
Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) Mingəçevir şəhər şöbəsinin keçmiş sədri Qadir Xudabaxşıyev həbs edilib. Guya onun üzərindən silah tapılıb.
Mingəçevir polisinin yaydığı məlumatda deyilir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə əməliyyatı nəticəsində şəhərin Yeni Həyat qəsəbəsindəki 103 saylı evdə yaşayan Ağdam rayonundan olan məcburi köçkün Xudabaxşıyev Qadir Nadir oğlu Vaqif küçəsindəki 17 saylı ünvanda yerləşən kafedə şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan “TT” markalı tapança və güllə sandıqçası tapılıb.
AXCP-dən bu həbsin də ölkədəki siyasi repressiyanın tərkib hissəsi olduğu deyilib. Bildirilib ki, Qadir Xudabaxşıyev Mingəçevirdə AXCP fəallarından biridir. Çox vaxt partiya funksionerləri narkotika ilə şərlənir, Qadir Xudabaxşıyev isə görünür, müharibə veteranı olduğu üçün silah "yaraşdırıblar". O, xeyli müddət idi ki, siyasi fəallığına görə hədəfdəydi. Dəfələrlə şəhər polisinə aparılaraq xəbərdarlıq edilib. Partiya əmindir ki, ondan silahı başqalarından narkotik çıxardıqları kimi çıxarıblar, yəni şərləyiblər.
AXCP-dən onu da xatırladıblar ki, partiyaya qarşı son bir neçə ayda təzyiqlər artan xətt üzrə gedir. Yalnız son 3 ayda 5 nəfər partiya fəalına qarşı qondarma cinayət işləri başlanıb, daha 5 nəfər partiya fəalı isə şərlənərək 30 sutka inzibati həbs cəzadı alıb.