Mehriban Vəzir
Qoca qapını araladı. Yatağa girmiş arvadına boylandı. Başına kimi yorğana bürünmüş, üzünü divara çevirmişdi.
– Yatdınmı?
– Hmm… – yorğanın altından sızıldadı.
– Sən yat, mən bir az qəzetlərə baxacam.
Qarı başını yorğanın altından çıxardı, üzünü qapıya sarı çevrildi;
– Bu vaxt nə qəzet?
Qoca etinasız bir səslə;
– Bayaq baxa bilmədim, indi baxım…gəlirəm, sən yat…
Qarı yerindən azacıq dikəldi;
– Baxma… sabah baxarsan. Başın ağrıyacaq, gəl yat.
Qoca;
– Yat, yat, indi gəlirəm – dedi.
Yataq otağının qapısını ehmalca çəkib oturum otağına qayıtdı, bir az əvvəl qəzetlərin altında gizlədiyi qələm-kağızı çıxardı. Oturub yazmağa başladı.
…salam, çox hörmətli…`
Dayandı. Son günlərin masada qalaqlanmış qəzetlərini bir-bir götürüb baxdı. Oğlunun əli qandallı şəkilləri bütün qəzetlərin manşetində idi. Baxdı-baxdı və düşündü ki, əvvəlcə oğlunun çox yaxşı bir jurnalist olması haqda yazsın. Yazdı ki, onu hər kəs tanıyır, o bu ölkənin beş-on tanınmış jurnalistindən biridi axı.Araşdırmaları ilə məşhurdu. Dərin savadlıdı, uzaq görəndi, proqnozları həmişə düz çıxır. O, sizin atanızı dəstəkləyirdi. Hətta sevirdi. Düzdü arada bir az başqa cür də yazmaqları olmuşdu. Lakin mən həmişə onu danlayırdım belə yazılarına görə.Elə anası da danlayırdı. Oğlum əslində hər zaman atanıza və sizə sadiq olub. Onun heç bir günahı yoxdu. Onu nahaq tutublar. Böhtana salıblar. O, vətən xaini ola billməz. Onun bütün gördüyü işlər ortadadı. Qəzetçi adamdı, məqalə yazır, konfranslarda çıxış edir, nə pis işi ola bilər ki.
Qoca dayandı. Əlini saxlayıb yazdıqlarını bir daha oxudu. Sonra bu yazdıqlarını kənara qoyub yeni vərəq götürdü.
Yazdı ki…
"Möhtərəm Prezident, mən 83 yaşlı qocayam. Bu uzun ömrümdə çox çətinliklər, əzab-əziyyətlər görmüşəm.Böyük Vətən müharibəsində qardaşımı, dinc dövrdə 13 yaşlı qız övladımı itirmişəm.Çox çətində olsa bu müsibətləri yaşamışam.Amma bu gün mənim və ailəmin həyatında ən ağır gündür. Bircəoğlum həbs edilib. Özüdə elə ağır bir ittihamla. Nələr çəkdiyimi sizə çatdırmaqda acizəm…“
Qoca qələmi vərəqdən çəkdi.Durmadan axan gözyaşlarını əlinin dalı ilə sildi. Ağlamaq olmazdı. Rəfiqə oyaq olarsa başa düşəcək ki, ağlayıb. Ürəyi qısılacaq. Ağlamaq olmaz. Qətiyyən olmaz. Iş görmək lazımdı. O günahsız uşağı ordan çıxarmaq üçün bir iş görmək lazımdı.
