«HSBC Swiss» bankında gizli hesab açanlar arasında Azərbaycandan olan 21 müştərinin adı da var
Bir qayda olaraq avtoritar hökumətlər çirkli pulların yuyulmasında ittiham edilir. Daha dəqiq ifadə etsək, diktatorların, korrupsiyalaşmış rejim liderlərinin ən zəif yeri var-dövlətləridir. Məhz buna görə tez-tez hansısa avtoritar prezidentin gizli pulları, bank hesabları, bahalı villaları, şirkətləri haqqında məlumatlar eşidirik. Bu həm də həmin ölkələrdə olan iri məmur təbəqəsinə də aiddir. Belə ki, avtoritar rejimlər hakimiyyətdə olduqları bütün dövrlərdə dövlətin sərvətlərini mənimsəmək, varidatlarını artırmaq və vətəndaşları səfalətə sürükləmklə məşğul olurlar.
Bu mənada Azərbaycan hakimiyyətinin adı da bu “siyahı”ya düşüb. Ölkənin araşdırmaçı jurnalistləri ölkə rəhbərindən tutmuş, aşağı məmurlara qədər xeyli şəxsin varidatı haqqında məlumatlar əldə ediblər. Bundan əlavə, beynəlxalq araşdırmaçılar da Azərbaycanla bağlı xeyli materiallar dərc ediblər. Ölkə başçısı Ilham Əliyevin ofşor zonalarda 48 milyardının olması, Dubayda mülklər alması haqqında məlumatlar bu gün də rəsmi şəkildə təkzib edilməyib.
Və yaxud məhşur “Vikiliks” saytının məlumatlarında müxtəlif ölkələrlə, o sıradan Azərbaycanla bağlı xeyli iqtisadi-siyasi məqamlar üzə çıxdı. Və bu məlumatlar ölkələrin sonrakı siyasətlərinə təsirsiz ötüşmədi. O zaman bu məlumatları imformasiya sızıntısı kimi təqdim etdilər. Amma prosesin sonrakı gedişi onu göstərdi ki, “Vikiliks”in məlumatları təsadüfi deyil və sırf siyasi məsələdir. Bu məlumatlar vasitəsilə xeyli adamların gizlinləri üzə çıxarıldı və xeyli mesajlar verildi.
Bugünlərdə isə Nyu-Yorkda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIC) Isveçrə bankındakı 100 milyard dollarlıq gizli bank hesablarını açıb. Məlumata görə, 45 ölkədən olan araşdırmaçı jurnalistlər komandasının apardığı araşdırma nəticəsində qlobal bank nəhəngi HSBC-nin Isveçrə şöbəsində – “HSBC Swiss”də insan alveri ilə məşğul olan cinayətkarlardan tutmuş vergidən yayınan məşhurlar, siyasətçilər və şeyxlərin 100 mindən çox gizli bank hesabı üzə çıxıb.
“HSBC Swiss” bankında gizli hesab açanlar arasında Azərbaycandan olan 21 müştərinin adı da var. Azərbaycan bankda dollar hesabı ilə ən çox vəsaiti olan müştərilərin sayına və məbləğə görə 167-ci sıradadır. 1994-2006-cı illər ərzində Azərbaycandan olan 16 müştəri bankda 17 hesab açıb. Bu hesablarda cəmi 3,8 milyon dollar pul var. Müştərilərdən birinin hesabında 1,6 milyon dollar pul yerləşdirilib və o, Azərbaycandan banka ən yüksək məbləğdə pul qoyan müştəridir. Bankda açılan hesabların əksəriyyəti 1998-ci ildən sonraya təsadüf edir, hazırda 12 bank hesabı aktivdir. Azərbaycandan banka pul qoyanların 21 faizinin pasport məlumatlarında onların Azərbaycan vətəndaşları olduqları göstərilib.
Göründüyü kimi, bank hesabları YAP hakimiyyətinin dövrünə təsadüf edir. Əslində isə bu təsadüf deyil. Isveçrə kimi dünya nəhəngi olan bir bankın məlumatlarına nəzarət edə bilməməsi inandırıcı görünmür. Onsuz da demokratik ölkələrin vətəndaşları üçün bu informasiya sızımının elə bir təhlükəsi yoxdur. Çünki, bu ölkələrdə qanunun aliliyi təmin olunur və hər bir vəzifəli şəxs gəlirləri haqqında rəsmi məlumat verir. Deməli, bu informasiya avtoritar rejimlər üçün kompromatdır və onların oğurladıqlarını üzə çıxarmaqdır.
Divin canı şüşədə olduğu kimi, avtoritar hökumətlərin də canı milyardlardadı. Bu baxımdan məlum araşdırmada Azərbaycanın adının hallanması da təsadüfi deyil. Aydın məsələdir ki, milyonlarla dollarlıq yatırımı yalnız məmurlar edə bilər. Yəni indiki halda Isveçrə bankındakı bəzi hesabların ictimailəşdirilməsi növbəti mesajdır. Dünya ilə savaş ritorikasında danışan, demokratik öhdəliklərə əməl etməyən rejimlərə bəyan edilir ki, istənilən vaxt uzun illərin “zəhmət”i hədər gedə bilər. Böyük ehtimalla, belə məlumatlar bundan sonra da tirajlanacaq və daha təfərrüatlı olacaq.
Akif