prokuroru, Daxili İşlər Naziri, Ombudsmanı bilməmiş olmazdı. Həmin hadisələrdə Vüqara, Lamiyəyə və digər həbs edilmişlərə verilmiş işgəncələri oxuduqca insan dəhşətə gəlir. Doğrudanmı həmin vəhşilikləri törətmişlər insandırlar?! Hətta vəhşi heyvanlarda da belə haqsızlıq, amansızlıq görməmişəm.
 
Mənə, keçmişdə hakim olmuş biri kimi, həm də qanuna görə hər birimizin haqqımızın qorunmasında son instansiya olan məhkəmələrin rolu daha təhlükəli göründü. Elə burada qeyd edim ki, Lamiyə və Vüqarın haqqındakı saxta ittiham aktını imzalayan, o dövr Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini olmuş R.Rzayev, ondan əvvəl Azərbaycan Respublikası Hərbi prokuroru vəzifəsini tutmuşdur. Yəni, A.Aslanovun qətlə yetirilmiş oğlunun kirvəsi S.Əbiyev Müdafiə Naziri işləyən dövrdə R.Rzayev Hərbi Prokuror olmuşdur. Ölkədəki subardinasiyadan xəbərdar olanlar çox yaxşı bilirlər ki, əgər onların münasibəti pis olsa idi, heç vaxt R.Rzayev Hərbi Prokuror vəzifəsində qala bilməzdi. Bu gün həmin R.Rzayev məhkəmə sisteminin başında dayanır və xüsusi tapşırıqları bütün məhkəmələrə, o cümlədən, apellyasiya məhkəmələrinə də məhz o verir. Bizim müdafiəsizliyimizin əsas günahkarlarından biri olan məhkəmələrə bu yazımda xüsusi önəm vermək fikrindəyəm. Həmin qətl işinə baxmış hakimlərin hər üçünü yaxşı tanıyıram və peşakarlıqlarına şübhəm yoxdur. Ola bilməz ki, onlar verilmiş ittihamın saxta olmasını görməyəydilər. Şahidlərin yalan ifadələrini demirəm, axı Vüqarın atası torpağın ona Rayon İslahat Komissiyası tərəfindən, qanuna uyğun olaraq verildiyini təsdiq edən sənədləri məhkəmə iclasında az qala onların gözünə soxaraq təqdim etmişdir. Çoxlu sayda şahidlər məhkəmə iclasında hadisənin həqiqətən nə üstündə baş verdiyini ifadələrində dönə-dönə təkrarlamışlar. Tutaq ki, elan olunmuş ittiham düz olub. Nəyin əsasında bir nəfərin ölümünə görə əvvəllər məhkum olunmamış, hansısa cinayətin törədilməsində şübhəli bilinməmiş Vüqara ömürlük həbs cəzası vermişlər? Axı məhkəmə praktikasında belə hal olmayıb. Yenə qayıdıram Vüsal Şilderin qətlə yetirilməsinə. Bu işə xüsusi diqqət ayırmağımın müqayisə etməkdən başqa səbəbi də var. Belə ki, həmin işlə bağlı Vüsal Şilderin anası Mətanət xanım vəkil kimi mənimlə müqavilə bağlayanda, bu işə çıxmaqda bəzi vəkillərin qorxduğunu, bəzilərinin isə qarşı tərəfə satıldıqlarını xüsusi vurğulamış və mənə inandığını bildirmişdi. Uzun müddət vicdanla vəkillik etsəm də, heç nəyə nail ola bilmədim… Qanunsuzluğun baş alıb getdiyini, mənim isə heç nə edə bilmədiyimi görən Mətanət xanım məni Tariyel Ağayevə satılmaqda suçladı. Bu həmin məqamda oldu ki, mənim vəkilliklə bağlı işimə Ali məhkəmədə baxılacaqdı. Həmin işə Ali məhkəmə baxdı və Apellyasiya məhkəməsinin qərarını ləğv edib işi yeni baxışa qaytardı. Məhz bu məqamda məni tanıyan bir hakim tərəfindən Tariyel Ağayevin adından təklif olundu ki, bu işdən çəkil səni vəkilliyə bərpa etsinlər. Qətiyyətlə rədd etdim. Sonradan Apellyasiya məhkəməsi yenidən vəkillikdən xaric olunmağımla bağlı qərar çıxardı və R.Rzayevin başçılıq etdiyi məhkəmə həmin qərarı qüvvədə saxladı. Mətanət xanımın ittihamı məni o qədər sarsıtdı ki, heç bu hadisəni ona demədim və bu gün də onun bundan xəbəri yoxdur. Vüsal Şilderin qətlində əsas günahkarlar cəzasız qaldı. Qətli həyata keçirmiş iki nəfərdən birinə 2 il, digərinə isə 15 il azadlıqdan məhrumetmə cəzası verildi. 15 il azadlıqdan məhrum edilmiş şəxs əvvəllər 2 dəfə insanlara bıçaqla ağır xəsarət yetirdiyinə görə məhkum olunmuşdu. Bu tip nümunələri onlarla sadalamaq olar.
 
