
Qarabağ əlilləri və şəhid ailələri onlara çatacaq pulun ödənilməməsinə etiraz olaraq bu gün Milli Məclisin qarşısında aksiya keçiriblər.
Aksiya iştirakçıları sığorta pulunun ödənilməsini tələb ediblər.
Qeyd edək ki, 13500 şəhid ailəsinə 11 min manat sosial sığorta haqqı ödənilməlidir. Onlar 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmirlər.
I qrup Qarabağ əlilləri 8800 manat, II qrup Qarabağ əlilləri 6600 manat, III qrup əlillər isə 4400 manat almalıdırlar. Hazırda 11 min əlil var.
Ötən əsrin 90-cı illərinin əvvəlində hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələrdə hərbi xidmətə başladığı andan dövlət tərəfindən məcburi şəxsi sığortalanıblar. Müdafiə Nazirliyi də bunun müqabilində “Azərsığorta” Dövlət Sığorta Şirkətinin hesabına pul köçürüb.
2000 şəhid ailəsi və Qarabağ əlilinə sığorta ödənməsinə dair məhkəmə qərarları da var.
Konstitusiya Məhkəməsi isə 2014-cü il yanvarın 28-də hərbi qulluqçulara şamil olunan icbari sığorta pulunun ödənilməsinə dair qətnamə çıxarıb. Həmin sənədə əsasən Milli Məclis məsələ ilə bağlı müvafiq qərar verməli idi.
Aksiya iştirakçıları Milli Məclisin əsas giriş qapısına qədər gedə biliblər. Lakin polis onların qarşısını alıb. Aksiya iştirakçıları ilə polislər arasında gərginlik yaşanıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və komitənin sədr müavini Musa Quliyev aksiya iştirakçıları ilə görüşüblər. Hadı Rəcəbli bildirib ki, bu cür etiraz aksiyalarının keçirilməsinə ehtiyac yoxdur: “Nümayəndəniz gəlib problemi desin. Bu şəkildə etiraz etmək olmaz. Biz də şikayətinizə baxacağıq” (virtualaz.org).








