“Azadlıq”a qarşı məhkəmə başladı

Bu gün  Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyevin sədrliyi ilə 15 saylı Yasamal 1-ci seçki dairəsinin 12 saylı məntəqə üzvlərinin “Azadlıq” qəzeti, “Meydan .Tv” və jurnalist Cavid Abdullayevə qarşı  iddiası üzrə hazırlıq iclası keçirilib. Məhkəmədə “Azadlıq” qəzetini nümayəndə kimi vəkil  Namizəd Səfərov təmsil edib.  Eləcə də Cavid Abdullayevin nümayəndəsi qismində vəkil Xalid Bağırov iştirak edib.

Xalid Bağırov məhkəməyə iddia ərizəsinin düzgün tərtib olunmadığını, “Meydan.TV”-nin hüquqi şəxs kimi mövcudluğunun iddia ərizəsində göstərilmədiyini qeyd edib.  Buna görə  məhkəmənin təxirə salınmasını  tələb etdi.
Namizəd Səfərov iddianı qəbul etməsə də,  məhkəmə prosesinin həmin seçki saxtakarlığını bir daha ifşa edəcəyini  bildirib.

Məhkəmə baxışı fevralın 25-i, saat 11:45-də davam edəcək.