Qubad İbadoğlu Arif Hacılıya ağır cavab verdi

Arif Hacılı: "Bu gün anti-müsavat kampaniyasının ön cəbhəsində Qubad İbadoğlu dayanır"

 
Qubad İbadoğlu: "Təkcə iki qardaşınızın mənim ünvanıma söylədikləri uydurma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar"
 
İki gün öncə Müsavat başqanı Arif Hacılı Müsavat Divanının qərarı ilə partiya sıralarından çıxarılan Qubad İbadoğlunu sərt tənqid etmişdi. Arif Hacılı “Bizim missiyamız” başlıqlı yazısında Qubad İbadoğlunu "anti-müsavat kampaniyası" aparmaqda ittiham etmişdi: “Bu gün anti-müsavat kampaniyasının ön cəbhəsində Qubad İbadoğlu və onun ətrafında olan məhdud qrup dayanır. Bu qrup, Müsavata qarşı apardığı mübarizədə böhtan və təhqirlərin həcmi, istifadə etdiyi metodların aqressivliyi, avtoritar rejimin maraqlarını ifadə etmək baxımından, Müsavatı rəqib hesab edən bütün siyasi qurumları, o cümlədən YAP-ı da üstələyib”.  Müsavat başqanı eyni zamanda, Qubad İbadoğlunu Müsavat Partiyasına münasibətdə Zahid Oruc, Siyavuş Novruzov kimi  hakimiyyət sözçülərinin rəğbətini qazandığını da bildirib: “Bu gün hakimiyyətin sözçüləri Siyavuş Novruzov, Zahid Oruc, Etibar Hüseynov, ənənəvi anti – müsavat mövqeyi ilə seçilən Rəsul Quliyev, Zərdüşt Əlizadə, iqtidar təbliğatının ruporu olan televiziya kanalları, mətbuat orqanları Qubad İbadoğlunun və onun ətrafında olan məhdud qrupun təbliğatçısı rolunda çıxış edir. Müsavata qarşı olan bütün qüvvələrin Qubad İbadoğluna dəstək verməsi onun şəxsiyyəti ilə deyil, üzərinə götürdüyü, Müsavatı parçalamaq, partiya içində nifaq salmaq, xalq arasında nüfuzdan salmaq istiqamətindəki davamlı fəaliyyəti ilə bağlıdır”.

Bu gün isə başqanlığa keçmiş namizəd Qubad İbadoğlu Arif Hacılıya “Qəzəb gəldi, ədəb getdi” başlıqlı yazı ilə cavab verib. Qubad İbadoğlu Arif Hacılını ədalət, şəffaflıq, yenilik, dəyişiklik istəyən müsavatçılara nifrət etməkdə ittiham edib. O, Arif Hacılının yazısını "təpədən-dırnağa kimi şər, böhtan, nifrət, irin və çirkab" adlandırıb. Qubad İbadoğlunun şəxsi “facebook” səhifəsindən paylaşdığı həmin yazını təqdim edirik:

"Arif Hacılı 90-cı illərdən qalma klassik üslubuna bir daha sadiqliq nümayiş etdirib, pafos və böhtan dolu bir yazını “bizim missiyamız” adı altında günüzünə çıxarıb və elə hey məni anti-Müsavat kampaniyası aparmaqda, təhqir və böhtan yazmaqda ittiham edib. Hətta yazdıqca bir az da cuşa gəlib, uydurma fikirlərini dırnaq içərisinə salaraq məni qaralamaq üçün ictimaiyyətə nələrisə təlqin etməyə çalışıb. 

Arif Hacılıya gələn vəhyə görə, "Sizin saxta seçkilərdən danışmağa haqqınız yoxdur”, "Hakimiyyətin korrupsiya fəaliyyətindən danışmayın" kimi absurd ittihamları guya mən ya yazmışam, ya da demişəm. Diqqətinizə bir daha çatdırıram, bütün “Facebook” açıqlamalarım səhifəmdədir, silməmişəm, mətbu orqanlara dediklərim isə müvafiq saytlarda qalır. Gedin bir də oxuyun. Görün ki, bütün açıqlamalarımın ruhunda partiya daxilində barışa, sülhə, həmrəyliyə çağırış var. 
 
