Sənan Daşdəmirliyə ev dustaqlığı yox, bəraət verilməlidir
AXCP Təşkilat Şöbəsinin rəhbəri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli azad edilib və ev dustaqlığına buraxılıb. Çox gözəl xəbər oldu. Azadlıq verilmir, azadlıq alınır. Rafiq bəyin bütün dostları səylə çalışdılar və hakimiyyət "güzəşt"ə getməli oldu. Mən bunu hakimiyyətin öz üzərindən qınaqları və tənqidləri götürmək və beynəlxalq aləmə bir mesajı kimi dəyərləndirirəm. Biz onun azadlığa çıxması üçün beynəlxalq təşkilat və səfirliklərlə də ciddi işlədik.
Təbii ki, Sənan Daşdəmirli barəsində tarixlərə yazıla bilən bir müdafiə kampanyası aparıldı. Lakin, düşünmürəm ki, o 100% bu kampaniyaya görə buraxıldı. Təbii ki, hər damlanın bir rolu var. Bundan öncə məhkəmə zalından Naxçıvan cəbhəçisi Hicran Qasımov buraxılmışdı. Bu da bir mesaj idi.
Hakimiyyət seçim edir. Əslində, bu bir bazarlıqdır. O, beynəlxalq aləmlə bazarlıq edir. Sənan şərlənərək həbs edilmişdi. Ziyalı bir gənci günahız yerə 3 ay zindanda əzab çəkməyə vadar etdilər. Atasına əzab yaşatdılar. İndi isə ən sadəsindən başlayaraq azad etməyə başlayırlar. Sənan siyasətçi deyil. Bu da onun azad olunmasında rol oynadı.
Mən hesab edirəm ki, beynəlxalq ictimaiyyət hakimiyyətin bu tip “humanist”liyinə aldanmamalıdır. Ümid edirəm ki, digər dostlarımız da tezliklə haqq etdikləri azadlıqlarına qovuşacaqlar.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, haqsız həbs olunmuş heç bir insanın azadlığa buraxılmasına görə hakimiyyətə “təşəkkür” düşmür. Çünki, bu adamların 1 saat həbsdə qalması da ədalətsizlikdir və onların həbsdə qaldığı hər saniyəyə görə hakimiyyət məsuliyyət daşıyır.
Bütün siyasi məhbusların günahsızlığı etiraf edilməli və dərhal azadlığa buraxılmalıdır. İndiki halda baş verənlərə görə Rafiq bəyə təşəkkür düşür. Çünki, o bütün çətniliklərə baxmayaraq, öz haqlı mübarizəsinə davam edir və zülmün qarşısında baş əymir.
Təəssüf doğuran reallıq ondan ibarətdir ki, biz Sənanın ev dustaqlığına buraxılmasına da sevinirik. Azərbaycan reallığında qismən şərlənmək də "uduş" sayılır. Hansıki, onu ev dustaqlığına buraxmaq qərarı, bəraət qərarı ilə əvəz edilməli və ona təzminat ödənməlidir.
Ataya görə balanın həbs edilməsi, azadlıqda qalan atanın da məhkumluğu deməkdir. Allah bütün məhbusların qapısını açsın.