Bütün bu düşüncələrdən və əlinin dalı ilə üzünün qırışlarında göllənmiş gözyaşlarını bərk-bərk qurudandan sonra, daha birdilbilməz damcı üzüaşağı yuvarlandı.Qoca bu damcınıköynəyinin qolu ilə sildi. Əslində o ağlamırdı.Ağlamağın mənasız olduğunu ondan yaxşı bilən yox idi.Damcılar öz-özünə süzülürdü.Və o qədər öz-özünə ki, onun daxilində qərar tutmuş hazırkı təmkinə və işgüzarlığa heç bir aidiyyatı yox idi bu gözyaşlarının.Gözlər iradəsindən kənar fəaliyyət göstərirdi ki, bu da qocanın zəhləsini tökməkdə idi.Əsəbləşirdi, lakin əhəmiyyət verməməyə çalışaraq davam edirdi.
Birinci abzası hazır idi.Bir də oxudu. Yaxşı idi. Belə qala bilər.Bundan sonra nə yazsın. Düşünürdü. Ayırıb qoyduğu və yüz dəfə – bu 3 gündən bəri düz yüz dəfə – baxdığı qəzetləri bir daha vərəqlədi..yenəgözlər hərəkətə keçdi, gözyaşları sellləndi.
…Şəkillərdə oğlu boğulmuş kimi idi, tutqun, çaşqın. Biləklərində qandal. Ağlagəlməz gündə. Qoca o yeniyetmə, cəmi 13 yaşlı, çiçək kimi incə, gözəl qızını itirdikdən sonra yerdə qalan yeganə övladını da itirəcəyinio qədər düşünmüşdü ki.İllərdi qorxa-qorxa yaşamışdı. Ölümdən qorxurdu. Bir daha gəlməsin, getsin gəlməsin deyə Allaha yalvarmışdı illərlə.Ölüm çox çarəsiz bir şeydi.Lakin belə bir mənzərə, bu qandallar, bu məhbəs qətiyyən ağlına gəlməmişdi.
Daha bir göz yaşı yuvarlandı üzü aşağı. Bu dilbilməz damcını da o biri dilbilməzlər kimi köynəyinin qolu ilə dəf etdi.Ağ köynəyin qolu damcı-damcı nəm-nəm göbələklənməkdə idi.O da yazısına davam etməkdə.
Yazdı ki…
`Möhtərəm Prezident, sizə və atanıza qarşı özümdə həmişə dərin hörmət hiss etmişəm.Həyat yoldaşım Rəfiqə xanım şəkər xəstəsidir.Həmişə dərmanlarını, təqaüdümüzü alanda sizə, balalarınıza dua edir.Biz bu yaşda heç kəsə möhtac olmadığımız üçün sizə minnətdarıq.Seçkilərdə ailəliklə sizə səs vermişik.Bunu sidq ürəkdən inanaraq etmişik. İnanmışıq ki, təhsilinizlə, təcrübənizlə mütləq bu ölkəni bir yerə gətirib çıxaracaqsınız. İnşallah belədə olacaq`
Qoca yalan demirdi.Həqiqətən Rəfiqə xanım bir həftə əvvəl bütün bir aylıq pensiyasını 3 dənə və cəmi 20 günə yetəcək dərmana verəndə xeyli dua etmişdi ona.Qoca isə yavaş və titrək səslə `…dua elə, oğlunun gözündən uzaq` deyib gülmüşdü.Sonra da `Bütün ayı mənim hesabıma yaşayacaqsan` demişdi.`Buna da şükür` demişdi Rəfiqə xanım.Qoca da cavab vermişdi ki; `Əlbətki, şükür`.
Oğlunun qolu qandallı şəkillərinin altından köhnə bir qəzet görünürdü. `Pensiyaçılar dilənçiyə çevrilir`. Təhlil. Region ölkələri ilə müqayisə.Ən pis durum; ən zəngin ölkədə, bizdə…Qoca bu qəzetioğlunun qollu qandallı şəklləri səpələnmiş qəzetlərin altına soxdu. Gizlətdi.
