“Lamiyə işi”ndə süni mayalanma əməliyyatı

Çıxılmaz vəziyyətə düşən hakimiyyət məsələni absurd həddə çatdırdı

Şəmkir rayon Icra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirlənidirilən Lamiyə Quliyevanın övladının atasının adı məlum olub. Belə bir iddia ilə jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi haqqin.az saytında məlumat yayıb.

Məlumatda deyilir ki, uşağın atası 1984-cü ildə Ağsuda anadan olmuş Rəsulov Elnur Məmmədrəsul oğludur. Onun özü də şübhəli şəxs qismində Kürdəxanı istintaq təcridxanasında saxlanılıb. Bildirilir ki, Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri də sübut edib.

Iddiaya görə, Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin, o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb.

Elnur Rəsulovla bağlı məlumat “Azadlıq” qəzetinə bir müddət əvvəl daxil olub. Qəzet bu barədə xəbər yayıb. Lakin Elnur Rəsulovun adı açıqlanmayıb. Adının yalnız baş hərfləri qeyd olunub. Çünki Elnur Rəsulovun Lamiyə Quliyevanın uşağının atasının olması iddiası təsdiqini tapmayıb. Ombudsman Aparatının əməkdaşları bu məsələ ilə bağlı onunla görüşüb. Lakin o, Lamiyə Quliyeva ilə qiyabi tanış olduğunu bildirib. Ombudsman bu barədə rəsmi məlumat yayıb. Həmin vaxt bu ANS TV bu məlumata əl gəzdirərək, “süni mayalanma” məsələsini gündəmə gətirmişdi. Lakin Ombudsman bu iddianı təkzib etmişdi.

Indi yenidən bu məsələ gündəmə gətirilib. Görünür, Elnur Rəsulov məsuliyyəti üzərinə götürmədiyinə görə bu üsula əl atıblar. Lakin heç kimi izahat vermir ki, təcridxanada bu necə baş verib? Ictimaiyyət də bu iddianı ciddi qəbul etmir. Sosial şəbəkələrdə yayılan məlumata ironik münasibətlər sərgilənir.

Bundan başqa qadın xəstəlikləri uzmanı, operator-doktor Hakan Tanrıverdiyev Lent.az-a veridiyi açıqlamada bildirir ki, süni mayalandırma üçün xəstəxanaya müraciət edən cütlüklərdən birinci növbədə nikah şəhadətnaməsi tələb olunur. Bundan sonra onlarla xəstəxana arasında sənəd imzalanır: “Bundan əlavə, süni mayalandırma yalnız xüsusi laboratoriyada aparılmalıdır. Bunu hər xəstəxanada da etmək mümkün deyil. Proses yalnız xüsusi süni mayalandırma mərkəzlərində aparıla bilər. Bu prosesi heç kəs özü-özünə də edə bilməz. Laboratoriya şəraitində alınan toxum mayesi (sperm) elə laboratoriya şəraitində də mayalandırılır. Həm yumurtanın toplanması, həm də spermin verilməsi eyni saatda olmalıdır. Proses eyni şəraitdə getməlidir. Əgər qadında problem olarsa, yumurta alınmazsa, bu zaman sperm xəstəxanada xüsusi laboratoriya şəraitində dondurulub, saxlanılır”.

Hakan Tanrıverdi onu da əlavə edib ki, həkim nəzarəti olmadan, kortəbii şəkildə süni mayalandırma aparılması, sadəcə mümkün deyil: “Süni mayalandırmada tək həkim işləmir. Həkimlə bərabər embrioloq da olur. Süni şəkildə mayalandırılmış embrionlar laboratoriya şəraitində xüsusi masada 3-5 gün izlənilir. Sonra güclü embrionlar seçilir və uşaqlıq boşluğuna yerləşdirilir”.

“Azadlıq” dünənki sayında məlumat vermişdi ki, hakimiyyət bu məsələyə görə çıxılmaz vəziyyətdədir. Hüquq-mühafizə orqanları ciddi-cəhdlə faktı ört-basdır etməyə çalışır. Hər dəfə bir absurd məlumat yaymaqla vəziyyəti daha çətinləşdirlər.