Ən böyük qanunsuzluğun və əxlaqsızlığın biri də 1 sentyabr 2003-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon məhkəməsi tərəfindən çıxarılmış hökmlə baş vermişdir. Həmin hökmlə cinayətin motivinin dəyişdirilməsi, Lamiyənin yüngül təbiətli olmasını vurğulamaq üçün onun zorlanması xalası oğlu Yusibov Farizin boynuna qoyulmuş və o 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
 
Lamiyənin təyin olunmuş cəza müddətinin bitməsinə az qalmış onun haqqında yeni cinayət işi başlanır. Bu günlərdə Bakı Apellyasiya məhkəməsində prokurorluğun, Lamiyəyə təyin olunmuş cəzanın ağırlığından verilmiş protest əsasında baxılan bu işə xüsusi diqqət yetirmənizi xahiş edirəm. Fevralın 13-ü Bakı Apellyasiya məhkəməsində Lamiyənin əlində körpə uşağı ilə baxılan işdə iştirak etdim və gördüyüm o oldu ki, bu məhkəmə də işə obyektiv və ədalətli baxmaq fikrində deyil. Çünki, məhkəmə iclasında Lamiyənin vəkili Fəxrəddin Mehdiyevin məhkəmə baxışının qismən istintaqla aparılması, onun haqqındakı qətimkan tədbirinin dəyişdirilməsi barədəki vəsatətləri rədd edildi. Qətimkan tədbiri ilə bağlı vəsatət vicdan məsələsi və hakimin seçimi olduğundan mübahisələndirmirəm. Ancaq iş materiallarını demirəm, ittiham aktı və hökmlə tanış olmuş hakim, işdəki saxtakarlıqları görməli və hökmən məhkəmə baxışının istintaqla aparılması ilə keçirilməsi barədəki vəsatəti təmin etməli idi.
 
İttiham aktını 30 iyun 2010-cu ildə təsdiq etmiş prokuror Yusif  İldırımzadə əvvəllər müstəntiq işləmiş, 30 ilə yaxındır ki, Bakı rayonlarında prokuror işləyir. Yəni, kifayət qədər təcrübəli işçidir.
 
İttiham aktında göstərilir ki, Lamiyə çəzaçəkmə müəssisəsində ayaqyolunda siqarət çəkərkən nəzarətçi işləyən A.Ağayevə qapını açıb ona irad bildirdikdə, Lamiyə mübahisə edib, onu təhqir etmişdir. Sonra, Lamiyə A.Ağayevanın arxasınca nəzarətçi otağına gəlmiş, qanunsuz əməllərini davam etdirmiş, onu yenidən təhqir etmiş, qaz plitəsinin üstündəki, içərisində qaynar su olan çaydanı Ağayevaya tərəf atmış, çaydanın ona dəymədiyini görüb ikinci çaydanı də götürüb ona tərəf atmış, ictimai vəzifəsini yerinə yetirən Ağayevanın sağlamlığına zərər vurmayan xəsarət yetirərək, həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmişdir. İstintaq orqanı tibbi rəy almışdır ki, “Ağayevanın sol budunun aşağı hissəsində küt əşya ilə yetirilmiş qançır, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur, istintaqın verdiyi vaxta və qərarda təsvir olunmuş şəraitə uyğundur.” Zərərçəkmiş Ağayevə ifadəsində ittiham aktında təsvir olunanları göstərir və əlavə edir ki, “Lamiyə içərisi qaynar su ilə dolu olan çayniki götürüb var gücü ilə ona tərəf atmış, o kənara çəkilsə də qaynar suyun bir qismi onun baş nahiyyəsinə tökülmüşdür. Daha sonra Lamiyə ikinci çayniki də götürüb ona tərəf atmış, çaynikdə olan qaynar su onun üzərinə tökülmüş, çaynik isə divara dəyib yerə düşəndə onun sol buduna dəymişdir”. Nəzarətçi şahidlər də eyni ifadəni vermişlər. Lamiyə isə izah edir ki, o ayaqyolunda olarkən Ağayevə başını içəri soxaraq burada nə etdiyini soruşmuş, o isə “burada nə edərlər” demişdir. Sonra o nəzarətçi otağına gəlmiş, “utanmırsan, ayaqyoluna gəlib mənə baxırsan” deyə irad  bildirmiş, Ağayevə isə “nə durmusan orada, gəl məni vur demişdir”.  Hirsindən sobanın üstündəki çaynikləri divara çırpmışdır. İmkanı olsa da çaynikləri Ağayevanın üstünə atmamışdır. Buna görə də nəzarətçilər onu dərhal cərimə təcridxanasına aparmışlar. Cəzaçəkmə yerlərində Lamiyənin və digər məhkumların başlarına hansı müsibətlərin gətirilməsi barədə sonra daha ətraflı yazacağam. İndi isə Lamiyə ilə bağlı bu günlərdə onun anası Kifayət xanımla olan söhbətimin bir hissəsini diqqətinizə çatdırım. Kifayət xanıma zəng edib baş verənləri soruşduqda sadəcə Lamiyənin biləklərindəki kəsiklərə baxmağı məsləhət bildi. Bu günlərdə də danışmaqdan qorxurdu. Kəsiklərin hansı səbəbdən olduğunu soruşduqda isə bildirdi, “ona çəzaçəkmə müəssisəsində elə işgəncələr verirdilər ki, dəfələrlə özünü öldürmək istəmişdi”. Yuxarıda təsvir etdiyim cinayət işinin halları artıq istintaq orqanının tərtib etdiyi sənədlərlə Lamiyəyə qarşı olan münasibəti göstərir. Lamiyəyə təqib olunmasa, təxribatlara çəkilməsə onun tualetdə (bəllidir nə üçün) olduğu halda qapını açıb burnunu ora soxmaz, Lamiyə nəzarətçi otağına gəldikdə isə onu təxribata çəkməzdilər. Bunlar hamısı bir yana. Lamiyənin haqqındakı cinayət işi onun Ağayevaya yetirdiyi xəsarətlə bağlıdır. İndi isə xəsarətin yetirilmə mexanizminə baxaq. Ekspertiza, istintaq, prokuror və məhkəmə qərara gəlirlər ki, Lamiyə içi qaynar su ilə dolu çaydanı divara çırpmış, Ağayevanın kənara atılmasına baxmayaraq, divara dəyib yerə düşən çaydan onun bud nahiyyəsinə dəyib xəsarət yetirmişdir. Bu halın uydurma olmasını anlamaq üçün nə Nyutonun 3-cü və fizikanın digər qanunlarını bilməyə ehtiyac yoxdur. İçi dolu çaydanı hansı güclə vursan da divardan ən azı yarım metr aralı olan Ağayevaya (o özü və şahidlər israr edirlər ki, çaydan ona tərəf atılanda o əks istiqamətə tullandı) dəyə bilməzdi. Zənn edək ki, çaydan rezin materialdan idi. Yenə istintaqın versiyası alınmır. Bu dəfə ona görə ki, rezindən olan çaydan divara dəyib əks istiqamətə hərəkət edib Ağayevanın bud nahiyyəsinə dəysə də, orada qançır əmələ gətirə bilməzdi. Hələ orasını demirəm ki, çaydanın divara dəyib, geri dönüb Ağayevanın buduna xəsarət yetirdiyini müəyyən edənlər, iki dəfə Ağayevaya tərəf atılan çaydandan onun üzünə tökülən qaynar suyun yetirdiyi xəsarətləri müəyyən edə bilməmişlər.
 
