Putin Donetsk və Luqanskı əlində saxlaya bilmədi

Minsk razılaşmasına baxmayaraq, Rusiya qarşı yeni sanksiyaların qüvvəyə minməsinə qərar verildi

Minskdə keçirilmiş 16 saatlıq görüşün nəticələrinə baxmayaraq, Avropa Birliyinin Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar fevralın 16-da qüvvəyə minəcək. Bunu Brüsseldə Avropa Birliyinin sammitində iştirak edən Almaniya kansleri Angela Merkel də təsdiqləyib. O bildirib ki, yeni sanksiyalar Rusiyameylli separatçıların Mariupola hücumlarına cavabdır.
Yeni sanksiyalar 19 nəfərin və 9 təşkilatın Avropa Birliyi ölkələrindəki əmlakı üzərinə həbs qoyulması, ona viza verilməsinə qadağa qoyulmasını nəzərdə tutur. Amma konkret kimlərə şamil olunduğu hələlik açıqlanmayıb.
Bununla belə, sammit Avropa Komissiyasını zərurət yaranarsa, Rusiyaya qarşı növbəti sanksiyalar hazırlamağa çağırıb.
Merkel qeyd edib ki, Avropa Birliyi Moskvanın addımlarına “reaksiya vermək” imkanını özündə saxlayır. Kansler vurğulayıb ki, Ukraynanın şərqində atəşkəs barədə fevralın 12-də Minskdə razılaşma əldə olunmasından sonra Rusiya sözdən əmələ keçməlidir.
Avropa Birliyinin rəhbəri Donald Tusk da deyib ki, zərurət yaranacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar qəbul olunacaq: “Yeni sanksiyaları müzakirə etməmişik. Ancaq sonuncu iclasda qəbul etdiyimiz sanksiyaların ləğvi barədə də düşünmürük”.
Bu arada, Minsk sazişinə baxmayaraq, Ukraynanın şərqində döyüşlər davam edir. Artyomsk-Debaltsova şossesində yerləşən Loqvinovo qəsəbəsi separatçılarla Ukrayna ordusu arasındakı döyüşlərin episentri olub. Kiyevdən verilən məlumata görə, ötən gün Ukraynanın 8 əsgəri həlak olub, daha 34 nəfər yaralanıb.
Ukraynalı döyüşçülərə istinadən “Interfaks”ın yaydığı məlumata görə, Loqvinovo separatçıların nəzarətinə keçib. Əsgərlər hərbi döyüş texnikasının çatışmazlığı, koordinasiya və normal kəşfiyyatın olmamasından şikayətlənir.
Poroşenko və Lukaşenko arasında maraqlı dialoq
Ukrayna mediası Minsk görüşünün maraqlı məqamlarından birinin video-görüntülərini yayıb. Həmin görüntülərdə Ukrayna prezidenti Petro Poroşenko ilə Belarus prezidenti Aleksandr Lukaşenko arasında qısa dialoq gedir. Iki prezident danışıqlarda iştirak edən tərəflərdən birinin “çirkli oyununu” müzakirə edir. Poroşenko Belarus prezidentinə “O, çirkli oyun oynayır”. Lukaşenko ona belə cavab verir: “Mən bilirəm, bilirəm. Amma bunu hamı başa düşür”.
Bundan başqa, Poroşenko “ağırdır” ifadəsini işlədir. Ehtimal olunur ki, Ukrayna prezidenti bununla danışıqların gərginliyini nəzərdə tutur.
Video yayılandan sonra Kiyev və Minsk dialoqla bağlı hər hansı açıqlama verməyib.

 
Donetsk sakinləri Minsk görüşü barədə nə deyir?
 
