«ÜDM-in formalaşması müəyyən şübhəli təsəvvür yaradır»
Məhəmməd Talıblı: «Qeyri-neft məhsullarının ixracatda payı 4,3 faiz təşkil edir ki, bu sadəcə biabırçılıqdır»
2015-ci ilin ilk ayında Azərbaycanda 3,6 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu da ötən ilin yanvar ayı ilə müqayisədə 18,2% azdır. Belə ki, 2014-cü ilin yanvar ayında Azərbaycanda 4,4 milyard manatlıq, yəni bu ilin yanvar ayında olduğundan 0,8 milyard manat və ya 18,2% çox ÜDM istehsal olunub.
Bu ilin yanvarında ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 375 manat təşkil edib. Ötən ilin yanvarında bu göstərici 465,6 manat idi.
2013-cü ilin ilk ayında ölkə iqtisadiyyatında 4,5 milyard manatlıq məhsul istehsal edilmişdi.
Dekabrla müqayisədə 32% azalma
2014-cü ilin dekabr ayı ilə müqayisədə ÜDM istehsalı 32% və ya 1,7 milyard manat azalıb. Ötən ilin dekabrında 5,3 milyard manatlıq ÜDM istehsal olunub.
2014-cü ilidə Azərbaycanda ümumi daxili məhsul istehsalı 59 milyard manat təşkil edib. Ekspertlər hesab edir ki, ÜDM-in azalması əsasən neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır (marca.az).
Azərbaycanın ötən il üçün idxalı ilə bağlı elan olunan statistik rəqəmlərlə də bağlı bir sıra suallar yaranır. 2014-cü ildə Azərbaycan rezidentləri dünyanın 150 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə əmtəə ixrac edilib, 137 ölkədən idxal olunub.ÿ
Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələridir. Dövlət Statistika Komitəsindən bildiriblər ki, hesabat ili ərzində xarici ticarət dövriyyəsinin həcmi 39,5 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 30,3 milyard dollar, idxalın həcmi 9,2 milyard dollar təşkil edib, nəticədə 21,1 milyard dollarlıq müsbət saldo yaranıb. Ixrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edir. Qeyri-neft məhsullarının ixracı 1,7 milyard dollar olub. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 181,6 dollara bərabərdir.
Ölkədə daxili istehsalın olmadığı bir zamanda idxalın 9,2 milyard dollar təşkil etməsi inandırıcı görsənmir. Ekspertlər hesab edir ki, bu göstərici ən azı iki dəfə artıq olmalıdır.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanla əsas ticarət tərəfdaşı olan ölkələrlə əlaqələr bir neçə baxımdan qiymətləndirilə bilər. Həm idxal, həm də ixrac qiymətləndirmələri üzrə: “Bilirsiz ki, əvvəlki illərdə ixracatda neft və neft məhsullarının xüsusi çəkisi hər 100 dolların 94 dollarını təşkil edirdi. Amma indiki halda isə hesablayanda neft və neft məhsullarının xüsusi çəkisi ixracatın 95,7 faizini təşkil edir. Indiki halda hesablama aparsaq, məlum olacaq ki, qeyri-neft məhsullarının ixracatda payı 4,3 faiz təşkil edib. Bu sadəcə biabırdçılıqdır. Ildən-ilə ixracatda neft və neft məhsullarının dominantlığı artıq aci bir reallığa çevrilib. Bu reallığı isə dəyişmək ya hökumətin könlündən keçmir, yaxud onu bacarmır. Bu o deməkdir ki, neft olmasa biz başqa heç bir məhsul ixrac edə bilmərik. Bizim iqtisadi siyasəti həyata keçirən hökumət qurumları Cənubi Qafqaz ölkələrinin qeyri-neft ixracatının həcmini qarşılarına qoyub bir müqayisə aparsınlar görək, bizim ixrac potensialımız Gürcüstan və Ermənistandan nə qədər üstündür? Heç bir üstünlüyü yoxdur. Götürüb qeyri-neft sektorundakı ÜDM-in artması haqqında arxasında heç bir məntiq durmayan bəyanatlar verməkdənsə, bu acı durumu düzəltmək və qeyri-neft sektorunda məhsul istehsalına nail olmaq lazımdır. Mən bilirəm ki, qeyri-neft sektorundakı artımlara necə nail olunub. Necə ki, neft ÜDM-də azalmalar, qeyri-neft ÜDM-də isə artımlar olub. Bu artımların isə hansı metodoloji konfiqurasiya hesabına necə nail olunduğu məlumdur. Neft-kimya sənayesində fəaliyyət göstərən müəssisələrin 2 ildir ki, qeyri-neft sektoruna aid edildiyindən həmin müəssisələrin istehsal etdikləri məhsulların bazar dəyəri də qeyri-neft ÜDM-də oturur. Beləliklə, faktik olaraq neft ÜDM-də mövcud olan artımlar qeyri-neft ÜDM-nin artımı kimi qələmə verilir”.
M.Talıblının sözlərinə görə, idxal üzrə vəziyyətdə daha çox diqqət çəkən ticarət tərəfdaşlarımızın coğrafi mənşəyi və payı ilə bağlıdır. Yəni, bizim əsas ticarət tərəfdaşı kimi Avropa Birliyinə daxil olan dövlətlərin olması yaxşı haldır. Az qala idxalın yarısı məhz Avropa məkanı ilə mövcud olan iqtisadi inteqrasiya sayəsində baş tutur: “Məsələn, ötən ilin statistik vəziyyətini təhlil etsək, məlum olacaq ki, MDB ölkələri bizim ticarət tərəfdaşı olan bloklarımızda sonuncu olan 2 yerdən birini tutur. Deməli, xarici ticarətimizdə MDB ölkələrinin payı cəmi 12 faiz səviyyəsindədir. Islam Inkişaf Təşkilatına daxil olan ölkələrin payı isə 20 faizdən çoxdur”.
Xəyal