Tək göstərdiyim hallara görə, hələ iş üzrə fotoşəkillərin, keçirilmiş istintaq hərəkətlərinin və digər sübutların araşdırılmasını demirəm, məhkəmə bu işi hökmən məhkəmə istintaqı keçirməklə aparmalıdır.
 
Yuxarıda göstərdiyim “sübutlar”la Xətai rayon məhkəməsinin hakimi Habil Məmmədov 6 avqust 2010-cu il tarixli hökmü ilə Lamiyəyə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edir. Həmin zərərçəkmiş A.Ağayeva az müddət sonra nizam intizamı dəfələrlə kobud şəkildə pozduğuna, rəhbərliyin adında öz məqsədləri üçün istifadə etdiyinə görə işdən qovulur.
 
Lamiyənin yenidən azadlığa çıxmaq şansı yarandıqda, 2013-cü ildə hüquq mühafizə orqanları onun haqqında yenidən cinayət işi saxralaşdırırlar. Bəli, saxtalaşdırırlar! Bunu qətiyyətlə demək olar. Azərbaycan Respublikası CM-in 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürürlər ki, Lamiyə ona 150 manat borcu olan Elmira adlı məhbusdan borcunu tələb etmiş, verməyəcəyi təqdirdə məhbuslar arasında rüsvay edəcəyi və xəsarət yetirəcəyi ilə hədə-qorxu gəlmişdir. Bu maddə çox sadə anlaşılandır və elə mətnin özündə göstərilmişdir ki, özgənin əmlakını tələb etmə nəzərdə tutulur. İstintaq orqanı isə ittiham aktının özündə yazır ki, Lamiyə ayrı-ayrı vaxtlarda 150 manat borc vermişdir, Elmira isə maddi çətinliyi olduğundan qaytara bilməmişdir. Bundan başqa hədə-qorxuların həyata keçirilməsi real olmalıdır. Cəzaçəkmə müəssisəsi qanuni fəaliyyət göstərirsə orada hər hansı real təhlükə ola bilməz. Bunu nəinki müstəntiq, prokuror, hakim hüquq fakultəsinin ikinci kurs tələbəsi də bilir. Bu işdə isə istintaqçılar ittiham irəli sürür, prokuror ittiham aktını təsdiq edib cinayət işini baxılması üçün Xətai rayon məhkəməsinə göndərir. Birinci və sonuncu dəfə Azərbaycan məhkəmə sistemi vicdanını, türklər demiş, “cüzdanından” üstün tutur və 26 sentyabr 2013-cü il tarixdə Lamiyə haqqında bəraət hökmü çıxarılır. Normalda 3-4 səhifə olmalı 11 səhifəlik hökmü diqqətlə oxumuşam. Hakim İbrahim İbrahimli bu işin aqibətindən şübhəli olduğundan ittiham aktını bənd-bənd təkzib edir, dəfələrlə yerli qanunvericilikdən başqa beynəlxalq normalara, Avropa İnsan Haqları Məhkəməsinin baxdığı konkret işlərə istinad edir. Bütün əsaslandırmalara baxmayaraq Zakir Qaralovun başçılıq etdiyi prokurorluq orqanları, prokuror Eldar Balakişiyevin qismində bəraət hökmünün qanunsuzluğu barədə protest verir. Qeyd edim ki, prokurorluğun qanunlara əsasən yox göstərişlərə əsasən fəaliyyət göstərməsini bir daha o təsdiq edir ki, bu gün Lamiyənin Bakı Apellyasiya məhkəməsində baxılan cinayət işi üzrə protesti də həmin E.Balakişiyev imzalayıb. 20 dekabr 2013-cü il tarixdə Bakı Apellyasiya məhkəməsi bəraət hökmünü ləğv edib, yenidə Lamiyəyə 6 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edir.
 
Lamiyəni ittiham edənlər, həvəslə onun uşağının atasının axtarışına çıxanlar bu tarixi, yəni 20 dekabr 2013-cü ili yadda saxlayın, bu sizə Lamiyyənin uşağının atasını müəyyən etməkdə çox lazım olar.
 
