Hakimiyyətin keçmişə qorxulu dönüşü

Anonim şikayətlərə hüquqi qüvvə verilir; “Bundan insanları şantaj üçün istifadə edəcəklər”

Milli Məclis “Vətəndaşların müraciətləri haqqında” yeni qanun qəbul edəcək. Milli Məclisin Insan hüquqları komitəsinin iclasında parlamentin yaz sessiyası müddətində qanunvercilik fəaliyyət planı müzakirə olunub. Komitə sədri Rəbiyyət Aslanova bildirib ki, yaz sessiyası çərçivəsində  “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub.

Onun sözlərinə görə, bu sahədə mövcud qanun dövrün tələblərinə cavab vermir və yeni qanunun qəbulunu məqbul edir. Onun sözlərinə görə, yeni qanun layihəsi dövlət və vətəndaşla idarəetmə mexanizminin daha effektli formasının tapılmasına xidmət edir. Komitə sədrinin fikrincə, hazırda qüvvədə olan qanuna görə, vətəndaşların müraciəti təklif, ərizə və şikayət formasında nəzərdə tutulurdusa, yeni qanunda bu say artırılıb. Qanuna hazırda qüvvədə olan müraciət formasından başqa elektron, şifahi, yazılı, telefon, anonim, kollektiv müraciət, teleradio vasitəsilə edilən müraciətlər də daxildir. Komitə sədri vurğulayıb ki, qanun qüvvəyə mindikdən sonra bütün aidiyyəti qurumlar sadalanan müraciətlərin cavablandırılması üçün məsuliyyət daşıyacaq və qanunun pozulması Cinayət Məcəlləsi, həmçinin Inzibati Xətalar Məcəlləsilə məsuliyyət yaradır.

Bir vaxtlar mövcud olan anonim müraciətlərdən sovet hökuməti belə, imtina edibsə, bu cür müraciət formasına təkrar qayıdışa ehtiyac varmı? Bu sualı cavablandıran hüquqşünas Müzəffər Baxışov yada salır ki, hələ sovet dövründə mövcud olan anonim müraciətlər sonradan ləğv edilib.

Azərbaycanda “Vətəndaşların müraciətlərinə baxılması qaydaları” haqqında 10 iyun 1997-ci ildə qanun qəbul edildiyini xatırladan hüquqşünas deyir ki, qaydaya görə, anonim müraciətlərdə cinayətlərin törədilməsi, hazırlanması barədə məlumatlar olanda onlar əməliyyat orqanlarına göndərilirdi. Müvafiq orqanlar həmin müraciətlərdən bəhrələnməklə cinayətlərin törədilməsinin qarşısını almalıydı: “Bəzən insanlar bir-birindən qəsdən, qisas almaq məqsədilə də belə müraciət formasından istifadə edirlər. Dövlət orqanlarının bu müracətləri araşdırmağa həddən artıq vaxtı getdiyinə görə o, qadağan edildi. Ümumiyyətlə, anonim müraciətlərin araşdırılmasını məqsədəuyğun hesab etmirəm. Düşünürəm ki, burada bir sıra problemlər ortaya çıxacaq.  Problemlərdən biri budur ki, kimin kimdən xoşu gəlmirsə, ondan anonim müraciət edəcək. Qanunvericilik həmin anonim müraciətin araşdırılmasına izacə verirsə, bu proses istər-istəməz dövlət orqanının vaxtını alacaq. Dövlət və hakimiyyət orqanlarında çalışan bir sıra şəxslər öz vəzifəsindən sui-istifadə edir. Həmin anonim müraciətlərdən insanları şantaj etmək məqsədilə, öz ciblərini doldurmaq üçün istifadə edəcəklər”.

Müzəffər Baxışov hesab edir ki, anonim  müraciətlərin araşdırılması deyil, onlara qadağa qoyulması daha perspektivli və uyğun variant olardı: “Həmin məsələ bərpa edilərsə, gələcəkdə hansısa formada onu ləğv etmək məcburiyyətində qalacaqlar”.

Nigar