Qoca, önündə yarımçıq yazı, əlində qələm düşünürdü. Oğlunun, indi harada olduğu bəlli olmayan arvadından və 12 yaşlı qızından yazsınmı.Əlbəttə, yazsın.Yazdı ki, indi onlar hardadı bilmirik, çox pərişanıq, anası gecə-gündüz ağlayır.Elə mən də.Yenə damcılar üzüaşağı axmağa başladı.Yenə köynəyin qolları nəmləndi.Yenə davam etdi.Yazdı ki…
Möhtərəm Prezident, mənim oğlum gözəl təhsil almış, “Həsən Bəy Zərdabi” mükafatçısı, “İlin jurnalisti” və sair mükafatların sahibi, Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Dövlətini, vətənini, millətini sevən insandır.Və hər şeydən əlavə saf insandır. O xəyanət etməz, edə bilməz. Bu mümkünsüzdür. Onun nə ilə nəfəs aldığını belə bilirəm.Azərbaycanın milli azadlıq mübarizə illərində birincilərdən idi.1990-cı ilin 20 yanvar gecəsi səhərəcən yaralıları daşımış, şəkillərini çəkmiş, hətta rus zabitlərinin qarşısına əliyalın çıxıb “atmayın, dinc əhalidir” deyə atəşin gur yerində olmuşdur.Həmin gecə səhəcən mən, anası, bacısı küçələri gəzib onu axtarırdıq.Görünür Allahın bizə rəhmi gəldi, ona dəymədi. Sonralar Azərbaycanda aləm qarışanda, hərə torpağımızı bir tərəfə çəkəndə ilk olaraq o,öz məqaləsində deyirdi: “Azərbaycanı bu bəladan yalnız atanız qurtara bilər”. Mən o məqaləni indi də saxlamışam.Oğlum dövrün tarixini yazırdı.
Qoca bu yerdə qələmi kağızın üstünə qoydu. Ayağa qalxdı. Masanın üstünü boya boy tutan qəzetləri çeşidləməyə başladı.İl-il yığmışdı oğlu.Çox səliqəlidi. Nəyi hardan götürsəydi həmin yerinə qoyardı.Uşaqlıqdan belə idi.Lakin qoca həmin məqaləni tapa bilmirdi. Yox idi. Necə tapılmaya bilər.Bəs harda ola bilər. O, səliqəlidi, heç nəyi itirən, qarışıq salan deyil. Bəs bu məqalə hardadır.Həmin ilin bütün məqalələri burdadır.Bircə o qəzetdən başqa.Qoca üç gün idi axtarırdı o yazını.Təkrar-təkrar axtarır və təkrar-təkrar tapmayıb məyus olurdu.
`Nə axtarırsan`, `Heç, elə belə baxıram`. `Axı nəsə axtarırsan`.`Yox, yox, baxıram`.
Qoca həmin məqaləni tapıb məktuba əlavə etmək istəyirdi.Və isbat etmək istəyirdi ki, biz sadiq adamlarıq.Hər zaman da atanıza və sizə… sadiq olmuşuq.
Yaxşı, bəs haradan tapmaq olar.Onun yerini oğlu özü bilər.İndi onu necə görsün, necə soruşsun.Bəlkə sabah vəkillə danışsın. Desin ki, o məqalə hardadı. Yada hansı tarix idi, desin, gedib lap kitabxanadan, arxivdən çıxarar. Bəlkə heç oğlu bilməsin. Bilsə etiraz edər bəlkə.Ən yaxşısı, bilməsin.Heç anası da bilməsin.Hərə bir qulp qoyacaq.Nəticəsini sonragörərlər.
Qələmi yenə götürdü.
