Əli Həsənov baş verənləri niyə unudur?

ABŞ-Azərbaycan münasibətlərində “bəzi dairələr” axtarışına çıxanların məntiqi

 
Azərbaycan hakimiyyəti bütün dünyanı inandırmağa çalışır ki, qatıq qara rəngdə olur.  Hamının bildiyi həqiqəti öz yalanları ilə dəyişdirmək cəhdi  hakimiyyətin hobbisinə çevrilib. Bugün  Azərbaycan – ABŞ münasibətlərinin hansı səviyyədə olduğu heç kimə sirr deyil. Münasibətlərdəki soyuqluğu, gərginliyi hiss etmək üçün siyasətçi olmağa da ehtiyac yoxdur. Hakimiyyətin nəzarətində olan mətbuat  orqanları, telekanallar, hökumət təmsilçiləri  son dövrlər fəaliyyətlərini  ABŞ-ın tənqidi üzərində qurublar.  Amma bugünlərdə mətbuata açıqlama verən PA ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  sübut etməyə çalışıb ki, ABŞ-Azərbaycan  münasibətləri  dostluq-qardaşlıq səviyyəsindədir: “Biz ABŞ ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik. Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə əməkdaşlıq davam edir. Bəzi dairələr bu münasibətləri kəskinləşdirməyə çalışırlar, onlar ABŞ mediasında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirirlər. Həmin materiallar bir qayda olaraq gerçəkliyi əks etdirmir və ikitərəfli münasibətləri korlamaq istəyən ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında hazırlanır və yayımlanır: Biz bunların qarşısını almağa çalışırıq və düşünürük ki, ABŞ hökuməti də buna çalışır”-deyə Əli Həsənov bildirib.
 
Görəsən, bu “bəzi qüvvələr”  kimdir, nədir?  Tərəflər bir-birinə qarşı rəsmi səviyyədə etirazlarını ifadə edirlər, sonra da bunu hökumətimiz  “bəzi qüvvələrin fəaliyyəti” kimi təqdim edir.
 
Yəqin, Əli Həsənovun yaddaşında problem yaranıb. Ona görə də bəzi xatırlatmalara ehtiyac duyuruq.
 
İlk dəfə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar “Azərbaycan hakimiyyəti monalit deyil” proqnozunu verdi. Bundan sonra  Azərbaycan hakimiyyəti  Morninqstarı arzuolunmaz şəxs elan etdi və səslənən fikirləri onun öz fəaliyyəti kimi təqdim etməyə çalışdı. Amma bundan sonrakı proseslər də göstərdi ki,  səfir  ABŞ hökumətinin mövqeyini ifadə edib. Ardınca ABŞ prezidenti Barak Obama Azərbaycan kimi ölkələri demokratiyaya təhdid  kimi göstərdi, ABŞ dövlət katibi Con Kerri  İlham Əliyevlə  telefon danışığında Azərbaycanla bağlı narahatlığını ifadə etdi və  öhdəliklərə əməl olunmasının vacibliyiin xatırlatdı. Daha sonra ABŞ konqresində Azərbaycanla bağlı dinləmələr keçirildi, sanksiyalar məsələsi gündəmə gəldi.  ABŞ-ın əsas siyasi İnstitutları Azərbaycandakı vəziyyəti kəskin tənqid etdi. Hətta məsələ ABŞ-la  da yekunlaşmadı. Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul edildi, Avropa Şurasının prezidenti Azərbaycanda sistem dəyişikliyinin zəruri olduğunu dilə gətirdi. Avropa Birliyinin komissarı “Azərbaycanda bıçaq sümüyə dirənib” başlıqlı məqalə yazdı.  ABŞ mətbuatı  “İlham Əliyevin iki üzü” başlıqlı məqalə ilə çıxış etdi. və.s
 
Bunun qarşılğı olaraq məhz Əli Həsənov  ABŞ-la münasibətlərin dözülməz  həddə çatdığını bildirdi. PA rəsmisi Novruz Məmmədov “ ABŞ korrupsiyanın, qanunsuz həbslərin, zorakılığın vətənidir” söylədi. YAP-çı deputat Siyavuş Novruzov  ABŞ prezidentinin erməni lobbisinin təsiri altında olduğunu  ifadə etdi. Hakimiyyətin nəzarətində olan qəzetdə “ Obamanın iki üzü” başlıqlı məqalə dərc olundu.  PA rəhbəri Ramiz Mehdiyev geniş məqalə yazdı və ABŞ-ı xəyanətkar adlandırdı. Ardınca ABŞ departamentinin maliyyələşdirdiyi “Azadlıq radiosu” möhürləndi.  Son olaraq İlham Əliyev  Züqanovla görüşdə  ABŞ-dan şikayətlərini dilə gətirdi.
 
Bütün bunlardan sonra Əli Həsənov iddia edir ki, münasibətlər gözəldi və “bəzi dairələr”  aranı qızışdırır.
 
Çox maraqlıdır, Barak Obama, Con Kerri  ABŞ-da QHT-rəhbəridir, yoxsa İlham Əliyev, Əli Həsənov, Novruz Məmmədov, Ramiz Mehdiyev  vətəndaş cəmiyyətinin üzvləridi?
 
Belə çıxır ki, adını sadaladığımız adamlar  ABŞ və Azərbaycanda 5-ci dərəcəli adanmlardı. Və ya Əli Həsənəov  “bəzi dairələr” deyəndə,  Barak Obamanı, İlham Əliyevi, Con Kerrini, Ramiz Mehdiyevi nəzərdə tutur.
 
Əks halda belə yanaşma olduqca primitiv və absurddur.  Hər iki ölkənin rəhbərləri səviyəsində ittihamlar səsləndirilri, hər iki ölkənin səlahiyyətliləri  mövqe ifadə edir, nəticədə Əli Həsənov “münasibətlərdə gərginlik hiss etmirik”  qənaətinə gəlir.
 
Artıq “bəzi dairələr” ifadəsi də  “analoqsuz inkişaf”,  “ anti-milli qüvvələr”,  “bizim öz yolumuz var” ifadələri kimi  “zibillik” məhsuluna çevrilib.
 
Bəlkə də Əli Həsənovun yumor hiss həddindən artıq güclü olduğuna görə  dövlərlərin mövqeyini  “bəzi dairələr” kimi təqdim  edir. Amma bu qətiyyən gülməli deyil, ağlamalıdır.  
 
Akif