Nurəddin Məmmədli: «Azərbaycanda müəllimlərə münasibət bu şərəfli peşəni çox gözdən salıb»
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin bugünlərdə açıqladığı statistik rəqəmlər Azərbaycanda təhsilin bərbad vəziyyətindən xəbər verir. Məleykə Abbaszadə bildirib ki, 2014-cü ilin qəbul imtahanlarında abituriyentlərin 64.7 faizi 200-dən az bal toplayıb. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin 64.7 faizi imtahandan “2", 13.6 faizi ”3", 15.7 faizi “4", 6 faizi isə ”5" qiymət alıb.
TQDK sədrinin sözlərinə görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub.
Ölkə başçısı Ilham Əliyev isə bir müddət əvvəl Azərbaycanda savadlılıq dərəcəsinin 100 faiz olduğunu bildirmişdi. Təhsilin səviyyəsi TQDK sədrinin dediyi kimidirsə, bu halda, onun açıqladığı rəqəmlərlə dövlət başçısının statistikası arasında kəskin ziddiyyət yaranır. Həmçinin, sabiq təhsil naziri Misir Mərdanov təhsil sektorundakı bütün problemlərin baiskarı hesab edilirdisə, hazırkı təhsil naziri Mikayıl Cabbarovun təyinatından iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, real vəziyyətdə cüzi dəyişiklik olub. Təhsil sahəsində köklü dəyişiklər baş verməyib, problemlər hələ də aradan qaldırılmayıb. Məsələyə bu kontekstdən nəzər salanda, təhsil sahəsindəki problemlərin, ən başlıcası, savadsızlığın nədən qaynaqlandığı haqlı sual doğurur. Ali məktəblərə qəbulun səviyyəsindəki aşağı göstəricilərin səbəbi nədir? Niyə təhsil sektorumuz mövcud bataqlıqdan xilas ola bilmir?
Professor Nurəddin Məmmədli ölkədə elm və təhsil sahəsindəki problemlərin bütün sektorlara təsir göstərdiyini bildirir. Onun sözlərinə görə, son illərdə ali məktəblərə qəbul ballarının aşağı salınması nəticəsində savadsız gənclər də tələbə adını qazanıb: “Təhsilimizin hazırkı duruma duşməsinin bir çox səbəbləri var. Təhsil sistemində çalışanların maddi durumu kifayət qədər aşağıdır. Dünyanın heç bir ölkəsində müəllimlər bizdəki kimi aşağı tariflərlə fəaliyyət göstərmir. Orta məktəblərdə müəllimlərə münasibət bu şərəfli peşəni çox gözdən salıb. Müəllimlərin seçki saxtakarlığına geniş şəkildə cəlb olunması, məktəblərdə müasir tədris metodlarının düzgün qurulmaması kişi müəllimlərin çıxdaş olmasına, təhsil obyektlərinin qadın müəllimlərin öhdəsinə düşməsinə səbəb olub. Bu da çox təhlükəli prosesdir. Dünyada belə bir təcrübə yoxdur. Ölkədə müəllim kadrlarının seçilməsi, yerləşdirilməsi və tədris prosesində təkmilləşməsi prosesinin özündə ciddi qüsurlar var. Bütün bunlara nəzər yetirəndə təhsilimizin nədən belə bir vəziyyətə düşməsinə tərəddüdsüz cavab vermək mümkündür”.
Nigar