Əlini insanlıqdan və insanlardan üzmüş, həyatının qalan bütün hissəsini həbsxanada keçirəcəyinə əmin olan Lamiyə nə etməli idi? Zənnimcə, həmin gün Lamiyənin öz həyatı ilə vidalaşdığı və gələcək həyatını, dünyaya gətirəcəyi uşaqda yaşayacağı barədə qərara gəldiyi gündür. Heç kimin onu qınamaq haqqı yoxdur və bundan sonra da həyatda nələri etsə də, heç kim onu günahlandıra bilməz. Bütün günahlar onu bu vəziyyətə gətirən cəmiyyətdə, hakimiyyətdədir.
 
Bu ərəfədə A.Aslanov və S.Əbiyevin ulduzları sönməyə başlayır. 22 oktyabr 2013-cü ildə S.Əbiyev, bundan 8 gün sonra A.Aslanov tutduqları vəzifədən azad olunurlar. Onların illər boyu vəzifələri, etdikləri haqsızlıqlar hesabına yığdıqları yükü yüngülləşdirmək istəyənlər isə artıq yenə hazırdırlar. Buna qədər Lamiyənin və Vüqarın şikayətlərini qəbul etməyən məhkəmələr sifətlərini dəyişib, mələk donu geyinib Lamiyənin haqqını qorumağa tələsirlər.
 
1 oktyabr 2014-cü ildə Lamiyyənin borcla bağlı işinə Ali Məhkəmə baxır və ittiham hökmünü ləğv edib Xətai rayon məhkəməsinin bəraət hökmünü gücündə saxlayır. Dərhal “Ali Məhkəmə Lamiyəyə bəraət verdi” xəbəri mətbuatın manşetinə çevrilir, kütlə isə “məhkəmələr ədaləti bərpa etdi” illyuziyasına qapılır…
 
Ali məhkəmənin bu qərarı isə ədaləti bərpa etmək üçün deyil, çünki bu anlayış onlara yaddır. Sadəcə, Ramiz Rzayev və Zakir Qaralov öz kreslolarını qorumaq, saymadıqları, ancaq bu günlər aktivləşən ictimai fikirdən qorxduqları üçün, onu az da olsa  sakitləşdirmək üçün bu addımı atıblar.
 
Məhz Azərbaycan məhkəmələrində haqqının pozulduğundan Qarabağ müharibəsi veteranı Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında özünə od vurub yandırdı. Onun haqqını yeyən Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Mehbalıyev olsa da, axırıncının tapşırığını yerinə yetirən Ali Məhkəmənin sədri R.Rzayev idi.
 
R.Rzayevin başçılıq etdiyi Azərbaycan məhkəmə sisteminin mahiyyətini xarakterizə etmək üçün bilavasitə özümün apardığım Türkiyəli oliqarx Mübariz Mənsimovla bağlı işdə baş verənlər də çox maraqlıdır. Bu işi tək özüm apardığım üçün deyil, gələcəkdə Azərbaycan dövlətinə utanc gətirəcəyinə görə işıqlandırıram. 2013-cü ilin əvvəllərindən İstanbul ailə məhkəməsində Mübariz Mənsimovun həyat yoldaşı Tamara Mənsimova ilə nikahın pozulması, əmlakın bölünməsi və uşaqlarla ünsiyyətlə bağlı məhkəmə prosesləri gedir. Hadisələrin onun xeyrinə olmadığını görən M.Mənsimov qanun yol verməsə də Azərbaycan məhkəmələrinə üz tutur. Bakının Nizami rayon məhkəməsində Tamara Mənsimovanın xəbəri olmadan, gizlin baxılmış işdəki saxtakarlıqlar məni dəhşətə gətirdi. İş materiallarından görünür ki, iddia ərizəsi tələb olunan sənədlər əlavə olunmaqla məhkəməyə 18 dekabr 2013-cü il tarixində daxil olmuş və elə həmin gün də təqdim olunmuş materiallar qanuna uyğun hesab edilərək icraata qəbul edilmişdir. İddia ərizəsində qoşma kimi göstərilmiş sənədlərin hamısı ən azından 18 dekabr 2013-cü il tarixə qədər tərtib olunmalı, təsdiqlənməli idilər. Bu işdə isə bütün əlavələr 18 dekabr 2013-cü il tarixdən sonraya təsadüf edirdi. Necə ola bilər ki, 18 dekabrda qəbul olunmuş iddia ərizəsi üzrə 21 dekabr 2013-cü il tarixli dövlət rüsumunun ödənilməsi barədə bank qəbzi, 20 dekabr 2013-cü il tarixli MKİS Arayışı, 19 dekabr 2013-cü il tarixdə notariat qaydasında təsdiqlənmiş Nikah və Doğum Şəhadətnamələrinin surətləri təsdiq edilsin. İddia ərizəsini guya 18 dekabrda məhkəməyə təqdim etmiş şəxsin etibarnaməsi isə sənədlər məhkəməyə təqdim edildikdən 6 gün sonra, 24 dekabr 2013-cü il tarixdə təsdiq edilmişdir.
Açıq görünürdü ki, 18 dekabrda məhkəməyə iddia ərizəsindən başqa heç bir sənəd təqdim edilməmiş, ancaq iddia ərizəsi əsasında, qanunsuz olaraq, məlum olmayan maraqlar ucbatından hakim tərəfindən tələsik iş icraata götürülmüş, qoşma kimi göstərilən sənədlər isə sonradan toplanmışdır. Mülki işə cavabdeh Tamara Mənsimovanı xəbərdar etmədən baxılmış, qəbul edilmiş qətnamə isə ona göndərilməmişdir. Çox çətinliklərlə təqdim etdiyim apellyasiya şikayətinə, göstərdiyimiz qanunsuzluqlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə cəmi bir gün ərzində baxdı və 10 oktyabr 2014-cü il tarixdə apellyasiya şikayətimizi təmin etmədən, Nizami Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. 2014-cü ilin dekabr ayında Bakı apellyasiya məhkəməsinə göndərilmiş kassasiya şikayətinə ildırım sürəti ilə 27 yanvar 2015-ci il tarixdə, iştirakımız olmadan baxıldı və bütün məhkəmə qərarları qanuni sayıldı. Bu qanunsuzluqlara birbaşa məhz R.Rzayev başçılıq edirdi.
 
