Milli Şuranın Koordinasiya Mərkəzi iqtidar-müxalifət “dialoq”una qiymət verdi
Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda digər məsələlərlə yanaşı hakimiyyət mediası tərəfindən "iqtidar-müxalifət dialoqu" kimi təqdim edilən hadisəyə də münasibət bildirilib.
Toplantıda iştirak edən Koordinasiya Mərkəzinin üzvlərinin yekdil fikri ondan ibarət olmuşdur ki, bu dialoq yox, əslində, Azərbaycan iqtidarının avtoritar və repressiv mahiyyətini pərdələməyə, dünyanın siyasi və vicdan məhbusları "çempionunun", parlamentində bir nəfər müxalifət təmsilçisi olmayan, vətəndaş cəmiyyətinin və siyasi plüralizmin məhvini özünün son illərdəki fəaliyyətinin başlıca prioritetinə çevirmiş siyasi hakimiyyətin beynəlxalq ictimaiyyətə yönəlik demokratiya imitasiyasına xidmət edən siyasi şoudur. Bu şouda iştirak edən "siyasi partiyaların" böyük əksəriyyətinin bugünədək nəinki heç bir siyasi fəaliyyəti nəzərə çarpmayıb, onların adları belə Azərbaycan cəmiyyətinə heç nə demir. Bu "dialoq" imitasiyası başlanan gündən ölkəmizdə insan hüquqlarının vəziyyəti daha da pisləşib, yeni həbslər həyata keçirilib, həbsdə olan siyasi məhbuslara saxta hökmlər elan edilib, yeni və uydurma ittihamlar irəli sürülüb. Lakin bütün bunlar "dialoq" iştirakçılarını narahat etməyib və onların bugünədək əldə etdiyi yeganə nəticə "dialoqun davam etdirilməsi haqqında razılığa gəlinməsi" olub. Bir hakimiyyət məmuru ilə böyük əksəriyyətinin heç bir halda müxalifət adına iddia etməyə mənəvi haqqı olmayan və özlərindən başqa heç kimi təmsil etməyən fərdlərin belə predmetsiz və məzmunsuz görüşləri "hakimiyyət-müxalifət dialoqu" kimi qəbul edilə bilməz.
MŞ KM son günlər həyata keçirilən siyasi motivli həbsləri, o cümlədən araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı irəli sürülmüş, qondarma, yeni ittihamları da ciddi müzakirə etmiş və qərara gəlmişdir ki, son siyasi həbslərlə bağlı MŞ-nın ayrıca bəyanatı qəbul edilsin.