Yazdı ki…
`Möhtərəm Prezident, haqqında dövlətə xəyanət ittihamı irəli sürülən oğlum tutulana qədər sutkanın yarıdan çoxunu kampüter qarşısında oturub müstəqil dövlətçiliyimizin inkişafı üçün təhlillər aparır, proqnozlar göstərir, məqalələr yazırdı. Möhtərəm Prezident, mənim oğlum bununla nəfəs alır. Demirəm ki, onun səhvləri yoxdur, çox olub ki yazılarında səhv hesab etdiklərimizi məndə, anası da ona demişik.Elə yazısı olub ki, heç bəyənməmişik, üstünə təpinmişik. Çünkü biz sizə və atanıza inanan insanlarıq.`
Qocanın gözləri yenə qəzetlərə zilləndi. Qandallı qollara baxdı.Sözlər bir-birinə qarışdı.Yadına bəzi şeylər düşdü.Öz sözləri, təpinmələri, qışqırıqlar, oğlunun qapını çırpıb çıxmağı. Çıxarkən `mənə senzorluq etmə` deyə bağırması.Anasının yalvarışları, a bala sənə görə deyir də.bizə yazığın gəlsin, bizə yazığın gəlmir balana yazığın gəlsin. Tənqid etmə, heç təhlil də etmə.Zaman o zaman deyil. Səni tutarlar. Biz ölərik, vallah, ölərik.Ölək, eybi yox.Onsuz da öləcəyik də, qurdnan qiyamətə qalmayacağıq ki.Amma öz canın hayıfdı.
Qoca bu köhnə kinodan gözlərini qaçırdı.Indi bunun yeri deyildi.Bir qələmə, bir vərəqə baxdı və davam etdi.
`Möhtərəm Prezident, məlumdur, uca Allah müxtəlifliyi sevər, sözə deyil, niyyətə baxar.Oğlumun niyyətinin saflığına heç zaman şübhəm olmayıb. Məqalələrində səhvi olubsa, kiminsə könlünə toxunubsa mən bir ata kimi oğlumun əvəzindən üzr istəməyə borcluyam.`
Qoca fikrində dizin-dizin süründü. Gözlərini oğlunun qəzəb dolu gözlərindən yayındırdı. Çünki o, oğlunun günahsız olduğunu isbat etməliydi.Bu, onun atalıq borcu idi.Və edəcəkdi də.Nəyin bahasına olur olsun, edəcəkdi.Çünki bilirdi ki, oğlu vətəni sevir, vətən üçün çalışır, vətəni layiqli yerdə görmək istəyir.Ona görə də həqiqətləri yazır.Hətta o həqiqətlər onun qoluna qandal vursa belə.
Qoca yenə qələmi götürdü. Yazdı ki…
Möhtərəm Prezident, sizdən dönə-dönə xahiş edirəm bizim bu yaşda belə yaralı, gözü yaşlı qalmağımızı rəva görməyəsiniz. Bizi oğlumuza qovuşdurun. Ümidimiz sizədir!"
Qələmi vərəqdən çəkib yazdıqlarını oxudu. Düşündü ki, ümidi olduğunu `atanıza və sizə…` yazsın. Yazdığını bir daha oxudu; yox, bu yerdə düz yazıb; `sizə…` yazılmalıdı.
Məktub bitdi. Qoca kağızı büküb göy pencəyinin cibinə qoydu. Səhəri günü xəlvətə salıb oğlunun vəkilinə verdi.Fikrini bilmək istədi.Vəkil məktubu oxuyub çiynini çəkdi, gülümsədi, `yaxşıdı`, dedi.Məktubuünvanına göndərdi.
Bir gün sonra bütün qəzetlər bu məktubu dərc etmişdi.Bu şəkilli məktub bütün manşetlərin bəzəyinə çevrilmişdi. Bəzi qəzetlərjurnalistin qoca atasının şəkli ilə, bəziləri jurnalistin polis maşınına basılan şəkli ilə, bəziləri hansısa beynəlxalq konfransda çıxış etdiyi yerdə çəkilmiş şəkli ilə dərc etmişdi atanın məktubunu.Başlıqlar da maraqlı idi; `83 yaşlı ata prezidentə müraciət etdi`, `Vətənə xəyanət maddəsi ilə ittiham edilən jurnalistin atasından prezidentə məktub`, `Jurnalistin atası üzrxahlıq edir`.
