Ərdoğan Putinin yoluyla gedir?

«Türkiyə demokratiyası hücum altındadır. Hakim AKP-nin getdikcə artan mühafizəkar ritorikası dünyəvi Türkiyə Respublikasının tezliklə islamçı rejimlə əvəzlənəcəyi qorxusunu yaradıb. Çoxları narahatdır ki, nəticədə İrandakı kimi şəriət qaydaları ilə idarə olunan repressiv dövlət yarana bilər». Claire Sadar «Foreign Affairs» dərgisində «Ankarada Rusiya xülyası» başlıqlı məqaləsində belə yazır.
 
Ancaq müəllif başqa bir coğrafi analogiyanın daha uyğun ola biləcəyini qeyd edir. Türkiyənin prezident Recep Tayyip Erdoğan-ın hakimiyyəti altında siyasi trayektoriyasına dərindən baxanda aydın olur ki, o, ölkəni islamçı deyil, dünyəvi və avtoritar istiqamətə aparır. Bu ölkə getdikcə Prezident Vladimir Putin-in Rusiyasına bənzəyir.
 
Erdoğan-ın dini təhsil, qadınların cəmiyyətdə ənənəvi roluna vurğu vurması bəzi müşahidəçilərdə belə fikir yaradıb ki, dünyəvilik tezliklə keçmişin qalığına çevriləcək. Ancaq onlar bir faktı unudurlar ki, Erdoğan-ın hərəkətləri hakimiyyət acgözlüyündən irəli gəlir. Bu günün Türkiyəsini 1990-cı illərin ortasındakı Rusiya ilə müqayisə etmək olar. O vaxt Rusiyada demokratik prinsiplərə hücum başlandı. Erdoğan da antidemokratik elementlərlə mübarizə adı altında siyasi rəqiblərini məhv etməyə çalışır. AKP-nin keçmiş müttəfiqi Gülen hədəfə alınıb…
 
«Bu siyasət Türkiyəni təkpartiyalı dövlətə – əhalisi müsəlman çoxluğundan ibarət Rusiyaya çevirə bilər. Yerdə qalan azad media sıxışdırılar, parlament debatları və siyasi rəqabətə son qoyular… Türkiyənin Rusiyaya transformasiyası dayandırıla bilər, ancaq imkan pəncərəsi daralmaqdadır. Erdoğan-ın tezliklə siyasətdən getmək planı yoxdur, amma özünün siyasi müttəfiqlərini yetişdirməyə başlayıb. Özəlliklə, baş nazir Ahmet Davutoğlu onu dəstəkləyir».
 
Müəllifin fikrincə, Qərb Türkiyəni demokratik yola çəkmək üçün bacardığını edə bilər. Məsələn, birinci addım kimi Avropa Birliyi üzvlük danışıqlarının yeni mərhələsinə başlaya bilər. Sonucda AB-yə üzvlük şansı az olsa da, yeni mərhələnin başlanması hazırkı hökumətin insan haqları və hüququn aliliyi sahələrində nöqsanlarını üzə çıxarar. Beynəlxalq ictimaiyyət həmçinin iyunda Türkiyədə parlament seçkilərini diqqətlə izləməli, prezidentin səlahiyyətlərini möhkəmləndirmək üçün konstitusiyanın dəyişdirilməsinə qarşı çıxmalıdır.
 
Vladimir Putin Petro Poroshenko-nun əlini sıxır – 11 fevral 2015
Vladimir Putin Petro Poroshenko-nun əlini sıxır – 11 fevral 2015
«Hər şeydən öncə, Türkiyə hökumətindən getdikcə artan məyusluq başadüşülən olsa da, həm AB, həm də Birləşmiş Ştatlar bu ölkəylə işləməlidir. Siyasi təcrid Türkiyənin avtokratiyaya çevrilməsini yalnız sürətləndirə bilər», – müəllif yazır. (azadliq.org)