Vəkili Vüqar Əliyevlə görüşdü

Adəm Məmmədov: "Lamiyə Quliyeva ilə bağlı baş verənlər Vüqara pis təsir edib"

Vəkil Adəm Məmmədov Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevlə görüşüb. Bu barədə azadlıq.info-ya  vəkil özü bildirib. “Qobustan həbsxanasında müdafiə etdiyim şəxlə təxminən 2 saatlıq görüşümüz oldu.  Lamiyə Quliyeva ilə bağlı baş verənlər Vüqara pis təsir edib. Bundan əlavə Vüqarın ürəyində problemlər yaranıb”.
Vəkil bildirib ki, Vüqar Əliyevin azadlığa buraxılması ilə bağlı ölkə başçısı İlham Əliyevə yazdığı əfv ərizəsini müdafiə etdiyi şəxsə təqdim edib: ”Vüqar heç bir etiraz etmədi. Ərizəyə imza atdı. Biz onu Əfv Komissiyasına təqdim etdikdən sonra mətnini ictimaiyyətə də  açıqlayacağıq”.
Adəm Məmmədov əlavə edib ki, Vüqar Əliyev saxlanma şəraitindən narazılıq etməyib. ”Vüqar həbsxananın keçmiş rəisinin vaxtında çox incidilib. Onu başına gələnləri mərhələli şəkildə ictimaiyyətə açıqlayacağıq”,- deyə vəkil bildirib.