Şəmkirin keçmiş icra başçısının yaşadığı evində axtarış aparıldığı iddia olunur
Vüqar Əliyev Ilham Əliyevə yazdığı əfv ərizəsində ilginc faktlar açılayıb; Lamiyə Quliyeva sabah azadlığa çıxa bilər
Vəkil Adəm Məmmədov Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevlə görüşüb. Bu barədə “Azadlıq”a vəkil özü bildirib: “Qobustan həbsxanasında müdafiə etdiyim şəxslə təxminən 2 saatlıq görüşümüz oldu. Lamiyə Quliyeva ilə bağlı baş verənlər Vüqara pis təsir edib. Bundan əlavə Vüqarın ürəyində problemlər yaranıb”.
Vəkil bildirib ki, Vüqar Əliyevin azadlığa buraxılması ilə bağlı ölkə başçısı Ilham Əliyevə yazdığı əfv ərizəsini müdafiə etdiyi şəxsə təqdim edib: “Vüqar heç bir etiraz etmədi. Ərizəyə imza atdı".
Adəm Məmmədov əfv ərizəsinin mətnini də açıqlayıb. Vüqar Əliyev ərizəsində Aslan Aslanovun oğlunun qətli barədə təfərrüatları, bu hadisədən sonra özünün və ailəsinin başına gələnlərdən də yazıb. Vüqar Əliyev bildirib bu hadisədə təqsiri olmasa da, məhkəmə Aslan Aslanovun sifarişilə ona ağır cəza kəsib: “Bu azmış kimi, A.Aslanov qisas məqsədilə az qala bütün nəslimizi müxtəlif bəhanələrlə həbs etdirdi. Belə ki, atamı, anamı, iki xalamı, qardaşımı, qardaşımın arvadını, bibimi, keçmiş nişanlım Lamiyə Quliyevanın anasını və digər qohumlarımızı müxtəlif uydurmalarla, bəhanələrlə, şər-böhtanlarla həbs etdirmiş, eyni zamanda bir sıra yaxınlarımızı da işgəncələrə məruz qoydurmuşdur. A.Aslanov bu məhkəmə proseslərində oğlunun qanı ilə siyasi alver etmək niyyətinə düşmüşdür. Istintaq dövründə A.Aslanov məni Şəmkir prokurorluğunun inzibati binasında, o vaxtkı prokuror Zahid Vəliyevin qarşısında amansız işgəncələrə məruz qoyub. Tələbi isə o idi ki, mən bu qətlin sifarişçisi kimi Vergilər naziri Fazil Məmmədovun adını çəkim. Lakin mən bilirdim ki, belə haqsız bir işə qol çəksəm Sizin sərəncamınızla vəzifəyə təyin edilmiş Fazil Məmmədovun adı ləkələnə bilər və bununla da cəmiyyət arasında müəyyən problemlər yarana bilərdi”.
Adəm Məmmədov əlavə edib ki, Vüqar Əliyev saxlanma şəraitindən narazılıq etməyib. “Vüqar həbsxananın keçmiş rəisinin vaxtında çox incidilib. Onun başına gələnləri mərhələli şəkildə ictimaiyyətə açıqlayacağıq”, – deyə vəkil bildirib.
Bu arada redaksiyamıza Vüqar Əliyevin atası Ibrahim Ismayılovun videomüraciəti daxil olub. Ibrahim Ismayılov müraciətində oğlunun günahsız olduğunu, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun onu qisasçılıq məqsədilə həbs etdirdiyini bildirib. Vüqar Əliyevin atası həmçinin qeyd edib ki, Aslan Aslanov həbsxanada da qisasçılığını davam etdirib. Ibrahim Ismayılov özü və digər ailə üzvlərinin də Aslan Aslanovun təzyiqlərinə məruz qaldığını deyib.
Bundan başqa redaksiyamıza Aslan Aslanovla bağlı maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, Səfər Əbiyev müdafiə naziri olarkən Aslan Aslanova polkovnik rütbəsi verib. Lakin hansı xidmətlərinə görə bəlli deyil.
Qeyd edək ki, Səfər Əbiyev Aslan Aslanovun oğlunun kirvəsi olub.
Axşam saatlarında Aslan Aslanov barəsində daha bir məlumat yayılıb. Musavat.com-un yaydığı məlumatda iddia edilir ki, Aslan Aslanovun evi polislər tərəfindən mühasirəyə alınıb. Bildirilir ki, keçmiş icra başçısının Ayna Sultanova heykəli yaxınlığındakı evində qara maskalıların iştirakı ilə axtarış aparılır.
Bu haqda məlumat verən mənbə deyib ki, Aslan Aslanovun villası qarşısından keçən yol bağlanıb. Hüquq-mühafizə orqanı əməkdaşları ərazidə aparılan tikinti işlərini də dayandırıblar.
“Azadlıq” məlumatla bağlı DIN və Baş Prokurorluqla əlaqə saxlayıb. DIN-dən hər hansı münasibət öyrənmək mümkün olmayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, bu məsələ ilə bağlı mətbuat xidmətində hər hansı məlumat yoxdur.
Sonda qeyd edək ki, sabah Lamiyə Quliyevanın məhkəməsidir. Bakı Apelyasiya Məhkəməsində ona verilən ikinci cəzanın ağırlığı ilə bağlı prokurorluğun verdiyi protestə baxılacaq. Onun azadlığa buraxılacağı gözlənilir.
Xatırladaq ki, Vüqar Əliyev və Lamiyə Quliyeva Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilir. Bu ittihamla Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edilib. Həbsxanada Lamiyə Quliyeva barədə daha bir cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası barədə hökm verib.