Bu günə qədər Tamara Mənsimovanı Azərbaycan məhkəmələrində baş verən özbaşnalıqları dünya mətbuatına çıxmarmamasına çalışmışdım. Göstərdiyim qanunsuzluqlar dünya mətbuatına çıxacağı təqdirdə dövlətin nüfuzuna vurulan zərərin cavabını kim verəcək? Axı bu sıradan bir iş deyil. Söhbət həm də birgə nigah dövründə qazanılmış milyardlarla ABŞ dolları dəyərində ölçülən əmlakın bölünməsindən gedir.
 
Azərbaycan məhkəmələri 5 min manata görə dələduzluq maddəsi ilə qadınlara 8-10 il həbs cəzası verirlər. Bu yaxınlarda 2 milyona yaxın dələduzluq etmiş, 3 il qaçıb Rusiyada gizlənmiş, həbs edilib Bakıya gətirilmiş, 1 ildən artıq həbsdə olmuş, Bakının bir neçə rayonunda haqqında bu gün də dələduzluqla bağlı cinayət işi aparılan Arif Məmmədov Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən bəraət alaraq həbsdən azad edildi. Apellyasiya şikayəti verildi. Arif Məmmədov zərəçəkənə açıq bildirdi ki, həmin pullardan cüzi hissəsini məhkəmələrə verib canını qurtaracaq. Elə də oldu. Prezident Administrasiyasından tutmuş hər yerə şikayət yazılmasına, məlumat verilməsinə baxmayaraq Apellyasiya məhkəməsi bəraət hökmümü qüvvədə saxladı. Azərbaycan çox şəffaf ölkə olduğundan hamı dedi ki, tapşırıq Ali məhkəmədəndir.
            
Bu həmin məhkəmə sistemidir ki, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifova Qobustandakı qapalı həbsxanada “Miss Azərbaycan 2006" müsabiqəsinin prezidenti və digər gözəlçələri zorlanması ilə bağlı hökm oxudu. Soruşan olmadı ki, öz xoşu ilə ciddi nəzarət sistemini qanunsuz olaraq keçmiş qadınları necə zorlamaq olar. O gözəlçələr ora necə girmişdi? Lap lətifələrdəki kimi alınır. Belə çürük məhkəmə sistemi bizim azadlığımızı, haqqımızı qoruya bilərmi? Əlbəttə ki, yox!
 
Buna qədər yazdıqlarımdan gördüyümüz budur ki, azadlıqda bizim haqqımızı qoruyacaq hakimiyyət, məhkəmə sistemi yoxdur. Bəs azadlıqdan məhrum edildikdə necə? Buna görə Lamiyə olaylarının başlanğıcı olmuş penitensiar xidmət haqqında bir az ətraflı yazası olacam. Heç kim həbs yerlərindən sığortalanmayıb, oldu ki, Azərbaycan adlı məmləkətdə. Bax burası əsl faciədir. Məni tanıyanlar dəfələrlə həbs təhlükəsi ilə üz-üzə qaldığımı bilirlər. Heç vaxt istintaq, məhkəmə orqanlarının qanunsuzluqlarından qorxmamışdım. Penitensiar sistemdən isə həmişə çəkinmişdim. Hər dəfə gözümün önündə məhbuslarla görüşə gələn qohumlar canlanırdı. Çünki, vəkillik fəaliyyətimdə orada baş verənlərdən kifayət qədər məlumatlı idim.
 