Axşam vəkil bir qucaq qəzet gətirdi.Rəfiqə xanım gözlüyünü taxıb qəzetlərə baxdı, məktubu gördü, oxudu; `bunu harda yazdın, a kişi` dedi.Qoca bu suala cavab vermədi.Çayından arxayın bir qurtum aldı.
Artıq 3-cü gün keçirdi.Səs-səmir yox idi.Qoca hər an xəbər gözləyirdi.Bəlkə bu məktubdan sonraonu elə prezidentin özü ilə görüşdürəcəklər.Oldu oldu da.Hazırlıqlı olmaq yaxşıdı.Qoca hər gün üzünü təraş edirdi. Arada dolabı açıb cəmi bircə dəfə geyindiyi göy kostyumuna baxırdı. Bunu geyər. Bu yaxşıdı, təzədi, 80 illiyində oğlu almışdı. O da demişdi ki, nahaq əziyyət çəkirsən, ay oğul, mən hara gedirəm ki. Oğlu demişdi ki, `gedərsən, niyə getmirsən ki`
Oğlu hər zamankı kimi uzaqgörən idi. Budur, vaxtı gəlmişdi.Prezident görüşə dəvət etsə geyinib gedər.Mütləq dəvət edəcək, Əmin idi ki, dəvət edəcək.Ən azı nazir dəvət edəcək.Qocanın gözləri yenə doldu. O məktubun gözyaşları görünməyə bilərdimi?
Görünəcəkdi. Qoca gözləyirdi. Qulağı səsdə idi. Düzdü, hələ ki səs-səmir yox idi.Amma bilirdi ki, olacaq. O məktubun səsi mütləq çıxacaqdı.
…Qapı şiddətlə döyüldü.Rəfiqə xanım diksindi.Əlini ağzına aparıb ərinə baxdı.Qoca yerindən qalxdı.`Qorxma` dedi. Amma özünün də ürəyibər-bərk vurmağa başlamışdı. Bu gələn böyüklərin dəvətçiləri olmaya?Əmin idi ki, məktub öz təsirini göstərmişdi.O sətirlərin gözyaşları dağları əridər, qaldı qəlblərola.
Qoca 83 yaşın mümkün cəldliyi ilə ayaqlarını qapıya sarı sürüyürdü.Qapını acdı. Əvvəlcə duruxdu Qapı ağzında xeyli qara qaşqabaqlı adam vardı. Bir dəvəti bu qədər adam niyə gətirsin ki?Ola bilər, ağzında prezident deyirsən.Qoca gülər üzlə qonaqları salamladı, buyurun, dedi.Qara qaşqabaqlılar içəri keçdilər.Elə keçdilər ki, tapdalayıb keçər kimi.
Qoca canfəşanlıqla yer göstərir, ağır çəkmələrini döşəməyə vura-vura otağa girənlərə `buyurun, buyurun` deyirdi. Gələnlərin,təklifi dinləmədən evin ortasında dim-dik dayanmasına baxıb susdu. Onlar da susurdu.`Rəfiqə, çay..` dedi, qoca. Bu ani səssizlikdə demək üçün tapdığı yeganə söz bu oldu.
Qaşqabaqlılardan biri`lazım deyil` dedi. Elə ayaqüstdə əlindəki qovluğu acid.Bir kağız çıxardı.Həmin kağızı qocaya uzadıb; `Evdə axtarış etməliyik.Qonşudan iki şahid çağırın` dedi.
