«Azəryolservis»dən yayılan məlumatlara şübhəli cavab
“Azəryolservis” ASC-yə yeni rəhbər təyin edilib. “Azadlıq”a daxil olan məlumata görə, bu, 1 saylı Yol Idarəsinin rəisi Saleh Məmmədovdur.
“Azəryolservis” ASC-yə indiyədək Cavid Qurbanov sədrlik edirdi. O, ölkə başçısının dünənki 9 fevral tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin edilib.
“Azəryolservis” ASC məlumatı qismən təsdiqləyib. Qurumdan
Virtualaz.org saytına bildirilib ki, Saleh Məmmədov hazırda ASC-yə rəhbərlik etsə də ortada hələ heç bir rəsmi təyinat yoxdur: “Məlumdur ki, ”Azəryolservis” ASC-nin sədri prezident tərəfindən xüsusi sərəncamla təyin edilir. Belə bir sərəncam isə hələ verilməyib. Amma ASC sədri vəzifəsinin icrası müvəqqəti olaraq Saleh Məmmədova həvalə olunub”.
Lakin “Azəryolservis”in bu cavabı bir qədər şübhəli görünür. Hər bir halda Cavid Qurbanovun bir neçə müavini ola-ola onun səlahiyyətlərinin “Azəryolservis” 115 idarəsindən birinin rəisinə həvalə edilməsi inandırıcı deyil. Adətən müvəqqəti idarəetmə müavinlərə tapşırılır.
Dünən həmçinin məlumat yayılıb ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-də kollegiya iclası keçirib.
QSC-dən azvision.az-a verilən məlumata görə, Cavid Qurbanov kollektivə təqdim olunub. Iclasda nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri, hazırda nəqliyyat nazirinin müavini olan Arif Əsgərov da iştirak edib.