Azərbaycan Avropanın qaz istəyini ödəyə biləcəkmi?

Məhəmməd Talıblı: «İndiki mərhələdə Azərbaycanın Avropaya 20 milyard kub metr qaz ixrac etməsi real görünmür»

Beynəlxalq aləm Azərbaycanın enerji sahəsində götürdüyü öhdəliklərin icrasını tələb etməkdədir. “Cənub qaz dəhlizi”nin Məşvərət Şurasının Bakıda keçirilən ilk iclasında Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi diqqət mərkəzində durub. Bundan başqa, TANAP və TAP layihələri ətrafında da müzakirələr aparılıb.
Qeyd edək ki, iclasda “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin – Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Italiya, Bolqarıstanın enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və Inkişaf Bankının, SOCAR-ın, “BP-Azerbijan”ın, TANAP və TAP konsorsiumlarının və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak edib.

Iclasdan sonra Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç deyib ki, Məşvərət Şurasının ilk iclasının iştirakçıları “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsində yarana biləcək problemləri, layihənin gələcəkdə irəliləyişi məsələlərini müzakirə ediblər.
Onun sözlərinə görə, Ukraynadakı böhran Avropaya neft və qaz tədarükünə mənfi təsir edir və bununla əlaqədar olaraq Avropa Ittifaqının enerji resurslarının tədarükü marşrutlarının şaxələndirilməsinə ehtiyacı var. Şevçoviç vurğulayıb ki, hazırda “Cənub qaz dəhlizi” Avropa üçün prioritet təşkil edir: “Bu layihəyə cəlb edilən hər bir ölkə dəhlizin təhlükəsizliyini təmin etməlidir”.
“Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurasının ilk iclası zamanı Azərbaycan qazının Avropaya tədarük həcminin artırılması məsələsi də müzakirə olunub. Şevçoviçin sözlərinə görə, layihə texniki cəhətdən 10 milyard kubmetr qaz tədarük etmək iqtidarındadır, lakin bu göstəricini 20 milyard kubmetrədək artırmaq olar: “Şahdəniz” yatağının geniş imkanları var".
Şevçoviç qeyd edib ki, Türkmənistan da Avropa Birliyinə qaz tədarük etmək istəyir: “Lakin Türkmənistandan Azərbaycana qaz nəqli məsələsini həll etmək lazımdır. Bu, həll edilməli olan texniki və hüquqi məsələləri nəzərdə tutur”.

Bəs Azərbaycan ondan tələb olunanları yerinə yetirə biləcəkmi?

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanın qaz ixracatı ilə bağlı enerji layihələri 2019-ci ildən başlayacaqdır. Yəni yalnız bu müddətdən sonra real ixrac imkanları yarancaqdır. 2019-2020-ci illərdə Azərbaycanın ixracat gücünün 16 milyard kub metr olacağını deyən M.Talıblı bildirdi ki, bu ixracatın 6 milyardı Türkiyə üçün, 10 milyardı isə Avropa üçün nəzərdə tutulub: “Azərbaycanın ixracatında 20 milyard kub metr 2024-cü ildən sonra  mümkün ola bilər. Amma indiki mərhələdə Azərbaycanın Avropaya 20 milyard kub metr qaz ixrac etməsi real görünmür. Bu Avropanın marağında ola bilər ki, bazarda Azərbaycanın payı mümkün qədər artsın. Bu zaman Rusiyanın bazardakı payı da azalmış olur. Amma illik tələbatı 500 milyard kub metr olan Avropanın tələbatlarını Azərbaycanın qaz ehtiyatları hesabına ödəmək mümkün deyil”.

Xəyal