Vətənə xəyanətdə ittiham edilən jurnalistin atasının evindəhəmin gün axtarış apardılar. Evi əllək-vələk etdilər. Kağız-kuğuz, disk, kompyutor… yazı-pozu adına nə vardısa hamısını çəkib ortalığa tökdülər. Sonra da hər şeyi qutulara yığdılar. Əlyazmaları, qəzetləri qutulara qoyanda qoca üç gündən bəri axtarıb tapmadığı qəzeti gördü.`Bir dəqiqə, bir dəqiqə`dedi. Yaşınınvə halının mümkün cəldliyi ilə yerindən qalxdı. `O qəzeti mənə verin, xahiş edirəm, verin, o mənə lazımdı. Neçə gündü onu axtarıram. Gözümdən qaçıb gör harda gizlənib. Işə bax.`
Boyda iki dəfə ondan uzun, yaşda iki dəfə ondan cavan adam qocanın qarşısına keçdi. Qoca bu qara adamın küləyindən bayaq oturduğu yerə çökdü. `Sakit ol dayı, qaytaracağıq`. `O qəzet mənə indi lazımdı. Neçə gündü axtarıram` `Narahat olma, dayı, bizdə heç nə itmir. Qaytarılacaq.`
Cavan, qaşqabaqlı adam bu sözləri rahat və sərt deyirdi. Ayaqlarını az qala bir metr məsafə ilə aralı qoyub qocanın önündə durmuşdu. Qoca tapdalanmış canlı kimi büzüşdü və oturduğu yerin dərinliyinə çökdü.
Həmin gün qoca o səsin zərbəsi ilə büzüşüb düşdüyü yerdən qalxmadı. Gələn gəldi. Gedən getdi. Daşınan daşındı. Sarısını udmuş iki qonşu şahid də çəkilib getdi. Vəkil, haraya gəlmiş bir-iki qəzetçi dost da artıq yox idi. Çünki saat çox gec idi. Qoca oturduğu yerindəoturub hələ də baxırdı.Arada yorğun gözləri ilədağınıq evi dolaşır, bir an sonra yenidən məchullara qayıdırdı. Ağlamırdı. Sızlamırdı. Həyəcansız idi. Qarısı da sakit oturmuşdu. O da altı üstünə çevrilmiş evə baxırdı. Gecədən keçmişdi. Daha gələn gedən, zəng edən yox idi. Bundan sonra olmazdı da.
Rəqfiqə xanım uzun qurcuxmadan sonra əllərini oturacağa dayayıb çətinliklə yerindən qalxdı. Ərinin üzünə baxmadan; dur, dedi, dur. Gedək yataq. Başqa neyləyə bilərik. Əlimizdən nə gəlir…
Qocadan cavab gəlmədi. Qarı dönüb ərinə baxdı. Gözləri yumulu idi. Dur, yerində yat, boynun ağrıyacaq –dedi. Cavab gəlmədi. Yaxınlaşdı. Əlindən tutdu. Əli buz kimi idi.
Səhərisi gün qəzetlər yazdı ki, ağır maddə ilə ittiham edilən jurnalistin atası dünən gecə vəfat etdi. Növbəti xəbər belə idi; Atasının dəfnində iştirak etməsi üçün jurnalistinvəkilləri penitensiar xidmətə müraciət hazırlayırlar. Xəbər hər an yenilənir. Son dəqiqə;Müraciət artıq hazırdı. Müraciət edildi. Müraciət çatıb. Vəkillər cavab gözləyir. Xəbər yenilənir; Penitensiar xidmət susur. Xəbər yenilənir; Hələ də cavab yoxdur. Aha, xəbər yenə yeniləndi, son dəqiqə; budur, cavab gəldi. Bir anda xəbər bütün saytlarda peyda oldu; `Vətənə xəyanət` maddəsi ilə tutulan jurnalist ötən geçə qəfil keçinmiş atasının dəfnində iştirak edəcək.! İzin verildi. Həmin dəqiqənin izlənmə sayı rekord qırdı.
Atasını dəfn etmək üçün jurnalisti bir neçə günlüyə evə buraxdılar. Gəldi, qocanı torpağa tapşırıb getdi. Bu, təzə söhbət idi, valideynlərini dəfn etmək üçün vicdan məhbuslarını bir neçə günlüyə məhbəsdən evə buraxırdılar.
Son illər belə vicdanlı addımların sayı artmışdı.


