Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Dünən Azərbaycanda başdan ayağa korrupsiyaya bulaşmış iki qurumun hibridindən yeni qurum yaratdılar: “Azərişıq”.
Yox, yox, mövzumuz qətiyyən bu deyil.
Sadəcə, həmin qurumun adı, daha doğrusu, “işıq” sözü oradakı təyinatından, mahiyyətindən asılı olmayaraq məndə nədənsə çox kədərlə hisslər yaratdı.
Işıq…
Son vaxtlar mən bu sözü harda, hansı kontekstdə eşitməyimdən asılı olmayaraq duyğulanıram. Hətta doluxsunuram. Bu söz mənə qərib, yad görünür. Mənə elə gəlir “işıq” sözü bizim ölkədə, bizim leksikonda artıq kimsəsiz, tərk edilmiş, küçəyə atılmış insan ömrü yaşayır.
Halbuki indi Azərbaycanın ən çox ona – Işığa ehtiyacı var. Ölkə bir ovuc adamın bitib-tükənməyən sərvət və hakimiyyət ehtirası sayəsində qatı qaranlığa gömülüb. Yalan, yaltaqlıq, talan, repressiya üzərində qurulmuş Sistem hər tərəfi dərin zülmətə qərq edib.
Hər gün daha çox adam içi ilə getdiyimiz qaranlıq tunelin sonundakı işığı görməkdə çətinlik çəkir. Hər gün daha çox insan gələcəkdən əlini üzür, ümidini kəsir, içinə düşdüyü qaranlıq quyudan günəşə boylanmağa çalışsa da, bu arzusu arzu, bu xəyalı xəyal olaraq qalır.
Işıqsızlıq illərində yaşayırıq. Sistemlə hər şey aydındır. O, işıq gələn hər yerə əski tıxamaqla məşğuldur. O, bütün varlığı ilə aydınlığa nifrət edir. O, öz yarasa mahiyyəti ilə günəşi suvamaqla məşğuldur. Bütün bunlar öz yerində.
Amma adını “ziyalı” qoyanlar bəs? Bəs onların ziyası, işığı hanı? “Bir işıq da sən yandır” – vaxtilə “Füyuzat” dərgisində kimsə yazmışdı.
Yaxşı, bəs hanı bu gün bizim işıq yandırmalı, qaranlığı bir şam işığı qədər də olsa aydınlandırmalı olanlarımız?
Indi geri çevrilib arxada qalan 22 ilə – Işıqsızlıq illərinə baxanda mənəvi baxımdan nə qədər dəhşətli, qorxunc deqradasiya yaşadığımızı görmək mümkün deyil. Bir işıq da o yandırsın deyə yaşanmalı olan, amma qəfil bütün istiqamətini dəyişmiş, sadəcə, pula, komforta, karyeraya hesablanmış ömürlər, qaranlıq kulislərdə qaranlıq sövdələşmələrlə qazanılan deputat mandatları, fəxri adlar, orden-medallar, vəzifələr, nələr, nələr…
Insanlar gözümüzün qarşısında nə vəziyyətə düşdülər, hansı günlərə qaldılar. Biz sadəlövhcəsinə, axmaqcasına onlardan topluma işıq saçmalarını, qaranlıqları bir şam qədər aydınlandırmalarını gözləyərkən, onlar zülmətin qucağında oturdular. Onlar qaranlığın aşiqinə çevrildilər. Sadə səbəbdən: zülməti, qaranlığı pis əməl sahibləri sevərlər. Yamanlıq etmək istəyən gecələri sevirlər. Oğrular gecələr gələr.
Ona görə də son 22 ili – Işıqsızlıq illərinə çevirdilər.
Işığı həyatımızdan qovdular. Işıqlı adamları ölkənin siyasi, ictimai, mədəni səhnəsindən silib atmaq üçün etmədikləri qalmadı. Həbslər, mühacirətilər, qətllər, şirnikləndirmələr, qorxudub meydandan çəkilməyə vadar etmələr.
Beləcə, meydan zülmətə qaldı.
Kimsə düşünməsin ki, qaranlıq niyyətlər, qaranlıq məqsədlər naminə hər şeyin məqbul sayıldığı və Işıqdan imtinanın həyatda mövqe qazanmaq, sağ qalmaq üçün az qala yeganə şərtə çevrildiyi bu 22 ilin hesabını sadəcə siyasi cavabdehlərdən soruşacaqlar. Yox, əsla yox! Bu itirilən illərə – Işıqsızlıq illərinə görə yalana bulaşmış bir qələmi tutan hər əl, yalmanmaq üçün açılan hər ağız, həqiqətlərə qənim kəsilən hər ürək, reallıqları görmək istəməyən hər göz, doğruları anlamaq istəməyən hər beyin, bir sözlə, gömüldüyümüz bu qatı qaranlığın yaranmasında hər hansı formada iştirak etmiş, pay sahibi olmuş kim varsa, cavab verəcək. Kimliyini unutduğum bir Şərq müdrikinin dediyi kimi: “Işığı söndürənlər qədər şam yandırmayanlar da günahkardı”.