Milli Məclisdə “dinləmə” şousu

Hakimiyyət ABŞ-la qarşıdurmanı dərinləşdirir; Bakıdan Vaşinqtona boyat ittihamlar

Fevralın 14-də Milli Məclisdə ABŞ-la bağlı “dinləmə” təşkil olunub. Tədbir ondan iki gün qabaq (fevralın 12-də) Vaşinqtonda, ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən müzakirələrə cavab kimi hazırlanıb. Tədbirin adı da ABŞ Konqresindəki müzakirənin mövzusu ilə eyni olub. ABŞ Konqresində mövzu belə idi: “Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları”. Milli Məclisdəki “müzakirə” isə bu ad altındə təşkil olunmuşdu: "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində".

ABŞ Konqresində çıxış edən konqresmenlər və ekspertlər Azərbaycanla münasibətlərdə insan haqları və demokratiyanın Vaşinqton üçün əhəmiyyətinə vurğu salmışdılar. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç isə deyilən sahələrdə vəziyyətin indiki kimi qalacağı təqdirdə Azərbaycan rəsmilərinə qarşı sanksiyanın mümkünlüyünü dilə gətirmişdi.

Milli Məclisdə isə deputatlar və ekspert kimi dəvət olunanlar ABŞ-ı ənənəvi şəkildə “ermənipərəst mövqe tutmaqda” və Azərbaycana qarşı “ikili standartlar yürütməkdə” ittiham ediblər. Hətta ABŞ-ı Qarabağ üzrə Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırmaq təklifi də səsləndirilib. Təklifin müəllifi deputat Qüdrət Həsənquliyevdir. O deyib: "Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur. Biz ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədri kimi qəbul edəndə səhvə yol vermişik". O, hər hansı məntiqli əsas göstərmədən ABŞ-ı Azərbaycana ikili standartlarla yanaşmaqda da ittiham edib.

Çıxışların hamısında ABŞ-a qarşı hücumlar Qarabağ və ermənilərlə münasibət mövzuları ilə pərdələnib. Milli Məclisdə növbəti dəfə saxta vətənpərvərlik ab-havası höküm sürüb.

Məsələn, ekspert qismində çıxış edən politoloq Elman Nəsirov deyib ki, ABŞ Qarabağ məsələsində Azərbaycana dəstək vermir. O, fikrini belə əsaslandırıb ki, ABŞ “Dağlıq Qarabağ Respublikasına” maliyyə dəstəyi göstərir, bu qondarma respublikanın ABŞ-da nümayəndəliyi var. “Düşünürəm ki, bir gün qondarma Luqansk Respublikası da ABŞ-a müraciət edəcək ki, bizim də orada nümayəndəliyimiz açılsın” deyə o, bəlkə də arzusunu dilə gətirib.

Deputat Çingiz Qənizadə isə bir növ, təşkil etdikləri “dinləmə”nin məqsədini faş edib: “Yaxın bir ay ərzində ABŞ-da Azərbaycanla bağlı iki dinləmə keçirilib. Nə baş verir ki, bir ayda belə iki dinləmə keçirməyə vaxt tapılır və insanlar ora dəvət olunur? Bu dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müəyyən iradlar irəli sürülür”. Onun iddiasına görə, ABŞ-dakı Azərbaycan dinləmələrində “ermənipərəst qüvvələr, erməni lobbisinin nümayəndələri və Azərbaycanda radikal müxalifətə meyilli və onlara bağlı qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən adamlar” iştirak ediblər. Guya məqsəd Azərbaycan hökumətinə təzyiq, səbəb isə hökumətin milli maraqları müdafiə etməsidir.

Deputat Fəzail Ağamalının çıxışında isə yalanın dozası lap kəllə-çarxa qalxıb: “Azərbaycan bu gün beynəlxalq dəyərlərə, Avropa dəyərlərinə, insan haqlarına, demokratiyaya söykənən prinsiplərə əsaslanaraq öz yolunu davam etdirir…”. Fəzail Ağamalı ABŞ hökumətinə “məsləhət” də verib: “Azərbaycana qarşı münasibətlərində öz maraqları çərçivəsində çıxış etsinlər, erməni maraqlarını kənara qoysunlar”.