Ancaq yüz dəfə də oxusanız, bu işığı görə bilməyəcəksiniz, çünki mənə və ədalət, şəffaflıq, yenilik, dəyişiklik istəyən müsavatçılara olan nifrətiniz gözünüzü pərdələyib, qan çanağına döndərib. 
Sizin missiya adlandırdığınız 4 min 500 işarəlik yazınız birinci cümləsindən sonuncuya, təpədən-dırnağa kimi şər, böhtan, nifrət, irin və çirkabla doludur. Tapşırığınızı icra edən simasızları qoyuram bir qırağa, təkcə iki qardaşınızın mənim ünvanıma söylədikləri uyduma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi! 
 
Hakimiyyəti kimin korrupsiya və xalqın sərvətini talamaqda ittiham etməsini görmək üçün gözlük taxmanıza gərək yox. Mənim bütün fəaliyyətim açıqdır, şəffafdır, göz qabağındadır. Mən bağlı qapılara arxasında sövdələşmələrə getmirəm, sözümü, fikrimi açıq, üzbəsurat deyirəm. 
Missiyanızı oxuyub, “təsirlənməmək” əldə deyil. Görün, partiyanı nə günə qoymusunuz ki, partiyadaxili demokratiya və şəffaflıq məsələsində Müsavatı YAP-la müqayisə edirsiniz. Bax budur, Sizin demokratiya anlayışınız! Demokratiya faizlə ölçülmür, Arif Hacılı, az və ya çox demokratiya yoxdur. Demokratiya ya var, ya da yoxdur! 
 
Sizdən fərqli olaraq mənim yeganə istinad mənbəyim ədalətdir. Ona görə də ölkədə insan haqlarının pozulmasına, 100-dək siyasi məhbusun olmasına da etiraz edirəm, 100 illik Müsavatın bu günə qalmasına da. Çünki ədalət istəyən, ilk növbədə, özü ədalətli olmalıdır! 
 
Qaldı yazdığınız “anti – Müsavat mövqeyi ilə seçilən Rəsul Quliyev, Zərdüşt Əlizadə, iqtidar təbliğatının ruporu olan televiziya kanalları, mətbuat orqanları” ittihamına, mən nə Rəsul Qulyevin, nə də Zərdüşt Əlizadənin həqiqi Müsavata qarşı çıxdıqlarını görməmişəm. Məgər Rəsul bəy, Zərdüşt bəy və məni müdafiə edən onlarla digər siyasətçilər düşündüklərini söyləmək üçün Arif Hacılıdan ərizələrinə dərkənar qoymağı gözləməlidirlər?! 
İftira atırsınız, mən iqtidar təbliğatının ruporu olan televiziya kanallarına, mətbuat orqanlarına müsahibə verməmişəm, partiyada barışıq olması, ocağın körüklənməməsi naminə dəfələrlə onların dəvətini geri çevirmişəm. Yalnız ANS kanalında danışımışam. Onda da həmişəki kimi sizə səslənmişəm: “Müsavatı parçalamayaq, gəlin oturub, hər şeyi müzakirə edək, problemdən yeganə çıxış yolu ədalət istəyən müsavatçıların partiyadan qovulması deyil, açıq müzakirədir”, demişəm, bütün sivil vasitələrdən istifadə etməyə çağırmışam.
Gedin yazdıqlarınızı soyuq başla bir də oxuyun, ya da ədalətinə ən çox güvəndiyiniz adama oxutdurun, onda biləcəksiniz ki, bu irin-qan yığnağı Müsavatın missiyası ola bilməz, bu sizin “qəzəb gəldi, ədəb getdi” missiyanızdır. Bu missiyanın isə Müsavata dəxli yoxdur".