"Azadlıq" qəzetinin dünənki sayında İstiqlal.az saytına istinadən "Bahar Muradovanın qohumu YAP-çıları işdən çıxarıb" başlıq yazı dərc olunub. Yazıda Abşeron Rayon Dəniz Heft Donanması İdarəsinin keçmiş işçisi Xanlar Ağayev bildirir ki, onu işdən çıxaran idarənin rəisi Daməd İmanov özünü Milli Məclisin sədr müavini Bahar Muradovanın qohumu kimi qələmə verir. Bahar Muradova məsələyə münasibət bildirib. Vitse-spikerin "Azadlıq"a göndərdiyi yazılı mövqeyini təqdim edirik: "Məqalədə adı keçən, Abşeron Rayon Dəniz Neft Donanması İdarəsinin keçmiş işçisi Xanlar Ağayev bildirir ki, 2011-ci ildə onu tutduğu vəzifədən azad etmiş idarə rəisi Daməd İmanov özünü mənim qohumum kimi qələmə verərək bundan sui-istifadə edir. Şikayətçi həmçinin işdən çıxarılması ilə bağlı mənə müraciət etdiyini və heç bir kömək ala bilmədiyini iddia edir.
Yuxarıda göstərilənlərlə əlaqədar bildirirəm ki, mənim Daməd İmanov adlı şəxslə yaxın və hətta uzaq qohumluq əlaqəm yoxdur və onun kimliyi barədə qəzetinizdəki məqalədən məlumatlıyam. Vətəndaş Xanlar Ağayev isə hər hansı problemlə bağlı bu müddət ərzində mənə müraciət etməyib.
O ki qaldı idarə rəhbərliyinin YAP-çılara münasibətinə, bilirsiniz ki, siyasi mənsubiyyət heç bir halda, ümumiyyətlə, qanunvericilik nöqteyi-nəzərindən xüsusi amil kimi nəzərə alına bilməz. Yəni kimliyindən və siyasi yönümündən asılı olmayaraq hamı qanun qarşısında eyni dərəcədə məsuliyyətlidir.
Bütün bunlarla yanaşı, hesab edirəm ki, müstəqil və demokratik bir dövlətin vətəndaşı olaraq hər kəs, o cümlədən Xanlar Ağayev də öz tələblərini istənilən instansiyada müdafiə etmək hüququna malikdir və bunun üçün ölkəmizdə hər cür şərait mövcuddur".