Fəzail Ağamalının partiyasındakı (“Ana Vətən”) müavini Zahid Oruc da dəstədən kənarda qalmayıb. Amma o, ABŞ-ın Azərbaqycandan demokratiya tələblərini təkcə “erməni lobbisinin işi” kimi təqdim etməyib, daha iri geosiyası məsələlərə baş vurub. “Son dövrlərdə ABŞ-ın siyasi gündəmində Azərbaycanın belə mühüm yer alması təkcə Cənubi Qafqaz siyasətinin önə çıxması ilə bağlı deyil, daha çox Azərbaycanın iki mühüm ölkəyə münasibəti ilə bağlıdır. Biri Rusiyadır, ikincisi isə İrandır”. Zahid Oruc hesab edir ki, Vaşinqton Azərbaycanı anti-Rusiya blokuna qoşmaq və İrana qarşı mövqeyini sərtləşdirməyə təhrik etmək istəyir.
Zahid Oruc sanki ABŞ Konqresindəki dinləmədə Azərbaycanın xarici siyasətdə və insan haqlarına münasibətdə Rusiyaya meyilləndiyi haqda deyilənlərə cavab verirmiş kimi “Azərbaycan anti-Amerika blokunda yer almayıb” deyib. Lakin izah etməyib ki, rəsmi Bakının uzun müddətdir ABŞ-a qarşı Putin hökumətinin ritorikası ilə təbliğat aparmasının adı nədir. Yeri gəlmişkən, onun özü də çıxışını elə həmin ritorika ilə bitirib: “Azərbaycan istəyir ki, burada çalışan səfirlər hansısa bir təlim düşərgəsi kimi xüsusi himayə olunan qüvvələri əllərində saxlamasınlar, Azərbaycanla siyasi münasibətlərini yalnız bir ovuc üçüncü sektor təmsilçilərinin üzərindən qurmasınlar, bir radionu (şübhəsiz, söhbət “Azadlıq” radiosundan gedir – red.) Azərbaycan əlehinə təxribat maşınına çevirməsinlər”.

Deputat Azay Quliyev isə ABŞ təmsilçilərini müzakirələrə çağırıb, onlara “dərs verməyi” təklif edib. “ABŞ nümayəndələrini, o cümlədən Riçard Kozlariç kimi keçmiş diplomatları müzakirələrə dəvət etmək lazımdır. Onda biz onların mövqeyinin subyektiv olduğunu sübut edəcəyik və hamı onların iddialarının mənasız olduğunu görəcək”, – deyə o, bildirib

Deputat Səməd Seyidov isə ABŞ-ın az qala “Erməni dövləti” elan edildiyi bir mühitdə bildirib ki, ABŞ-Azərbaycan münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsindədir. Amma onun fikrincə, rəsmi Vaşinqton Azərbaycanın ona göstərdiyi dəstəyi qiymətləndirmir. Dəstək kimi isə Səməd Seyidov bunları görür: beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-la əməkdaşlıq, Əfqanıstandakı koalisiya qüvvələri üçün tranzit olmaq, qərb ölkələrinin enerji təhlükəsizliyində rol oynamaq. Çıxışının sonunda Səməd Seyidov da ABŞ-ı erməni lobbisinin “fırlatdığını” deyib və insan haqları məsləsindən “təzyiq aləti” kimi istifadə olunduğunu iddia edib.

İqtisadçı Vüqar Bayramov (hazırda ABŞ-da səfərdə olan digər iqtisadçı, Müsavatın keçmiş üzvü və partiya başqanlığına namizəd olmuş Qubad İbadoğlunun qardaşı) da ABŞ-ı “ikili standartlar”da ittiham edib. Amma bu “ikili standartların” özünü nədə göstərdiyini izah etməyib.

***

Göründüyü kimi, Azərbaycan hökuməti ondan insan haqları və demokratiyaya hörmət tələb edən, bunun qarşılıqlı münasibətlər üçün vacib olduğunu israr edən Vaşinqtonla “barışmaz mövqedən” danışmaq yolunu seçib və bundan imtina etmək niyyətində olmadığını göstərir. Bu, artıq ikinci tədbirdir ki, Azərbaycanda insan haqlarının vəziyyətinə dair ABŞ-da keçirilən dinləmədən sonra Bakıda ABŞ-la bağlı dinləmə adı alıtında keçirilir. Bu “deyişmənin” nə qədər davam edə və kimin xeyrinə başa çataca biləcəyini isə yəqin ki, Azərbaycan hakimiyyətində də anlayırlar. Hər halda bu hakimiyyətin ideoloqlarından biri və əsas sözçüsü kimi tanınan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bir müddət əvvəl “Başa düşürük ki, ABŞ nəhəng dövlətdir” deyə etiraf etmişdi. Bu etirafın qarşılığında rəsmi Bakının niyə belə mövqe seçdiyi isə başqa bir yazının mövzusudur.

Materialın hazırlanmasında “Trend” agentliyi və “Amerikanın səsi” radiosunun məlumatlarından istifadə olunub.

Siyasət şöbəsi