akarimli-yeni4

Bəs Krımın taleyi necə olacaq?

Minsk razılaşması ilə Ukrayna və Rusiyanı gözləyən perspektivlər

Təkcə Ukraynadakı münaqişəyə və Rusiyanın özündə, xüsusilə iqtisadiyyatında baş verənlərə ölkəmizdəki böyük oxucu marağı sübut edir ki, vətəndaşlarımız kifayət qədər savadlı və düşüncəlidir. Onlar Ukraynada baş verənlərin bizim ölkəmizin taleyi üçün də önəmli olduğunu başa düşürlər. Baxmayaraq ki, ölkədəki əksər mətbuat orqanları Minskdə əldə olunmuş atəşkəs razılaşması haqda informasiya vermişdi, təkcə “Azadlıq” qəzetinin saytından həmin xəbəri 1 sutka ərzində 45 mindən artıq oxucu oxuyub.

Dünən Minsk razılaşmalarını təhlil etmişdim. Rusiya prezidenti Putinin Qərbin təzyiqi ilə ən azı bu mərhələdə geri çəkilməyə məcbur olduğunu vurğulamışdım. Dünəndən soxlu suallar almışam ki, bəs Krımın taleyi necə olacaq və Rusiyanın bu razılaşmalara əməl edəcəyinə təminat varmı?

Nə birinci (sentyabr), nə də ikinci (fevral) Minsk danışıqlarında Krımın taleyi müzakirə olunurdu. Hər iki danışıqların əsas mövzusu Şərqi Ukraynada atəşkəsə nail olmaq və mümkün olsa, Donetsk və Luqanskdakı rus separatçıları ilə Ukrayna dövlətinin münasibətlərini tənzimləmək idi.

Rusiya rəhbərliyi böyük maddi və siyasi itkiləri gözə alıb, Ukraynanın şərqindəki separatçılığı və dolayı yolla olsa da, Ukrayanaya qarşı savaşı dəstəkləmək qərarı verəndə qarşısına konkret məqsədlər qoymuşdu. Ən mühümlərini belə sıralaya bilərik:

1. Hələ möhkəmlənməmiş Ukraynanı savaşa cəlb etməklə onun demokratik və hüquqi dövlət kimi formalaşmasına mane olmaq. Siyasi-iqtisadi islahatların davamlı olmasına imkan verməmək. Ölkədə hakimiyyət dəyişikliyinə nail olub, bu dövləti yenidən Rusiyanın peykləri sırasına qaytarmaq.

2. Ukraynanın federallaşmasına nail olmaq. Federasiya subyektlərindən ən azı ikisinin (Donetsk və Luqansk) vasitəsilə federal dövlətin qərarlarına veto hüququ əldə etmək və bu yolla Ukraynanın NATO və Avropa Birliyinə inteqrasiyasına imkan verməmək.

3. Şərqi Ukraynada elə gərginlik yaratmaq ki, həm ukraynalılar, həm də Qərb Krımı birdəfəlik unutsun.

Minsk razılaşmalarını analiz etdikdə (səhifəmdə bundan əvvəlki statusa bax) aydınlaşır ki, Rusiya qarşısına qoyduğu birinci 2 məqsədinə nail ola bilmir. Ukrayna siyasi və iqtisadi islahatları uğurla davam etdirir. Hətta Beynəlxalq Valyuta Fondu Ukraynanı tərifləyir ki, ölkədə müharibə getməsinə baxmayaraq, sosial-iqtisadi islahatlar uğurla aparılır. Ukraynanın Avropa Birliyi və NATO-ya inteqrasiya yolunu da heç kim bağlaya bilməyib. Krımla bağlı olan 3-cü məqsəd isə sual altındadır. Ona görə də əsas oxucu marağı bu sualın ətrafındadır ki, Krımın taleyi necə olacaq?

Açıq deməliyəm ki, Krımın taleyi hələ qaranlıq görünür. Ona görə ki, ukraynalılar özləri Krımdan bərk yapışmadılar, Krım uğrunda ilk gündən savaşmadılar. Rusiya Krımı özünə birləşdirəndə Ukraynanın Krımda 23 min nəfər əsgəri var idi. Vuruşmaq əvəzinə Krımı tərk etdilər.

Ukraynada baş verənlər bizlər üçün də bir sadə həqiqətin altını cızır. Beynəlxalq dəstək nə qədər güclü olur-olsun, həlledici yox, yardımçı faktordur. Özü bütün gücü ilə mübarizə aparmayanlara kənardan heç kim güclü dəstək vermir. Ukraynalılar ölkələrində demokratik dəyişiklik naminə Maydanda fədakarlıq etdilər, beynəlxalq aləm də onlara dəstək verdi. Ukraynalılar Donbasın hər metri uğrunda vuruşurlar (təkcə Donetsk aeroportu uğrunda aylarla davam edən düyüşləri xatırlamaq kifayətdir) beynəlxalq ictimaiyyət də onlara dəstək verir. Krım uğrunda isə hələ ki, vuruşmaq fikirləri yoxdur, ona görə də beynəlxalq ictimaiyyətin Krımı Rusiyadan alıb Ukraynaya verəcəyini gözləmək lazım deyil. Hərçənd, dünya Krımın da işğalı ilə barışmayıb və Rusiyaya qarşı sanksiyalar ləğv edilməyib. Krımın özünə isə çox sərt sanksiyalar tətbiq edilib. O sanksiyalarla Krımın perspektivi yoxdur. Və bir gün Rusiyada əhəmiyyətli dəyişiklik baş verdikdən sonra Krımı da Rusiya özü qaytarmalı olacaq Ukraynaya.

İkinci daha çox təkrarlanan sual da Rusiyanın Minsk razılaşmasına əməl edib-etməyəcəyi ilə bağlıdır. Əlbəttə, Rusiyanın bu razılaşmanı da pozmaq, savaşı yeniləmək ehtimalı yüksəkdir. Amma hesab etmirəm ki, zaman Rusiyanın xeyrinə işləyir. Qarşıdakı 1-2 il ərzində Rusiyanın vəziyyəti daha da çətinləşəcək. Sosial-iqtisadi böhran dərinləşəcək, dövlət rezervləri daha da azalacaq. Ölkədaxili siyasi problemlər də kəskinləşəcək. Ukraynada isə əksinə, dövlətin möhkəmlənməsi və inkişafı gözlənilir. Ukraynada həm ordu quruculuğu sürətlənəcək (yeri gəlmişkən, NATO üzvləri olan Polşa və Litva Ukraynaya silah verməyə artıq başlayıblar), həm də beynəlxalq ictimaiyyətin köməkliyi ilə mövcud sosial-iqtisadi böhran aşılacaq, Rusiyadan enerji asılılığı minimuma enəcək. Ona görə də normal məntiqlə Rusiya rəhbərliyi başa düşməlidir: Ukraynadan indi əldə edə bilmədiyini gələcəkdə necə əldə edəcək? Yox, əgər sağlam məntiq işləməsə və “nə qədər pis olsa, o qədər yaxşıdır” və ya “güc varsa, ağıl lazım deyil” prinsipi qalib gəlsə və savaş yenidən başlasa, inanıram ki, növbəti dəfə aldadılmış beynəlxalq ictimaiyyətin anti-Rusiya sanksiyaları daha sərt, Ukraynaya dəstəyi daha birmənalı olacaq. Hər şey bir tərəfə, Ukraynanın yenidən qurulmasına 40 milyard dollar pul ayıranlar həmin pulun batmasına razı ola bilərlərmi?