Sələflərindən fərqli olaraq Mədət Quliyev mətbuatla işini mükəmməl qurmağı bacardı. Gecə-gündüz KİV-lər Penitensiar xidmətdəki uğurlardan, 5 ulduzlu otellərə bənzər həbsxanalardan yazdılar. Bir çoxları, bəzən özüm də, bunlara az qala inanırdım. Üstü bəzək, altı təzək həbsxanalar isə büdcə pullarını yeməkdən başqa heç nəyə yaramırdılar. Yadınızdadırsa, NİDA-çıları müdafiə edərkən bir dəfə mətbuat vasitəsi ilə Mədət Quliyevə müraciət də etdim ki, heç olmasa məhbuslar saxlanılan otaqlarda deşik açın ki, məhbuslar yay aylarında istidən, havasızlıqdan boğulmasınlar. Bərbəzəklə məsələ aydındır. Əsas məhbuslara olan münasibətdir. Bu isə insana tam quldarlıq dövrünü xatırladır. Məhbus quldur, onunla penitensiar xidmətin işçiləri istədikləri, öz əmlakları kimi rəftar edə bilərlər.
       14 saylı cəzaçəkmə yerində döyülərək öldürülmüş Elşad Babayevin qırx mərasimi çıxmamış 17 saylı müəssisədə cəzasını çəkən İsrayıl Ağayev özünü asdı. Elşad Babayevin döyülərək öldürülməsinə etiraz etmiş məhbusların üzərinə gecə ikən ordu yeridildi. Yüzlərlə məhbus sözün tam mənasında vəhşicəsinə şil-küt edildi. Uzun müddət şikəst edilmiş insanlara yaxınları ilə görüşmək imkanı verilmədi. Hadisə ictimaiyyətdən gizlin saxlandı. Penitensiar Xidmətin mətbuat xidmətinin və prokurorluğun açıqlamaları hadisəyə aydınlıq gətirilməsini zəruri edən çoxlu suallar doğururdu. Baş vermiş dəhşətlər barədə bu günlərdə azadlığa çıxmış, təcrübəli hüquqşünas, siyasi məhbus Qurban Məmmədov ictimayyətə ətraflı məlumat verdi. 31 yaşlı məhbus döyülərək ödürülür, üzərində işgəncə izləri olan cəsədin fotoları yayılır, Penitensiar Xidmətin isə məsələyə aydınlıq gətirmək əvəzinə döyülmə hadisəsini böyük əzmkarlıqla inkar edir. Sumqayıt hadisələrindən xəbəri olmayan, “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabı dünya üzü görəndən sonra, dərhal cinayət işi qaldırıb, KİV-lərin ulduzuna çevrilən, ictimaiyyətə bolluca vədlər verən, nəticədə də heç bir iş görməyən, bir balaca siyasi rəngi olan xırda cinayət işləri ilə bağlı bəyanat yayan Azərbaycan Respublikasının Baş Prokuroru Z.Qaralov susur. Bu faktla bağlı ictimaiyyətə elan olunanlar isə məzmunsuz bir elana bənzəyir.
 
Penitensiar xidmətdə il ərzində neçə nəfərin hansı səbəbdən vəfat etməsini, öldürülməsini, ümumiyyətlə qapalı olan bu təşkilatda baş verən faciələrin çoxundan isə heç kimin xəbəri olmur.
 
Rusiyanın “Matrosskaya tişina” həbsxanasında keçirilən oğru razborkalarına skayp vasitəsilə Azərbaycan həbsxanalarında saxlanılan məhbuslar qoşulur, özü haqqında əfsanələr yaymış Penitensiar xidmətin rəhbəri Mədət Quliyev isə Xidmətdəki korrupsiya ilə mübarizəni siyasi məhbusların vəkillərinin az qala soyundurularaq yoxlanmasında görür. KİV-lər Mədət Quliyevin prinsipiallığından, korrupsiya sahəsindəki uğurlarından danışır, Penitensiar xidmətdə isə hava da satılır. Bəli, bu Xidmətdə hər şey pulladır!
 
Xidmətin müəssisələrində lyuks otaq istəyirsənsə 2-5 min manat birinci dəfə, sonra isə hər ay 1000 manatdan başlayan xərac ödəməlisən. Düşdüyün cəzaçəkmə müəssisəsinə (yaxşılar 2,6,10 saylı, pislər 12, 13,14 saylı müəsisələrdir), müəssisənin kamerasına görə pul ödəməlisən. Sağlam ikən “Sançastda” istirahət etmək istəyirsənsə yenə pul verməlisən, xəstə olmağına baxmayaraq tibb hissəsinə yerləşdirilməyin yenə öz “taksa” sı var. Həmin tibbi hissədən Mərkəzi xəstaxanaya köçürülmək üçün, ölüm ayağında olsan da tibbi yardım almaq üçün yenə kimisə görməlisən. İsti yay ayları kameraya ventilyator, qışda qızdırıcı qoymaq üçün yenə pul lazımdır. Havasızlıqdan pəncərəni açıq saxlamaq, kameradan çıxıb gəzintidə verilmiş vaxtdan artıq olmaq yenə puldur. Görüşə gələn qohumlar orada həqiqi mənada soyulurlar. Qanunda nəzərdə tutulmuş ərzaq və digər əşyaları vermək üçün, görüş almaq üçün (uzunmüddətli və qısamüddətlinin öz “taksa” sı var) hökmən “hörmət” etməlisən. Əgər sadaladıqlarımı qanunda nəzərdə tutulmuşdan artıq etmək istəyirsənsə, baş üstə! Təki əlin cibində olsun.
 
Qanunda nəzərdə tutulmuş qaydada vaxtından əvvəl azad olunmağın öz preyskurantı (qiymət siyahısı) var. Ona əməl etməsən çıxmaq mümkün deyil. Savadlı, tələbkar olacaqsan gündə bir rejim pozuntusu yazıb çıxma şansını sıfıra endirəcəklər. 
 
Penitensiar xidmətdə pul vermədən keçinmək mümkünsüzdür. Heç bir imkanın yoxdursa günaşırı “kars”a salam de.
 
Bütün bunlardan Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevin, Ədliyyə Naziri Fikrət Məmmədovun və digər səlahiyyətli şəxslərin xəbərləri olmaya bilməz. Çünki, dəfələrlə qeyd etdiyim kimi Azərbaycan məhz korrupsiya sahəsindəki şəffaflığa görə dünyada bəlkə də birinci yerdədir.
 
