Azərbaycanda xeyli neqativ hallar baş verir və bunun böyük əksəriyyəti siyasi hakimiyyətin “ssenari”si ilə həyata keçir. Amma bu hadisələrin hamısına işıq salmaq mümkün olmur. Əgər ölkədə ədalətli məhkəmə sistemi, qanunun aliliyi, insan haqları yoxdursa, deməli 1000-lərlə insanın taleyi məhv olur və bu haqsızlıqlar cəzasız qalır. Son günlər mətbuatın və ictimaiyyətin diqqətində olan Lamiyə Quliyeva olayı da bu qəbildəndir. Təxminən 12 ildən sonra gizlinlərin üzərinə işıq salındı və bu gənc qızın həyat yolu Azərbaycanın real mənzərəsini ortaya qoydu.
Bu məsələ gündəmə gələndən sonra bu haqda yazılanları mənəviyyatsızlq adlandıranlar da, “seksual çatışmazlıq” kimi qiymətləndirənlər də oldu. Sanki, günahsız insanların cəzalanması, kiçik padşahların qanunsuz əməlləri mənəviyyatın göstəricisi imiş. Sanki, 15 yaşlı bir qızın zorlanması və bundan sonra baş verənlər seksual təminatın ödənilməsinin göstəricisiymiş.
Ümumiyyətlə, bu məsələ niyə gündəmdə qaldı? Ona görə ki, hadisələrin ipi çözüldükcə hakimiyyət daha çox ifşa olunmağa başladı. Yəni, bu hadisə Lamiyə Quliyevanın kimisə qətlə yetirməsi və kiminsə tərəfindən zorlanması ilə bitmədi. Bu hadisə göstərdi ki, bu ölkədə xırda padşahlar özlərini Allah hesab edir, aydın oldu ki, xırda padşahların övladları da özlərini ixtiyar sahibi sayırlar. Təsdiqləndi ki, Azərbaycanda istənilən insanı həbs etdirmək, səlahiyyətlərdən istifadə edib məhkəməyə təsir göstərmək və 15 yaşlı qıza acımadan iyrənc ssenarilər qurmaq olar. Daha sonra Azərbaycanda Penitensiar Xidmətin bərbad vəziyyəti aşkarlandı. Proseslərin gedişində Penitensiar Xidmətin biabırçı açıqlamaları, bu qurumun hansı meyarlarla işlədiyin ortaya qoydu. Məhbus bir qadın, həyat yoldaşı olmadığı halda hamilə qalır, dünyaya uşaq gətirir. Əvvəlcə Penitensiar Xidmət uşağın atasının axtarışına çıxır. Bu ərəfədə müxtəlif qeyri-real arqumentlər səsləndirilir. Axırda bu qərar gəlirlər ki, “uşaq süni mayalanma nəticəsində dünyaya gəlib” desinlər. Bu isə daha böyük biabırçılıq idi. Daha doğrusu tibb elmi üçün möcüzə sayılacaq açıqlama idi. Mütəxəssislər bildirir ki, həbsxana şəraitində süni mayalanma ilə dünyaya uşaq gətirmək mümkün deyil. Hətta bu əməliyyatı istənilən klinikada həyata keçirmək də mümkün deyil.
Beləliklə, Lamiyə Quliyeva olayı hakimiyyəti və onun strukturlarını arqumentsiz vəziyyətə saldı. Onu da qeyd edək ki, bu hadisənin əsas “qəhrəman”ı olan Aslan Aslanov “Mən YAP-ın siyasi şurasının üzvüyəm” deyərək, özünə bəraət qazandırmağa da çalışdı.
Bu hadisənin ümumi mənzərəsi, həm də Azərbaycan hakimiyyətinin portreti idi. Mentalitetdən, millilikdən, vətənpərvərlikdən dəm vuranlar, bu iyrənc “repertuar”a biganə qaldılar. Hansıki, baş verənlərdə nə mentalitetdən, nə millilikdən, nə də insanlıqdan əlamət görünmür.
Əslində, bu haqda yazanları da, yazılanları da müsbət qiymətləndirmək lazımdır. Əvvəla, xırda padşahlara dərs oldu ki, hətta 10 ildən sonra da həqiqətlər üzə çıxa bilər. Bəlkə də Aslan Aslanov ən ağır zərbəni indi aldı. Amma vaxtında öz əməllərinin məsuliyyətini dərk etsəydi, indi vəziyyət bu qədər gərginləşməzdi. Digər tərəfdən baş verənlərin ictimailəşməsi Penitensiar Xidmət üçün də ciddi mesaj ola bilər. Başa düşərlər ki, insan taleyi üzərində mənasız əməliyyatlar aparmaq, məntiqsiz əsaslandırmalar qurmaq olmaz.
Lamiyə Quliyeva olayı həm də ona görə gündəmdən düşmür ki, bu qanunsuzluqların iştirakçıları hələ də cəzasız qalıb. Insanlar gözləyirlər ki, bu həyat dramında adı çəkilən “qəhrəman”lar cəzalanacaq. Bəlkə də bu xəbər yayıldıqdan sonra günahkarlar haqqında ölçü götürülsəydi, bu qədər geniş miqyas almazdı. Hakimiyyət isə həmişə olduğu kimi “məsələni siyasiləşdirməyin” şüarını irəli sürdü.
Tanınmış jurnalist Elmar Hüseynov qətlə yetiriləndə də, gənc əsgərimiz həlak olanda da, Qarabağ qazisi özünü yandıranda da yaxınları “bizim faciəmizi siyasiləşdirməyin” dedilər. Bu onların şəxsi qənaəti deyildi. Hakimiyyətin “uzaqgörən”liyindən doğan təbliğat idi. Indi Lamiyə Quliyeva da “siyasi alət olmaq istəmirəm” deyir.
Guya, bununla məsələni unutdurmaq, başqa məcraya salmaq istəyirlər. Əslində bu siyasət deyil, siyasilərin bulaşdığı cinayətdir.
Ona görə də bu hadisəni şərh edərkən “Dədə Qorqud”a dönənlər, Alp Aruzun da, Yalıncığın da qiymətini verməlidilər. Çünki, bu mənəviyyat məsələsidir. Insani çatışmazlığı olmayan hər kəs bu məsələyə obyektiv yanaşmalıdır. Ortada təkzib olunmaz faktlar varsa, yalnız təsdiq etmək lazmıdır.
Akif


