Rusiya qarşısında hərbi güc görməlidir

Razi Nurullayev
 

Ukraynanın məğlub olması, Şərq Tərəfdaşlığının dəfni deməkdir
 
Birinci Pyotr rus xalqına vəsiyyətlər edib. Rus çarları, generalları, baş katibləri və prezidentləri heç zaman bu vəsiyyətdən kənara çıxmayıblar. Bundan sonra da, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq onlar ulu babaları Birinci Pyortrun vəsiyyətini unutmayacaqlar. Rusiyanın bu günkü gündən də ağır günü olub, amma sıçrayıb qalxa bilib.
 
Təbii ki, neftin qiymətinin düşməsi və sanksiyalar Rusiyaya mənfi təsir göstərir. Amma Rusiyanı bizim və dünyanın gözlədiyi şəkildə çökdürmək uzun çəkə bilər. Bəlkə də  mümkün görünmür. Bunu biz və dünya tez başa düşməliyik.
 
Bəs nə etməli?
 
Rusiya önündə güc görməlidir. Hərbi güc. O görməlidir ki, irəli getdikcə qurbanlar verir, hərbi sənayesi sıradan çıxır. O, silahını satmaq üçün yer tapmamalıdır. Amma, sanksiyaların qüvvədə olduğu keçən ildə belə 13 milyard dollarlıq silah satıb. Yenə də satır.
 
Rusiyanı dayandırmağın yolu, onun öz taktikasını özünə qarşı yönəltməkdən keçir. Ona cu cutsu taktikasını tətbiq etmək gərəkdir. Ukrayna tam silahlandırılmalı və separatçıları məhv etməlidir. Rusiya hər gün onlarla tankını və digər hərbi qüvvəsini itirməlidir. Bu baş verməsə Qərb Rusiya ilə savaşı uduzacaq. Təbii ki, bunu deməkdə məqsədim vəziyyəti daha da gərginləşdirmək deyildir. Ən azından vəziyyəti xilas etmək üçündür. Heç olmazsa, Rusiya Krım ilə doysun və Şərq vilayətlərindəki iddiasını geri çəksin.
 
Əvvəla, Putinin xəyallarında imperializm meylləri, "parçala və hökm sür" siyasəti daim dövr edir. Digər tərəfdən, Putin hakimiyyətinin başqa çıxış yolu da yoxdur. Ya sona qədər  müharibə əhval-ruhiyyəsində olduğunu nümayiş etdirərək manevr imkanı qazanmalı, ya da "ağ bayraq" qaldırmalıdır.  Rusiya isə "ağ bayraq" dan imtina edərək,  sona qədər dirəniş yolunu tutub.
 
Əslində isə, bu dediklərim onda fayda verə bilər ki, Qərb zaman itirməsin. Görünən isə budur ki, Qərb tələsmir və zaman da Rusiyanın xeyrinə işləyir. Onlar düşünür ki, iqtisadi sanksiyalar Putini geri çəkilməyə vadar edəcək. Yox, səsla belə düşünə bilmirəm. Ortada, bunun cücərtisi belə yoxdur. 
 
Putin də müşahidə edir ki,  Avropa müharibə deyil, iqtisadi yolla istəyinə nail olmaq istəyir . Ona görə də Putin Avropanın üstünlük vermədiyi  tərəfi işə salır.  Görünür, bu metod müəyyən uğur da qazana bilir. Ən azı Rusiyanın psixoloji üstünlüyünün təmin edir.
 
Bütün bunları nəzərə alaraq ABŞ və Avropa Birliyi  zəif yerinin olmadığını göstərməli və bütün itkilərə rəğmən Ukraynaya hərbi köməyin və yeri gələrsə hərbi əməliyyatlarda iştirakının anonsunu verməlidir.
 
Çünki, Rusiyanın təcavüzkar siyasətinə son qoymaq həm də demokratiyanı təhdiddən xilas etmək deməkdir. 
Bu gün Qərb dünyası bütün parametrlər üzrə Rusiyadan öndədir və bu öncüllükdən istifadə edərək neqativ tarixi tendensiyaya son qoymalıdır.
 
Məsələnin digər tərəfi də var. Ukraynanın acınacaqlı məğlubiyyəti yalnız onun uğursuzluğu olmayacaq. Bu uğursuzluq burulğanında Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan da boğula bilər. Ukrayna məğlubiyyəti Avropa Birliyinin Şərq Tərədaşlığının dəfnidir.
 
Əgər Qərb qətiyyətli deyilsə, o zaman verdiyi qurbanlarla razılaşmalı və vəziyyətin daha da ağırlaşmasının qarşısını almalıdır. Bunun mənası isə budur: onsuz da Şərq vilayətləri heç zaman öncəki kimi olmayacaq. Ukrayan faktiki olaraq Şərq və Qərb təfəkkürünə bürünüb. Şərq Rusiyanı,Qərb isə Avropanı istəyir. Bunu dəyişmək mümkün deyil. Vəziyyəti xilas etmək üçün bəlkə də Almaniya kansleri Angela Merkelin məsləhətinə qulaq asmaq lazımdır. Onun dediklərini diplomatik dildən xalq dilinə çevirsək məna budur: Şərq vilayətlərini də verək Putinə, əvəzində Ukraynanın varlığını saxlaya bilək. Onsuz da şərq heç zaman Ukrayna olmayacaq. Bəlkə də adı Ukrayna qala bilər, amma içi Rusiya olacaq.