Məhbus qadın Lamiyə Quliyeva ilə bağlı baş verənlərə isə cinayət aləmindən bəhs edən detektivlərdə belə təsadüf edilə bilməz. Bu hadisə Azərbaycanda Penitensiar Xidmətin hansı fəlakətin, ora düşmüş ölkə vətəndaşının hansı faciənin içində olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Rüsvayçılıq onda deyil ki, azadlığa ümidini itirmiş bir qadın dünyaya atası bəlli olmayan uşaq gətirib. Rüsvayçılıq ondadır ki, ölkənin bütün hüquq sistemi harın bir məmurun əlində oyuncağa çevrilib. İndi Penitensiar Xidmətin rəhbərliyi öz bacarıqsızlıqlarını, orada baş verən korrupsiyanı heç cür ört-basdır edə bilmir. Imkanları KİV-lərdə cəzaçəkmə müəssisəsinə paketlə sperma göndərib uşaq dünyaya gətirməyin mümkünlüyünü tirajlamağa çatır. Həqiqətən rəzil vəziyyətdir.
 
Artıq orada baş verənlər dövlətçilik üçün də təhlükədir. Lamiyənin orada uşaq dünyaya gətirməsi mənim üçün digər maraqlı halı da ortaya qoydu. Demək Penitensiar Xidmətdə əməliyyat işi yox vəziyyətindədir. Əgər belə olmasa Lamiyənin hamilə olmasını vaxtında bilərdilər. Əminəm ki, əgər vaxtında bilsələr heç cür, onları rüsvay edəcək bu halın baş verməsinə yol verməz, artıq bir dəfə olduğu kimi, yenə kənar müdaxilə ilə Lamiyənin uşaq dünyaya gətirməsinin qarşısını alardılar. Əgər Penitensiar xidmətdə əməliyyat işi yox vəziyyətindədirsə deməli, orada eyni vaxtda üsyan qaldırmaqla ölkəni fəlakətə sürükləmək olar. Hələ Penitensiar Xidmətdə əməliyyat işinin lazımi səviyyədə olmasının neçə-neçə törədilmiş cinayətin açılması, törədiləcək cinayətlərin isə qarşısının alınmasına xidmət etdiyini demirəm.
 
 
Bu olaylar bir daha göstərdi ki, qanun şah olmayan yerdə qanunu pozanlar ən çox şahı tərifləyənlərdir. Çünki bununla məsuliyyətdən kənarda qalmaq üçün, şaha sadiq olmalarını göstərmək istəyirlər. Bunları görmək üçün bu günlərdə ən çox adı hallanan Mədət Quliyevin mətbuata açıqlamalarını az bir hissəsinə fikir verək.
 
Hadisələrlə bağlı yazılanlara cavab verən Mədət Quliyev bildirir: “Cəmiyyətimiz inkişaf edir. Möhtərəm prezidentimiz şərəflə və çox böyük bir məharətlə respublikanın sükanını saxlayır. Xalqımız irəli gedir. Yaşayış səviyyəmiz yüksəlir”.
 
Baş vermiş hadisələrlə bağlı mətbuatdakı tənqidi yazılarla bağlı isə deyir: “Kim nə yazır-yazsın. Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var. Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır”.
 
Bu hadisələrdə özünə qəsd etmiş Qarabağ qazisi Zaur Həsənovun adının mətbuatda hallandırıldığını görən, onun ölümünün baiskarı Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyev dərhal təlaşlanıb «Azərbaycan» qəzetinə: “Prezident İlham Əliyevdən dünya erməniliyinə növbəti sarsıdıcı zərbə” adlı məqalə yazır.
 
Lamiyə olaylarının təşkilatçısı A.Aslanov isə mətbuata verdiyi yeganə müsahibəsində bildirir: “Bu barədə yazılanlar təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm, dövlətçiliyə xidmət, onun qanunlarına riayət edirəm”…
 
Lamiyə hadisələri göstərdi ki, cəmiyyətdə biganəlik hökm sürür.
 
