«Qafqazda sülhə və sabitliyə Moskvasız nail olmaq çətindir»
Vəfa Quluzadə: «Züqanov Bakıda Rusiyanın Azərbaycanla bağlı siyasətinin həqiqətlərini söyləyib»
Azərbaycana səfər edən Rusiyanın Kommunist Partiyasının sədri Gennadi Züqanov bir sıra mühüm mesajlar verdi. Əslində G.Züqunovun səsləndirdikləri bir sıra hadisələrin fonunda Qərbə cavab kimi dəyərləndirilə bilər. Bu barədə bir qədər sonra. Səfəri zamanı diqqəti Rusiyanın önəminə yönəldən Züqanov Bakıda bəyan edib ki, Qafqazda sülhə və sabitliyə Moskvasız nail olmaq çətindir.
Məhz bu bəyanat əslində Kremlin Azərbaycana ünvanladığı əsas mesaj kimi dəyərləndirilə bilər. Çünki bu mesajın səsləndirildiyi vaxt da təsadüfi sayılmamalıdır. Qayıdaq Züqanovun bəyanatının səsləndirildiyi situasiyaya. Azərbaycanın dövlət başçısı Ilham Əliyevin bir müddət öncə Almaniyaya səfəri bir sıra mühüm bəyanatların səsləndirilməsi ilə yadda qaldı. Görüşdən sonra keçirilən mətbuat konfransında Merkel bildirib ki, Almaniya Qarabağ münaqişəsinin həllində maraqlıdır: “Biz müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda insan hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında danışdıq. Biz Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi apardıq. Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir. Düşünürük ki, Avropa Şurası, Avropa Birliyi bu istiqamətdə bir təşəbbüslə çıxış edərək münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq”.
AB-nın Qarabağ siyasətinə cavab
Merkel Qarabağ məsələsində Rusiyanın roluna da toxunub: “Mən düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Sadəcə olaraq bunu qeyd etmək istərdim. Düşünürəm ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər”.
Məhz AB-ın Qarabağ probleminin həllində rolunu artıra biləcəyi ilə bağlı bəyanatdan dərhal sonra Rusiya təmsilçisinin fikirləri maraq doğurur. Çünki, heç şübhəsiz, Merkelin Qarabağla bağlı səsləndirdiyi fikirlər Rusiyanın diqqətindən qaça bilməzdi. Ona görə Züqanovun fikirləri AB-yə bir cavab kimi də dəyərləndirilə bilər.
Qarabağdakı son durumla bağlı beynəlxalq aləm də narahatlıq keçirir. ATƏT sədri Ivitsa Daçiç, təşkilatın baş katibi Lamberto Zanyer və ATƏT Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında cəbhə zonasında gərgin vəziyyətin yarandığı xüsusi olaraq vurğulanıb.
Rusiya Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç də qeyd edir ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində vəziyyət çox gərgin olaraq qalır.
ABŞ-ın tanınmış təhlilçisi, Qafqaz üzrə ekspert Sabina Freyzer də müharibə ehtimalını real qiymətləndirir: “Inamın güclənməsi tədbirləri azaldığından, Dağlıq Qarabağda ”təsadüfi müharibə”nin başlaması təhlükəsi qalmaqdadır”.
“Kreml Azərbaycandan istədiyini almaq üçün Qarabağdan istifadə edir”
Maraqlı açıqlamalardan biri isə amerikalı politoloq Pol Qobldan gəlib. O hesab edir ki, bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəqqi gözlənilmir. Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində heç bir tərəqqi istəmir: “Bu il münaqişənin həllində tərəqqi ilə bağlı nikbin deyiləm. Düşünmürəm ki, Ermənistan bunu istəyir və Moskvanın Irəvanı buna sövq etdiyini görmürəm”. Ekspert hesab edir ki, Kreml, yalnız ona Azərbaycandan nə isə lazım olarsa, Ermənistanı hərəkətə sövq edəcək. P.Qoblun qənaətincə, Rusiya bu yaxınlarda, Azərbaycan və Qərb arasında ixtilafa baxmayaraq, Azərbaycandan nə isə ala bilməyəcək.ÿ
Ermənistanın özündə isə münaqişə ilə bağlı elə də nikbin mövqe yoxdur.
Politoloq Vəfa Quluzadə isə hesab edir ki, Züqanov Bakıda Rusiyanın Azərbaycanla bağlı siyasətinin həqiqətlərini söyləyib. Azərbaycan torpaqlarının işğalını təşkil edən dövlətin məhz Rusiya olduğunu deyən V.Quluzadə bildirdi ki, Ermənistanla da sülh müqaviləsinin imzalanmasını məhz Rusiya əngələyir: “Qarabağ probleminin həllinə Rusiyanın ciddi təsiri var. Münaqişənin həlli ilə bağlı qrupa kimi daxil etməyinizdən asılı olmayaraq Rusiya problemin həllini istəmir. Ukrayna Avropa ilə sərhəddə yerləşir. Amma görün Avropa Ukrayna problemini həll edə bilirmi?”.
V.Quluzadə onu da bildirdi ki, Rusiya tarixdə bir dəfə də ermənilərlə azərbaycanlılar arasında sülhə yardım edib. “O zaman Rusiya Ermənistana Zəngəzuru verdi. Daha sonra isə Azərbaycanı 70 il əsarətində saxladı. Bu dəfə də sülhün yaranmasına Rusiyanın dəstəyinin nəylə nəticələnəcəyi bəlli deyil”, deyə V.Quluzadə vurğuladı.
Xəyal