
Azərbaycanın Qərblə münasibətlərinin korlanması bir sıra iqtisadi layihələrdə də özünü göstərir. ARDNŞ-in iri beynəlxalq proyekti olan Yunanıstanın DESFA şirkətinin alınmasının əngəllənməsi, Dövlət Neft Şirkətinə qarşı ciddi xəbərdarlıqların edilməsi buna misaldır.
Bu arada Gürcüstanın Rəqabətlilik Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki törəmə şirkəti olan “SOCAR-Georgia” ilə bağlı araşdırmalara başlayıb. Araşdırmalara səbəb “SOCAR-Georgia”nın avtomobil qazı bazarında inhisarçı mövqeyə sahib olması ilə bağlıdır. Gürcüstanın dövlət qurumu hesab edir ki, Azərbaycan şirkəti “Rəqabət haqqında” Qanunun bəzi müddəalarını pozur və digər iqtisadi agentlərlə rəqabəti məhdudlaşdıran müqavilələr imzalayır.
“SOCAR-Georgia”nın baş direktoru Mahir Məmmədov isə “APA-Economics”ə bildirib ki,ÿGürcüstanın baş naziri yanında Iqtisadi Şurada sözügedən məsələ müzakirə olunub.
Azərbaycanın enerji təmsilçisinə qarşı addımların mənbəyinin məhz Qərb olduğu dövlət başçısı Ilham Əliyevin Münhendəki bəyanatlarından da hiss olunur. I.Əliyev AB təmsilçilərinə müraciət edərək bəzi bürokratik əngəllərin aradan götürülməsini istəyib.
Bəs Azərbaycana qarşı bu cür münasibətin sərgilənməsinə səbəb nədir?
Iqtisadçı Nemət Əliyev hesab edir ki, Azərbaycanın Rusiya ilə sıx əlaqələr saxlaması dünya birliyinin diqqətindən qaçmır. N.Əliyevin sözlərinə görə, Azərbaycanın dünya birliyinin yanında olmayıb, Rusiyaya qarşı sanksiyalara qarşı çıxmaması ciddi məqamdır: “Azərbaycanın siyasi rəhbərliyi gərək bunu nəzərə alsın. Əgər ARDNŞ-in Gürcüstandakı fəaliyyətində müəyyən nöqsanlar varsa və araşdırmalar aparılırsa, deməli, bu, hökumətə qarşı bir siqnaldır. Əslində dəfələrlə xəbərdarlıqlar edilib ki, ARDNŞ-də satınalmalar sahəsində ciddi pozuntular var. Düşünürəm ki, Hesablama Palatası, Maliyyə Nazirlyi bu ölkənin maliyyə vəsaitlərinin keşiyində dayanaraq bu sahəyə ciddi önəm ayırmalıdır. Hər bir halda Gürcüstanda araşdırmalara başlanılıbsa, ARDNŞ-in fəaliyyətində şübhəli məqamlar ortaya çıxıb”.
N.Əliyev hesab edir ki, burada bir sıra siyasi niyyət də ola bilər. Çünki, ya Azərbaycan hakimiyyəti avrointeqrasiya siyasətində səmimi addımlar atmalıdır, ya da orta əsr təfəkkürü ilə hərəkət edən Rusiyanın yanında yer almalıdır. “Təəssüflər olsun ki, Azərbaycan məhz Rusiyanın yanında yer almağa çalışır. Azərbaycana qarşı da neqativ münasibətlər məhz buradan qaynaqlanır”, deyə N.Əliyev vurğuladı.
Xəyal