        Əgər belə olmasaydı bütöv bir Şəmkir rayonunun sakinlərinin gözü önündə bir məmur bu qədər özbaşınalıq edə bilməzdi. Hakimiyyət strukturları iki ailə ilə quldarlıq dövründə olduğu kimi istədikləri rəftarı etməzdi. Artıq hadisə ictimailəşəndən sonra isə bir çoxları şəxsi maraqları ucbatından mənəvi əxlaqi dəyərləri tamamilə unutmazdılar, ictimai qınaqdan qorxardılar. Bu hadisələrdə isə bir çox tanınmışlar A.Aslanovu müdafiə etmək, baş vermişləri ört-basdır etməyə çalışdılar. “Azərbaycan” qəzetinin baş redaktoru, Millət vəkili Bəxtiyar Sadıqov özü mətbuat işçisi ola-ola baş vermiş faciənin işıqlandırılmasını “çox mənəviyyatsız bir mövzu ilə məşğuliyyət”, “cəmiyyət üçün əhəmiyyətsiz mövzu” adlandırdı. Lamiyə Quliyeva ilə bağlı hadisələri gündəmdə saxlayan mətbuat orqanlarının sifarişlə – pul alaraq yazdıqlarını vurğuladı. Bunu həm də “Əməkdar jurnalist” fəxri adını daşıyan bir şəxs etdi.
         Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova deyir ki,  “Heç bir ölkədə məhkəmə sistemi ideal deyil. Prosesdə hakim, prokuror, vəkil, cinayəti törətmiş şəxs iştirak edir. Hər hansı prosedur pozuntusu ola bilər və mən razıyam ki, bununla əlaqədar günahı və suçu olan şəxsə qanunun gücü ilə münasibət göstərilməlidir. Bütövlükdə isə bunu əldə rəhbər tutaraq Azərbaycanın məhkəmə sistemini şübhə altına almaq və demək ki Azərbaycan insanı məhkəməyə güvənmir və ondan ədalət gözləmir, hesab edirəm ki, məsuliyyətsiz çağırışdır“. Yuxarıda sadaladığım, vətəndaşların hər gün üzləşdiyi digər məhkəmə qanunsuzluqlarından sonra bu cür çıxışa xüsusi bacarıq lazımdır. Mandat alverinə görə məhkum edilmiş, tez bir zamanda da azad olan Gülər Əhmədova olayından sonra isə belə bir çıxış insanları qanmaz yerinə qoymaqdır.  Yeri gəlmişkən, Bahar Muradovanın nəzərinə çatdırım ki, Lamiyə işinin qəhrəmanları – ittiham aktını təsdiq etmiş Baş Prokurorun birinci müavini Ramiz Rzayev hal hazırda Ali Məhkəmənin sədri, bu işə Bakı Ağır cinayətlər məhkəməsində baxmış Əli Seyfəliyev Ali məhkəmənin üzvü, Apellyasiya məhkəməsində həmin işə qanuni qüvvə vermiş Şahin Yusifov isə Ali Məhkəmədə cinayət işləri üzrə kollegiyanın sədridir. Bunun təsadüf olduğu inandırıcı görünmür.
   Azərbaycan Respublikası Ombudsmeni və onun aparatının bu hadisələrdə mövqeyi, əllərində çıraqla Lamiyənin uşağının atasının axtarışına çıxması bu institutun hansı ağlamalı vəziyyətdə olduğunu göstərdi.
   Bu hadisələr Azərbaycandakı İnsan haqları adı altında fəaliyyət göstərən təşkilatların yox olduğunu, olanlarının isə həqiqətən qrant yeməklə məşğul olduğunu sübut etdi.
Bir çox mətbuat orqanlarının mövqeyi isə məni iyrəndirdi. Nəhayət ki, ətrafında baş verən faciəyə gec də olsa münasibət bildirən xalq təhqir edildi. Faciə yaşamış bir qızın atasının keçmiş məhkumluğunu ona ittiham kimi səsləndirdilər (aydındır ki, hakimiyyət strukturlarının köməyi ilə). Kənardan göndərilmiş sperma ilə uşaq dünyaya gətirmək icad etməklə özlərini rəzil günə qoydular, bəziləri süni mayalandırma ilə bağlı araşdırma apardılar. Lamiyəni bu günlərdə fahişəxana açmaqda ittiham edilən bir xanım müğənni ilə müqayisə etdilər…
 
Məhz Qarabağ – Vətən mövzusunda xalqı biganə sayan, onu az qala əxlaqsızlıqda ittiham edənlər elə bütün günü gənclərə çal-çağır göstərir, əxlaqsızlıq aşılayırlar. Xalqı Maralla, Rəqsanə ilə maraqlanmaqda ittiham edənlər niyə bircə dəfə müxalifətçinin toyunda oxuyan müğənnin çıxışını yasaq etdilər. Niyə “mən yemirəm, yedizdirirəm” deyəni Lamiyə kimi ittiham etmədilər, “yedizdirirəm” deyənin göstərişi ilə müxalifətçinin toyunda oxuyan müğənninin DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmasını qınamadılar, məhkəmə qərarlarının icrasına heç bir aidiyyatı olmayan hazırki Bakı Şəhər Baş Polis idarəsinin rəisinə məhkəmə qərarının icrası ilə bağlı az qala göstəriş verilməsinin səbəbini sormadılar?!
        Cəmiyyəti, siyasi sifarişə görə bu hadisələrlə maraqlanmaqda, Lamiyyəni siyasi alətə çevirməkdə suçlayanlar, onu Məryəm ana ilə müqayisə edənlər, bu hadisəninin Qarabağ müharibəsi ilə müqayisəsini aparanlar, dünyadakı iqtisadi böhranı yada salanlar özləri nə etdilər? Onun əlacsız vəziyyətindən istifadə edib öz istəklərinə uyğun müsahibələr almaq istəyənlər, ona “məni siyasi oyunlara qoşmayın” dedirdənlər hansı vəziyyətə düşdüklərinin fərqindədirlərmi? 
Bizləri kişiliyə çağıranlar, suçlayanlar, məhz sizin etdiyiniz tək Dövlətə, Lamiyəyə qarşı deyil, bizlərə qarşı da nakişilikdir.
 
Lamiyə olayları ilə bağlı veriləsi suallar, yazılası məqamlar qurtaran deyil. Hayıf ki, bizim rus rejissoru Andrey Zvyaqintsev kimi sənətkarımız yoxdur ki, bu hadisələrdən “Levifian”a oxşar film çəksin.
 
Sonda isə bir daha insanlara səslənirəm: Həyat çox ədalətlidir. Haqsızlıq, qanunsuzluq etməyin. O ən uyğun olmayan məqamda xirtdəyinizdən yapışacaq ki, mən varam. Bu gün vəzifədə olanlar, Siz də vəzifədən gedəndə bu gün sizə züy tutanlar bütün günahlarınızı tez bir zamanda Aslan Aslanova etdikləri kimi üzünüzə oxuyacaqlar.
Əgər biz özümüzə, hakimiyyətə, Dövlətə qarşı münasibətimizi dəyişməsək, biganələyimizdə davam etsək, heç nə dəyişməyəcək. Yeni Zaurlar, Lamiyələr, Vüsallar meydana gələcək.  
Odu qoyub külnən dartışan millətim, öz haqqını tələb et!