Etibar Pirverdiyevin səlahiyyətləri əlindən alındı

Növbəti hədəfin Hacıbala Abutalıbov olacağı gözlənilir

Ölkə başçısı Ilham Əliyevin dünən imzaladığı sərəncamla yeni  qurum yaradılıb. Sərəncama əsasən “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinə, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsinə qərar verilib.

Bu sərəncamdan sonra “Azərenerji”nin ləğvi və sədri Etibar Pirverdiyevin işsiz qalması ilə bağlı məlumatlar yayılıb.

Lakin “Qafqazinfo” belə bir məlumat yayıb ki, “Azərenerji” ləğv edilməyəcək. Amma bundan sonra Bakıda olduğu kimi, rayonlara da elektrik enerjisi satışına yeni yaradılmış qurum olan “Azərişıq” ASC nəzarət edəcək. “Azərenerji” isə sadəcə ölkədə elektrik enerjisi istehsalını həyata keçirəcək. Bu isə Etibar Pirverdiyevin səlahiyyətlərinin azaldılması deməkdir.

Etibar Pirverdiyevə qarşı belə bir addımın atılması gözlənilən idi. Hələ bir müddət məlumat yayılmışdı ki, “Azərenerji”nin rəhbəri “yuxarılar”ın hədəfinə gəlib. Xüsusilə hakim ailəyə məxsus Sumqayıt Texnologiyalar Parkının idarə edilməsində yol verdiyi səhlənkarlıq Etibar Pirverdiyev barədə tədbir görülməsini şərtləndirib. Məlumatlarda bildirilirdi ki, Sumqayıt Texnologiyalar Parkının idarəçiliyi Baba Rzayevə veriləcək. Hətta onun “Azərenerji”yə rəhbər gətiriləcəyi də iddia olunurdu. Lakin görünür, Etibar Pirverdiyevin üzərindən xətt çəkmək istəməyiblər.

Bundan başqa bir neçə gün əvvəl ölkə başçısı Ilham Əliyev Xətai rayonunda inşa olunmuş “Ağ şəhər-1″ elektrik yarımstansiyasının açılışında iştirak etmişdi. Həmin mərasimə Etibar Priverdiyev yox, Baba Rzayev qatılmışdı. Bu da artıq ”Azərenerji” prezidentinə etimadın azaldığı barədə iddiaların əsassız olmadığını göstərirdi. Adətən hakimiyyətdə “vurulması” planlaşdırılan kadrlarla belə davranılır. Yəni, onların üzdə olması, sahəsinə aid olan hansısa tədbirə qatılması məqsədəuyğun sayılmır.

Bir məqamı da qeyd edək ki, Hesablama Palatası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, “Azərenerji” və Bakı Şəhər Icra Hakimiyyətində yoxlamaların aparılması barədə məlumat yaymışdı. Bu məlumatdan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi, “Azərenerji”nin isə səlahiyyətləri azaldıldı. Ehtimal etmək olar ki, növbədə Bakı Şəhər Icra Hakimiyyətidir. Mümkündür ki, Hacıbala Abutalıbov da vəzifəsinə əlvida desin.

Bu proseslərdə diqqətçəkən başqa məqam isə irəliyə çəkilən şəxslərin Paşayevlərə yaxın kadrlar olmasıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin əhəmiyyətli hissəsi Əmlak Məsələləri Dövlət Komitəsinə verildi. Bu qurumun rəhbəri Kərəm Həsənovun Paşayevlərin çətiri altında olduğu sirr deyil. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə gətirilən Cavid Qurbanovla Baba Rzayev də Paşayevlər komandasının üzvü sayılır.

Akif