Hakimiyyət növbəti “dialoq”u yola verdi

Real müxalifətin tədbirə qatılmaması hakimiyyətin növbəti ifşası oldu

Azərbaycan hakimiyyəti son dövrlər ciddi cəhdlə “dilaoq”a can atır. Hakimiyyətin bu istəyinə “müxalifət” partiyaları da müsbət cavab verir. Ötən ilin dekabrın ayında  baş tutmuş ilk “dialoq” tam iflasa uğradı və hakimiyyətin demokratiya imitasiyası baş tutmadı. İlk növbədə real müxalifət qüvvələri görüşdə iştirak etmədi. Digər tərəfdən müxalifət adına tədbirə cəlb olunmuş şəxslərin  müxalifətçi legitimliyi  qəbul edilmədi . Amma dünyanın təzyiqlərindən, yaranmış siyasi krizisdən yayınmaq üçün  hakimiyyət  “dialoq”u davam etdirmək     qərarına gəldi  və Prezident Adminstrasiyası növbəti görüşü təşkil etdi.  Fevralın 12-də BMM-də baş tutan “dilaoq-görüş”də  PA rəsmisi  “müxalifətçi”ləri qəbul etdi və 3 saat  söhbət apardılar.  Dialoqda  müxalifəti  Pənah Hüseyn, Asim Mollazadə, Mirmahmud Mirəlioğlu, Fərəc Quliyev, Rauf Qurbanov, Fazil Mustafa, Yusif Bağırzadə, Qüdrət Həsənquliyev, Əhməd Oruc, Sərdar Cəlaloğlu, Araz Əlizadə, Elşad Musayev, İqbal Ağazadə, Qulamhüseyn Əlibəyli və digərləri təmsil ediblər.
PA rəsmisi Əli Həsənovun giriş nitqindən sonra  KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib və  Əli Həsənovdan ötən dəfəki görüşün nəticləri barədə mediaya açıqlama verməsinin xahiş edib.  Əli Həsənov isə bu barədə siyasi partiyaların sədrlərinə media zalı tərk etdikdən sonra fikir bildirəcəyini deyib.
Görüşdən sonra mətbuata açıqlama verən Əli Həsənov bildirib ki, görüşdə iştirak edən partiyalarla bu cür dialoqun iki aydan bir keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa, Ə.Həsənovun sözlərinə görə, növbəti görüşlərdə müzakirə ediləcək mövzuların əvvəlcədən siyasi partiyalara göndəriləcəyi, onların isə bu mövzular arasında seçim etmək imkanı qazanacaqlarına dair qərar qəbul edilib.
Əvvəla, qeyd edək ki, ötən dilaoqun nəticələrinə dair Əli Həsənov heç bir fikir söyləyə  bilməyib. Ona görə yox ki, təvazökarlıq edib. Ona görə ki, ötən 2 ay müddətində  vəziyyət daha da pisləşib, repressiyalar davam edib, azad mətbuata basqılar qüvvədə qalıb və.s   Yəni,  nəticələr onu göstərir ki, ötən  “dilaoq” yalnız hakimiyyətə  “demokratiya donu” geyindirməkdən ibarət olub.  İkinci dialoqdan çıxan nəticədə bundan ibarətdir ki, hakimiyyət heç bir öhdəlik götürməyib, yaxın günlərdə hansısa sahədə irəliləyiş olacağının anonsu verilməyib.  Deməli, bu “dilaoq”   “Yaşıl eynəkli adam” tamaşasında olduğu kimi əjdaha başı almış “qohum-əqrabanın” görüşüb, dərdləşməsindən başqa bir şey deyil.
Yuxarıda da qeyd etdiyimiz kimi “dialoq”da təmsil olunan heyət  məsələnin mahiyyəti haqqında dolğun məlumat verir. Hər dəfə real müxalifətin tədbirdən imtina etməsi hökuməti olduqca pis vəziyyətə salır və  “plan” baş tutmur.
Məhz buna görə də YAP-çı deputat Siyavuş Novruzov  mətbuata açıqlamasında  AXCP-ni ittiham edib, bu partiyanın dialoqa qatılmamasını xarici dairələrin  sifarişi kimi qiymətləndirib və  Əli Kərimlini Azərbaycan maraqlarını müdəfiə etməməkdə suçlayıb.
Əslində YAP hakimiyyətinin AXCP-yə qarşı bu aqressiyası başadüşüləndir. Çünki, AXCP hər dəfə hakimyyətin  iyrənc planlarını ifşa edir və bu  “ssenari”də rol almaq istəmir.  Ümumiyyətlə, AXCP bu “dialoq”da niyə iştirak etməlidir?
Siyavuş Novruzov, Əli Həsənov və digərləri  BMM-ə toplaşanların əksəriyyətinin müxalifətçiliyini necə təsdiqləyə bilər? Məsələn,  müxaliət kimi təqdim edilən Asim Mollazadə ilə  YAP-çı deputat Səməd Seyidovun fərqi nədədir? Yaxud, Qüdrət Həsənquliyevin, Fərəc Quliyevin, hökumətə münasibəti ilə  Aydın Mirzəzadənin hökumətə münasibətində hansı fərq var?
Yəni, fəaliyyətləti hökumətin monoloquna  haqq qazandırmaqdan ibarət olanlarla, hansı dialoqu qurmaq istəyirsiniz.  Bugün BMM-ə toplaşanlar  hakimiyyətin siyasətini nə zaman ifşa edib, nə vaxt hökumətlə “duet”oxumaqdan imtina ediblər ki, onlarla dilaoq qurmaq zərurəti yaranıb?
Hakimiyyət real müxalifəti “ünsür”, “ermənipərəst”, “anti-milli” adlandırır ki, bunun da BMM-ə yığışanlara aidiyyatı yoxdur.  Məhz buna görə də görüşə  ram olunmuşlar dəvət olunub.
Vicdanlı insanları şərləməkdə davam edən, öz anti-insani siyasətinə haqq qazandıran hökumətin  “ssenari”sində rol oynamaq, bütün  prinsiplərə xəyanətdir.
Bir nəfər irəliləyişdən, inkişafdan, demokratiyadan dəm vurur, 17 nəfər də olmayan inkişafa, irəliləyişə, demokratiyaya  diqqətlə qulaq asır.  Müəllimin şagirdlərə tapşırıq verməsi dialoq  ola bilməz. Müəllim  dərs mövzusunu şagirdlə müzakirəyə çıxarırsa, bu dialoqdur.
İndiki halda  ölkə və dünya ictimaiyyəti real müxalifət qüvvələrini yaxşı tanıyır.  Azərbaycan hakimiyyəti  uzun illər dünyaya  sıramaq istədiyi “müxalifət”in limitinin bitdiyini başa düşür. Ona görə bu dəfə  tərkibi biraz da genişləndirməklə“təbii”lik yaratmaq istəyir. Amma Siyavuş Novruzovun hikkəsi də göstərir ki, alındıra bilmirlər.   Necə deyərlər, köhnə hamam, köhnə tasdır.
Real müxalifət isə öz fəaliyyətini davam etdirir.  AXCP hansısa hökumət nümyandəsi ilə üz-üzə oturmağın deyil, siyasi məhbusların azadlığının, demokratik islahatların aparılmasının, qanunsuzluğa son qoyulmasının həsrətindədir.  

Akif