«Aldığım pulu «almamışam» deməyə vicdanım yol verməzdi…»
Rəsul Cəfərov ifadə verməkdən imtina etdi: «Çünki özümü təqsirli bilmirəm, ittihamları əsassız hesab edirəm»
Insan Haqları Klubunun rəhbəri, vicdan məhbusu Rəsul Cəfərov dünən Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ifadə verməli idi. Lakin o, ifadə verməkdən imtina edib. Rəsul Cəfərov bildirib ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmir, onları əsassız hesab edir. Bu səbəbdən də məhkəmə prosesinin indiki mərhələsində ifadə verməkdən imtina edir.
Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Ismayılov Rəsul Cəfərovun cinayət işinin materiallarındakı şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin elan olunmasına qərar verib. Rəsul Cəfərovun vəkili buna etiraz etsə də, hakim qərarını dəyişməyib.
Rəsul Cəfərov həbsindən iki gün əvvəl – iyulun 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində şahid qismində verdiyi ifadədə 2007-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra QHT sektorunda fəaliyyəti, o cümlədən bir müddət Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunda çalışması, sonradan Insan Haqları Klubunu yaratması, həyata keçirilən qrant layihələri barədə ətraflı danışıb.
Həbs olunduğu gün – avqustun 2-də artıq təqsirləndirilən şəxs kimi verdiyi ifadədə də Rəsul Cəfərov qeyd edir ki, özünü qətiyyən təqsirli bilmir, ona elan olunan ittihamlar da tamamilə əsassızdır. Çünki qrant vəsaitləri qanuna uyğun şəkildə donorlardan alınıb və təyinatı üzrə xərclənib. Rəsul Cəfərov bu ifadəsində vurğulayıb ki, həbsi ictimai-siyasi fəaliyyətilə bağlıdır. Bu fəaliyyət isə əsasən insan haqlarının müdafiəsi, siyasi məhbusların azadlığa buraxılması istiqamətində görülən işlərdən ibarət olub: “Gördüyüm bu işlərə görə qəzəbə düçar olmuşam”.
Rəsul Cəfərov əlavə edib ki, şahid kimi ondan alınan ifadədə bütün məsələlərə aydınlıq gətirdiyindən, həmçinin ittihamlar əsassız olduğundan yenidən ifadə verməkdən imtina edir.
Rəsul Cəfərov məhkəmədə ifadə verməkdən imtina etsə də, prokurorun elan olunmuş ifadələr üzrə suallarını cavablandırıb. Onun dediklərindən belə məlum olub ki, onun şəxsi bank hesabına gələn pulların hamısı qrant vəsaiti olmayıb. Amma prokurorluq köçürülən bütün vəsaitləri, o cümlədən xarici səfərlərin yol xərci üçün ödənişləri, hazırda həbsdə olan vicdan məhbuslarından birinin ailəsinə göndərilmiş yardımı, mükafat olaraq verilmiş vəsaitləri də qrant kimi qələmə verib.
“Qrant layihələrinin həyata keçirilməsi, vəsaitlərin xərclənməsilə bağlı sənədlərin bir hissəsini həbsimdən əvvəl prokurorluqda şahid qismində dindirilərkən istintaqa təqdim etmişdim. Lakin iki gün sonra həbs olundum və etiraz olaraq, qalan sənədləri prokurorluğa vermədim. Amma hazırlıq iclasında onları məhkəməyə təqdim etdim”, – deyə Rəsul Cəfərov bildirib.
Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınmış şəxslərin ifadələri dinlənilib. Tanınmış repçi Anar Nağılbaz (Cəbiyev) məhkəmənin hazırlıq iclasında olduğu kimi, dünən sərbəst ifadəsində də bir daha qeyd edib ki, özünü zərərçəkmiş hesab etmir. Məhkəmədən də onun zərərçəkmiş statusuna xitam verilməsini istəyib.
Anar Nağılbaz bildirib ki, Rəsul Cəfərovun təklifilə onun layihələrinin birində iştirak edib, gördüyü işin müqabilində də müqavilədə göstərilən məbləği alıb: “Mənim gördüyüm iş insanları seçki mövzusunda maarifləndirən, seçkidə iştiraka həvəsləndirən bir mahnının hazırlanması və ona sadə klip çəkilməsindən ibarət olub. Mahnının sözləri və musiqisi mənə aid olub, səsyazma studiyasında yazılıb. Onun ərsəyə gəlməsində mənimlə yanaşı, Elşad Xose, Natəvan Həbibi və Zaur Əmiraslanov da iştirak edib. Mənə verilən pulu iştirakçılara, studiyaya və s. xərclərə sərf etmişəm”.
Ittihama görə, bu işə görə Anar Nağılbaza 1720 manatlıq qəbzə imza atdırılsa da, Rəsul Cəfərov ona cəmi 1200 manat verib. Lakin dünən ifadəsində reper bildirib ki, 1720 manatı tam alıb: “Tanıyanlar bilir ki, mən Rizvan Cəbiyevin oğluyam. Rizvan Cəbiyev də vicdanlı adamdır, mən də vicdanlı adamam. Aldığım pulu ”almamışam” deməyə vicdanım yol verməzdi. Sentyabr ayında prokurorluqda dindirmədən sonra evdə qeyd dəftərçəmə baxdım, gördüm ki, Rəsuldan bir neçə dəfəyə ümumilikdə 1720 manat almışam. Sonra prokurorluqda yenidən ifadə verəndə dedim”.
Jurnalist Seymur Verdizadə də zərərçəkmiş qismində dindirilib. Rəsul Cəfərov indiyədək şəxsi tanışlığı olmadığı və onu ilk dəfə indi məhkəmədə gördüyünü deyən Seymur Verdizadə də heç bir ziyan çəkmədiyini vurğulayıb: “2013-cü ildə mən ”Reytinq” qəzetinin redaktoru olanda orada Ülvi Həsənli adlı müxbir vardı. O, bir film təqdimatında moderatorluq eləməyi təklif etdi. Dedim ki, əvvəlcə filmə baxım. Filmə baxdım, razılıq verdim. Ülvi Həsənli mənə gördüyüm işin müqabilində 150 manat pul verdi. Bir qədər keçəndən sonra Ülvi Həsənli dedi ki, həmin ödəniş rəsmiləşdirilməlidir. Görüşdük, müqavilə və digər sənədləri imzaladım. Həmçinin gördüyüm iş müqabilində xidmət haqqı aldığım haqda özüm də mədaxil qəbzimi verdim. Həmin vaxt Ülvi mənə dedi ki, layihənin rəhbəri Rəsul Cəfərovdu, mədaxil qəbzini də onun adına yazım. Ülvi onu da bildirdi ki, layihədə 200 manat nəzərdə tutulub, 50 manat həmin vaxt üstündə yox idi deyə, sonra verəcəkdi. Sonradan mən özüm həmin 50 manatdan imtina elədim. Fikirləşdim ki, qoy Ülviyə qalsın, tələbədir, kirayədə qalır”.
Rəsul Cəfərovun sinif yoldaşı və uşaqlıqdan dostu olan Əhməd Heybətov da dünən zərərçəkmiş qismində dindirilənlər arasında olub. O, bir sıra layihələr çərçivəsində video-roliklərin hazırlanmasında iştirak edib. Əhməd Heybətov da müqavilədə nəzərdə tutulan pulu tam aldığını, özünü zərərçəkmiş hesab etmədiyini vurğulayaraq, bu statusuna xitam verilməsini istəyib.
Məhkəmə prosesi fevralın 24-də davam edəcək.
Aytən