Rəsmi qurumlar ziddiyyətli açıqlamalar verir: Ədliyyə Nazirliyi «süni mayalanma»nı rədd edir, Ombudsman isə canlı təmasın qeyri-mümkünlüyündən danışır
“Lamiyə işi” ilə bağlı müəmmalar davam edir. Onun ANS-ə müsahibəsindən sonra bu məsələdə hansısa qaranlıq məqamların olduğunu və rəsmi qurumların əsl həqiqəti gizlətdiyi üzə çıxdı. Xatırladaq ki, rəsmi məlumatlarda iddia olunurdu ki, Lamiyə Quliyeva övladını süni mayalanma yolu ilə dünyaya gətirib. Rəsmi qurumlar bəyan etmişdi ki, uşağın atası olduğu bildilirən Elnur Rəsulovun Lamiyə Quliyeva ilə canlı təması olmayıb, toxumlarını ona göndərib.
Lakin həbsxanada süni maylanma əməliyyatının necə həyata keçirildiyinə heç bir aydınlıq gətirilmirdi. Gətirilə də bilməzdi. Çünki bu absurd iddia idi. Lamiyə Quliyeva özü də ANS-ə müsahibəsində rəsmi qurumların absurd iddiasını alt-üst etdi. O, bildirdi ki, süni mayalanma barədə deyilənlər yalandı. Lamiyə Quliyeva Kürdəxanı təcridxanasında Elnur Rəsulovla görüşünə şərait yaradıldığını bildirdi.
Lamiyə Quliyevanın bu açıqlamasından sonra Ədliyyə Nazirliyi də məsələyə münasibət bildirib. Nazirliyin Tibb Baş Idarəsi Müalicə işinin təşkili idarəsinin rəisi – baş idarə rəisinin müavini, Iftixar Qurbanov AzVision.az-a açıqlamasında bildirib ki, süni mayalanmanın baş tutması üçün onlara heç bir məhkum müraciət etməyib: “Həbsxana mühitində süni mayalanma deyilən bir əməliyyat yoxdur. Süni maylanmanın həyata keçirilməsi ilə bağlı bizə indiyə qədər heç bir məhkum müraciət etməyib. Biz məhkumların sağlamlığının bərpası ilə məğul oluruq. Məhkumların sağlamlıq məsələləri daimi nəzarətimizdədir”.
Bu açıqlama da “süni mayalanma” iddiasının cəfəngiyyat olduğunu ortaya qoyur.
Ombudsman Aparatı isə açıqlama yayaraq Lamiyə Quliyeva ilə Elnur Rəsulovun görüşünün qeyri-mümkün olduğu bildirib. “Bakı Istintaq Təcridxanasında saxlanılan kişi və qadın məhkumların bir-biri ilə görüşməsi qeyri-mümkündür. Bunun üçün həmin şəxs ən azı dörd nəzarət postundan keçməlidir”, – deyə Ombudsman Aparatının Işgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov APA-ya bildirib.
Vüqar Məhərrəmov əlavə edib ki, Elnur Rəsulov Ombudsman Aparatının əməkdaşlarına verdiyi izahatda canlı təmasın olmadığını göstərib: “Lamiyə Quliyevanın uşağının atası Elnur Rəsulov dünən yayımlanmış müsahibəsində canlı təmasın olmadığını bir daha deyib. Biz Elnur Rəsulovla görüşən zaman da o bildirmişdi ki, spermanı Lamiyə Quliyevaya müalicə məqsədilə verib. Lamiyə Quliyeva bizimlə görüşən zaman hər hansı bir zorakılığa məruz qalmadığını demişdi. O, bizə yazdığı izahatda canlı təmas barədə bir söz deməyib. Yalnız onu bildirmişdi ki, hər hansı zorakılığa məruz qalmayıb”.
Göründüyü kimi Ombudsman Aparatının bu dəfəki açıqlamasında süni mayalanmadan söhbət getmir. Halbuki bundan əvvəl Ombudsman Aparatı “süni mayalanma iddiası”nı ortaya Penitensiar Xidməti müdafiə etmək zorunda qalmışdı.
Baş verənlər göstərir ki, hökumət bu məsələdə çıxılmaz vəziyyətə düşüb. Rəsmi qurumlar əsl həqiqəti gizlətdikcə məsələ daha da biabırçı xarakter alır.



