Partiya Mingəçevir fəalının həbsilə bağlı bəyanat verdi
Fevralın 13-də Mingəçevirdə AXCP fəalı Qadir Xudabaxşıyev üzərindən tapança tapılması ittihamı ilə həbs edilib. Bununla bağlı AXCP bəyanat verib.
Bəyanatda deyilir ki, Qadir Xudabaxşıyev partiyanın Mingəçevir şöbəsinin keçmiş sədri, hazırda isə fəal üzvlərindən biridir. O, həmçinin Qarabağ müharibəsi veteranıdır. İctimai-siyasi hadisələrə aktiv münasibəti və sosial şəbəkələrdə kəskin tənqidi qeydləri ilə seçilir.
“Qadir Xudabaxşıyev xeyli vaxt idi ki, siyasi fəallığına görə təhdid olunurdu. Onu dəfələrlə Mingəçevir şəhər polisinə apararaq xəbərdarlıq ediblər. Bu baxımdan onun həbsi xəbərdarlıqlara baxmayaraq, siyasi fəaliyyətindən və mövqeyindən geri çəkilməməsinə verilən cavab hesab oluna bilər”, – deyə sənəddə bildirilir.
Bəyanatda qeyd olunur ki, hakimiyyət uzun illərdir ki, AXCP üzvlərini siyasi fəaliyyətlərinə görə müxtəlif şərləmələrlə qanunsuz cəzalandırmaq yolu tutub, son bir neçə ayda təzyiq və təhdidlər daha da şiddətlənib. Yalnız son 3 ayda partiya fəallarından 5 nəfərinə qarşı qondarma cinayət işləri başlanıb, daha 5 nəfəri isə şərlənərək 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
Partiya əmindir ki, Qadir Xudabaxşıyevin həbsi də partiyaya qarşı repressiyanın tərkib hissəsidir, ondan guya silah tapılması isə quramadır. İndiyədək həbs edilən partiya fəalları narkotik, xuliqanlıq və bu kimi başqa ittihamlarla şərləniblər. Qadir Xudabaxşıyevə isə görünür, müharibə veteranı olduğunu nəzərə alaraq, silah “yaraşdırıblar”.
AXCP bəyan edir ki, bu həbs Azərbaycan hakimiyyətinin siyasi rəqiblərinə düşmən münasibəti bəslədiyinin və ölkədə insan haqlarına qarşı təcavüzkar siyasətinin növbəti təsdiqidir. Bakıda iqtidarın guya müxalifətlə dialoq apardığını göstərən siyasi partiyalarla görüşündən dərhal sonra baş verməklə, bu həbs həm də Azərbaycan hakimiyyətinin gerçək mahiyyətini üzə çıxarır. Bir tərəfdən “dialoq” şousu təşkil edən iqtidar o biri tərəfdən opponentlərinə qarşı siyasi motivli həbsləri davam etdirir.
AXCP bəyan edir ki, Qadir Xudabaxşıyevin müdafiəsi üçün bütün qanunu vasitələrdən sonadək istifadə edəcək və gərəkən addımları atacaq.
Bəyanatda deyilir ki, Hakimiyyətin repressiv addımlarını davam etdirməsi AXCP-nin məvqeyinə indiyədək təsir etmədiyi kimi, bundan sonra da təsir etməyəcək, partiya tutduğu haqlı mübarizə yolundan bi addım da geri çəkilməyəcək.
AXCP yerli və beynəlxalq ictimaiyyəti Qadir Xudabaxşıyevin həbsini diqqətdə saxlamağa, bu qanunsuzluğun aradan qaldırılması üçün mümkün təsir imkanlarından istifadə etməyə çağırır.