Maraqlıdır, Ukraynanın şərqində döyüş gedən şəhərlərin sakinləri Minsk görüşünün nəticələri barədə nə düşünür? Məsələ burasındadır ki, Belarus paytaxtında Ukrayna, Almaniya, Fransa və Rusiya rəhbərləri arasında atəşkəs danışıqları gedərkən Donetskdə güclü döyüşlər davam edirdi.
“Xəbərlərdən bircə dəqiqə də gözümü çəkmirdim. O görüşü izləyən, siyasətçilərin hər hansı jestindən, gülüşündən, üz ifadəsindən nə isə anlamağa çalışan jurnalistlər kimi mən də sülhə ümid yaradacaq nə isə axtarırdım.
Aydın məsələdir ki, biz informasiyanı əsasən Rusiya telekanallarından və ya döyüşən tərəflərdən birindən alırıq. Bu da birtərəfli olur. Amma informasiya ilə yanaşı, pəncərədən gördüyümüz reallıq da var. Məhz bu reallıq razılaşmaya əməl olunacağına inanmağa imkan vermir. Minskdə siyasətçilər sülh danışıqları apardığı saatlarda burada dinc sakinlər ölürdü. Ona görə də bütün siyasi razılaşmalar etimadsızlıqdan başqa heç nə yaratmır", – deyə Donetsk sakini olan 40 yaşlı Viktoriya bildirib.
 
Ali Rada Krımın işğalına tərəfdar olanları cəzalandıracaq
 
Ukrayna Ali Radası Krımın və Sevastopol şəhərinin işğalının leqallaşdırılması prosesində iştirak etmiş Krım və Sevastopol deputatlarının məsuliyyətə cəlb olunmasını tələb edir. Deputatların cəzalandırmaq istədiyi şəxslər arasında Krımın Ali Şurasının sədri Vladimir Konstantinov, Sevastopol şəhər Şurasının sədri Yuri Doynikov və başqalarının adları var. Ali Radanın qəbul etdiyi qərarda göstərilir ki, bu şəxslər Ukrayna Cinayət Məcəlləsilə cəzalandırılması nəzərdə tutulan ictimai-təhlükəli əməllər törədiblər. Onların “2014-cü ilin martında qanunsuz olaraq, Krımda referendum keçirilməsinin” lehinə səs verməsi cinayətdir.
 
Separatçıların lideri bağışlanmayacaq; Konstitusiya dəyişməyəcək…
 
Bundan başqa, Ali Radada çıxış edən xarici işlər naziri Pavel Klimkin bildirib ki, Minsk razılaşması çərçivəsində tətbiq olunacaq amnistiya insanlığa qarşı cinayətlərin törədilməsində əli olan separatçıların liderlərinə tətbiq edilməyəcək. Nazir onu da qeyd edib ki, danışıqlar zamanı Ukrayna üzərinə ölkə Konstitusiyasına Donbasla bağlı konkret dəyişikliklər edilməsi haqda heç bir öhdəlik götürməyib.
Rusiya tərəfi ukraynalı nazirin bu bəyanatına dərhal reaksiya verib. Rusiya Xarici Işlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Mariya Zaxarova ukraynalı nazirə mövqeyini ifadə etməmişdən əvvəl prezident Poroşenko ilə məsləhətləşməyi tövsiyə edib.
 
Separatçıların liderləri razılaşmada nəyə etiraz edirdi
 
Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının rəhbəri Fyodor Lukyanov ölkəsinin Donetsk və Luqansk vilayətlərinə iddiasından imtina etdiyini bildirib: “Rusiya bu vilayətləri maliyyələşdirməkdən imtina edir. Minsk razılaşması Ukrayna ilə sosial-iqtisadi əlaqələrin, həmçinin pensiya və digər sosial ödənişlərin tam bərpasını nəzərdə tutur. Məhz bu səbəbdən separatçı respublikaların nümayəndələri əvvəl razılaşma sənədini imzalamaq istəməyib. Əslində, bu sənəd Donetsk və Luqansk respublikalarının mövcudluğunu nəzərdə tutmur. Ancaq separatçıların liderləri Zaxarçenko və Plotnitski Rusiya prezidentinin iradəsinə zidd addım ata bilməzdi”.
 
Informasiya şöbəsi