
DNT analizinin cavabı bəlli olub; Aslan Aslanovun ölkədən çıxışına qadağa qoyulub
Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Lamiyə Quliyevanın dünyaya gətirdiyi övladı ilə bağlı keçirilən DNT analizinin cavabı məlum olub. Bu barədə APA-ya məlumat verən Penitensiar xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar Isakov bildirib ki, analizin cavabı adiyyatı orqanlara təhvil verilib.
Aslan Aslanovu çətin suallar gözləyir
Bu arada musavat.com məlumat yayıb ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulub. Hüquq-mühafizə orqanlarına yaxın mənbədən verilən məlumata görə, sabiq nazir müavini ölkədən kənara çıxmaq istəsə, onu geri qaytaracaqlar.
Qeyd edək ki, Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilir. Lamiyə Quliyeva bu ittihamla 10 il, Vüqar Əliyev isə ömürlük azadlıqdan məhrum edilib. Lamiyə Quliyevanın anası Kifayət Quliyeva, onun nişanlısı olmuş, hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin atası Ibrahim Ismayılov övladlarına qanunsuz olaraq cəza, işgəncə verilməsində Aslan Aslanovu ittiham edirlər. Deyirlər ki, Aslan Aslanov oğlunun öldürülməsinə görə onların övladları ilə bərəbər özlərinə qarşı da qanunsuzluqlara nail olub. Vəzifəsindən sui-istifadə edərək onların qanunsuz həbslərinə və uzunmüddətli azadlıqdan məhrum edilmələri ilə nəticələnən sifarişlər verib. Həmin sifarişlərin icrası üçün əlindən gələni edib. Vüqar Əliyevin yeməyinə saxlandığı Qobustan Qapalı Həbsxanasında zəhər qatılıb, 4 saylı cəzaçəkmə müəssisəsində saxlanan Lamiyə Quliyeva isə özünü öldürmə həddinə çatdırılıb. Məhkum qadın dəfələrlə özünü öldürmək istəyərək qollarını doğrayıb, özünü asıb.
Araşdırmaların nəticəsi olaraq başlanacaq istintaqda Aslan Aslanovu çətin suallar gözləyir. O, icra başçısı, sonradan isə nazir müavini olaraq faktiki dövlətin qanunlarına qarşı gedib, dövlətin adından çıxarılan məhkəmə hökmlərini saya salmayaraq özünün istəyinə uyğun qərarlar verilməsinə nail olub. Bu əmələrinə görə dövlətin qarşısında cavab verilməlidir.
Aslan Aslanov qətlin motivini dəyişməyə çalışıb
Vüqar Əliyevin vəkili Adəm Məmmədov da “Amerikanın Səsi”nə maraqlı açıqlamalar verib. Adəm Məmmədov bildirib ki, Aslan Aslanovun oğlunun qətli ilə əlaqədar təxminən 12 nəfər həbsdə olub: “Lamiyənin anası cinayət məsuliyyətinə cəlb olunub. Bundan başqa onun keçmiş nişanlısı Vüqar Əliyev, onun atası, anası, xalası, bibisi, qardaşı, qardaşının həyat yoldaşı da həbsdə olub, cinayət məsuliyyətinə cəlb olunub. Bu olay cəmiyyətdə, xalqımız tərəfindən çox mənfi qarşılanan bir haldır. Çünki Aslan Aslanov (Şəmkir rayon Icra Hakimiyyətinin keçmiş başçısı) işlədiyi müddətdə, rayon icra hakimiyyəti başçısı olan vaxt vəzifəsindən istifadə edərək bir nəfərin ölümünə görə bu qanunsuz əməllərə gedib. Hansı ki, aidiyyəti olmayan şəxsləri də qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb etdirmişdi”.
Adəm Məmmədovun sözlərinə görə, Aslan Aslanovun qətlin motivini dəyişməyə çalışıb: “Burada artıq namus məsələsindən söhbət getdiyinə görə çalışıb ki, işin motivini dəyişsin və başqa istiqamətə yönəltsin. Çox təəssüflər olsun ki, bunu da məhkəmədən keçirib. Motivi göstərib ki, torpaq mübahisəsindən doğan məsələdir. Amma halbuki, Şəmkir rayon aqrar islahat komissiyasının 1999-cu il qərarı ilə həmin mübahisəli torpaq hüquqlarını müdafiə etdiyim Vüqar Əliyevin atasının mülkiyyətinə verilib. Aslan Aslanov göstərir ki, guya həmin torpaqla əlaqədar onu ölümlə hədələyiblər. Burada bir məsələ ortaya çıxır, bu bir il əvvəl baş vermişdisə, niyə hüquq-mühafizə orqanlarına müraciət etməyib”.
Günahkar Aslan Aslanovun özüdür
Vəkil bu işlə bağlı baş verənlərdə Aslan Aslanovun özünün günahkar olduğunu deyib: “Bu işdə günahkar olan şəxs Aslan Aslanovun özüdür və onun göstərişlərini icra edən şəxslərdir, sifarişi qəbul edən insanlardır. Lamiyə hadisə törədilən vaxt yetkinlik yaşına çatmayıb. O məhkəmə istintaqında bildirib ki, hadisəni mən törətmişəm. Mən vurmuşam, yəni burada Vüqar Əliyevin heç bir günahı yoxdur. Düzdür ibtidai istintaq və məhkəmə istintaqı belə qənaətə gəlib ki, bunları cəzalandırsın. Həmin dövrdə Lamiyə xanım yetkinlik yaşına çatmadığı üçün, yəni qanunvericilikdə göstərilir ki, 10 ildən artıq cəza verilə bilməz. Lamiyəyə maksimum cəza verilib. 2013-cü ildə o cəzadan azad olunmalı idi. Aslan Aslanov qisasçılıq əməlindən əl çəkməyərək, qisasçılığını həyata keçirərək Lamiyə Quliyevaya iki dəfə qondarma ittiham irəli sürdürmüş, birində bəraət verilib, digərində isə çox təəssüflər olsun ki, cinayət məsuliyyətinə cəlb olunub və 2013-cü ildə azadlığa buraxılmasına maneçilik göstərib”.
Aydın məslədir ki, Lamiyə belə bəyanat verməlidir
Adəm Məmmədovun Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsinə və ona həbsxanada heç bir zorakılıq olmadığı barədə bəyanatına da münasibət bildirib. “Lamiyə xanım qapalı bir şəraitdədir. Aydın məslədir ki, o belə bəyanat verməlidir. Çünki hazırda o cəza çəkir. Həqiqətin üzə çıxması Lamiyə xanım azad olunduqdan sonra dəqiq bilinəcək. Qanunvericilikdə yaxın olmayan, nigahı qeydiyyata alınmayan, nigah münasibətində olmayan şəxsin ana olması nəzərdə tutulmayıb. Ümumiyyətlə görüşməsi, belə bir şəraitin yaradılması qanunvericiliyin tələblərinə birmənalı şəkildə ziddir. Yəni burada qanunvericiliyin tələbləri pozulub. Bu hala şərait yaradan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzarətçilərindən kimlər təqsirkardırsa cinayət məsuliyyətinə cəlb olunmalıdır”, – Adəm Məmmədov vurğulayıb.
Vəkil sonda Lamiyə Quliyevanın azad olunacağını bildirib: “Hesab edirəm ki, Lamiyə Quliyeva həbsdən azad olunacaq”.


