Azərbaycan hakimiyyəti RATI rəhbərini həbs etməkdə israrlıdır
Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) rəhbəri Emin Hüseynovla bağlı yeni məlumatlar yayılıb. Qeyd edək ki, iki gün əvvəl Isveçrənin Milli SRF telekanalında yayımlanan “Rundschau” verilişində Emin Hüseynovun bu ölkənin Azərbaycandakı səfirliyində qorunduğu barədə məlumat yayılıb.
Verilişdə Emin Hüseynovun “səfirlik sığınacağı”nın detalları açıqlanır. “2014-cü ilin avqustu idi. Hər dəqiqənin əhəmiyyəti var idi. Emin Hüseynov özünü Isveçrə vətəndaşı kimi qələmə verərək polisin təqibindən yaxa qurtara bildi”,- deyə hüquq müdafiəçisi Florian Irminger dramatik hadisələri Isveçrə telejurnaslitinə belə təsvir edir və bildirir ki, həmin vaxtdan Emin səfirliyin binasında gizlənir.
Rundscahu-nun rəsmi sorğusuna cavab verən Isveçrə Xarici Işlər Nazirliyi bildirib ki, Emin Hüseynova “humanitar əsaslarda” sığınacaq verilib. “O vaxtdan biz Azərbaycan hökuməti və rəsmiləri ilə çıxış yolu tapmaq üçün məsələni müzakirə edirik”, – deyə nazirliyin yazılı cavabında bildirilir.
Dünən isə ABŞ-ın “Foreign Policy” jurnalı bu barədə yazıb. Yazıda Emin Hüseynovun Isveçrə səfirliyinə sığındığı bildirilib.
Qeyd edək ki, bu məsələnin 6 aydan sonra gündəmə gəlməsi Azərbaycan hökuməti ilə danışıqların müsbət nəticəsi vermədiyini göstərir. Bu mövzuya diqqət ayıran beynəlxalq KIV-lər də Emin Hüseynov məsələsində diplomatik gərginlik yaşandığını bildirir.
Bu arada fikir azadlığını müdafiə edən 95 təşkilatı özündə birləşdirən IFEX qlobal şəbəkəsi Emin Hüseynovun Isveçrənin Bakıdakı səfirliyində gizlənmək məcburiyyətində olması haqqında məlumatlardan narahatlığını bildirib.
Contact.az saytının məlumatına görə, bu narahatlıq IFEX-in Azərbaycanın dövlət başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevaya, YUNESKO-nun baş direktoru Irina Bokovaya, BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Raad Əl-Hüseynə və BMT-nin söz azadlığı məsələləri üzrə xüsusi məruzəçisi Devid Keyuya məktubunda ifadə olunub.
Müraciətdə deyilir ki, Hüseynov çoxdan Azərbaycanda ifadə və KIV azadlığının müdafiəsi ilə məşğuldur. Son on ildə o, yüzlərlə jurnalisti, blogeri və müstəqil fəalı müdafiə edib. Lakin son altı aydır ki, Emin bu mühüm işini davam etdirmək iqtidarında deyil.
Azərbaycanın Xarici Işlər Nazirliyi(XIN) də məsələyə münasibət bildirib. “Emin Hüseynov barəsində Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib”,- deyə XIN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, Emin Hüseynovun 1.575.956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247.551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığı müəyyən edilib: “7 iyul 2014-cü il tarixindən etibarən Emin Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq Isveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənib”.
H.Hacıyev deyib ki, konstitusiyaya əsasən, hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ var.
XIN-in bu açıqlamasında da görünür, Azərbaycan hakimiyyəti Emin Hüseynovu həbs etməkdə israrlıdır.