Oqtay Əsədovun “kök” tapıntısı

Yaxud, dialoqa getməyənlərin “kölgə”si

Fevralın 12-də BMM-də keçirilən iqtidar-müxalifət  “dilaoq”una  kifayət qədər geniş münasibət bildirmişik.  Ötən yazılarımızda  əsaslandırdıq ki, bu  “dilaoq”  hakimiyyətin növbəti imitasiyasıdır  və  “islaholunmuşlar” vasitəsilə imic qazanmaq cəhdidir. Amma real müxalifət qüvvələrinin tədbirdə iştirak etməməsi bu  “dilaoq” söhbətinə  tünd kölgə saldı. Ona görə də hökumət olduqca narahatdır və MM-in ötən gün keçirilən iclasında  “dilaoq”da iştirak etməyənlər tənqid obyektinə çevrilib.

Belə ki, YAP-çı deputat Siyavuş Novruzov və hökumətyönlü deputat Qüdrət Həsənquliyev iqtidar-müxalifət dialoqunda iştirak etməyənləri qərəzli olmaqda və tədbirin mötəbərliyinə kölgə salmaqda ittiham ediblər. MM-in spikeri isə daha “müdrik”  davranaraq deputatların “analiz”inə düəzliş edib: “Qüdrət müəllim siz də, Siyavuş Novruzov da bayaqdan «kölgə altında» sözünü işlədirsiniz. Bu qüvvələr neçə vaxtdır ki, dialoq deyirdilər. Ancaq həmin tədbirə qatılmadılar. Bu onu göstərir ki, onlar kölgə altında yox, kök altındadırlar”-deyə Oqtay Əsədov bildirib.

Yaxşı olar ki, Milli Məclisimizə rəhbərlik edən Oqtay müəllim bütün analizlərə belə operativ reaksiya verərdi. Amma biz də başa düşürük ki, hökumətin himayəsi altında olan adam, yalnız müxalifətin kök altında olduğunu iddia edə bilər. 

Əslində, Oqtay Əsədov haqsız da sayılmaz. Həqiqətən də bu tədbirdə iştirak etməyənlər  hakimiyyətin qanadı altına girməkdən imtina etdilər.  Çünki, bu “dilaoq” planında yer almaq, hakimiyyətin bütün qanunsuzluqlarının altına girmək deməkdir. İnsanları şərləyərək həbs edən bir hakimiyyət, ah-nalələrin altına girməyibmi?  “Dilaoq sevdalısı” olan  hakimiyyət, milyardlarla sərvətin altına girməyibmi? Bu hakimiyyətin yarıtmaz siyasəti nəticəsində, vətəndaşlar intihar edib torpağın altına girməyibmi?

Ona görə də Oqtay müəllimin narahat olmasına ehtiyac  yoxdur. Bu hakimiyyət kimi qanunsuzluqların altına girməkdənsə, kök altına girmək şərəflidir. Riyaziyyat qanunlarına görə kvadrata yüksəlməklə kök altından çıxmaq olur. Bu hakimiyyətin “ssenari”sinin altına girənləri isə kökdən çıxaracaq  “teorem”yoxdur.

Ümumiyyətlə isə, real müxalifət bu “dilaoq-görüş”ə kölgə sala bilibsə, deməli hansısa kökdən danışmaq absurddur. Çünki, kök altında olanların kölgə salmaq ehtimalı yoxdur. 

Yəqin, Oqtay Əsədov kökü olanlarla, kök altında olanları qarışıq salıb. Bəli, prinsipial, əqidəli, köklü olanlar, yalanla hökm etmək istəyənlərin planlarını həmişə kök altına sala bilir.

Bugün dialoqa getməyənləri  “kölgə salmaqda” qınayanlar, bu hakimiyətin qarşısında gözü kölgəli olanlardı. Spikerimiz isə unutmamalıdır ki, onun vəzifəsi MM-də oturub “kök” axtarmaq yox,  bu qədər neqativ halların kökünü tapmaqdır

Akif