AMEA-da tay nələr baş verməlidir ki, siz reaksiya verəsiniz?!
Belə primitiv klanizm, traybalizm bizi hara aparacaq?!
AMEA Fizika Institutunun əməkdaşı Elman Şahverdiyev Akademiyada ötən il keçirilən “seçki”ylə bağlı dövlət başçısına məktublarını davam etdirir. Məktub-müraciətlərin cavabsız qalması alimi ruhdan salmır. O, ədalətin bərpasına – nəticələr ləğv olunub seçkilər yenidən keçirilənə qədər mübarizə aparmaqda israrlıdır. Elman müəllim növbəti müraciətində yazır:
Şillə-təpiklə idarəçilik
– Cənab Prezident! AMEA-ya təyinatlarda mənə qarşı böyük haqsızlıq, ədalətsizlik olub. Fizika üzrə təyin olunmuş üç həqiqi üzvün işlərinə cəmi sitatlar mənimkindən 2 dəfə azdır, 7 təyin edilmiş müxbir üzvün cəmi sitatları da mənimkindən azdır. Amma kənarda qaldım. Baza fizika təhsili olmayan, adı dəfələrlə plagiatda hallanan N.Məmmədov Fizika Institutunun rəhbərliyinə gələndən sonra xaricdə dərc olunmuş məqalələrin sayı 30 faiz azalıb! Baxmayaraq ki, Elmin Inkişafı Fondu büdcəsinin 30 faizini (10 milyona yaxın) N.Məmmədovun adının keçdiyi layihələrə ayırıb. Onu F.Abdullazadənin həyat yoldaşı O.Ələkbərov təyin etdirib ki, “bu camaatı şillə-təpiklə idarə etsin”. Xahiş edirəm diqqət yetirin ki, söhbət əsir düşərgəsindəki adamlardan və “nadzor”dan deyil, elmi ictimaiyyətdən gedir. Görəsən bu azğınlaşmış adama kim belə təhrikedici səlahiyyətlər verib?! N.Məmmədov isə “regentin” ümidlərini tam doğruldub. Belə ki, N.Məmmədov elmi işçiləri daim təxribata çəkir, ünvanlı söyüşlər söyür, kiməsə külqabı atır, elmi şurada bir akademiki vurmağa cəhd edib, bir elmlər doktorunu kabinetində küçə söyüşlərilə təhqir edib, birini “julikin biri julik” deyərək kabinetdən qovub və koridorda təqib edib; bir konfransın təşkilat komitəsində olmaq istəyən 90 yaşlı akademikə “bunun üçün yekə yumurtalı (evfemizm!) olmaq lazımdır” deyib.
Sıfır sitatla həqiqi üzv təyin olunmuş 76 yaşlı Cavad Abdinovu isə, digər müavinləri ilə birlikdə “mənim şahidlərim” adlandıraraq, istənilən adamı şərləyə biləcəyinə işarə edir. Görəsən bu adamda adam şərləmək istəyi qazanılmış xasiyyətdir, yoxsa tarixin dərinliklərindən edilən çağırışdır? Hər halda burada bir tarixçi araşdırmasına ehtiyac duyulur.
Cavad Abdinovun qohumları işə gəlmir, “dissiplina”dan isə selektiv yanaşma üçün istifadə edir. 12 ildir pensiya yaşında olan bu adamdan soruşan yoxdur ki, “dissiplinalı” olub elmə gətirdiyin sitatlar hardadır? Niyə işləyənlərə mane olursunuz?! N.Məmmədov əmri ilə işə müəyyən olunmuş vaxtdan az gələnlərin maaşından 25 faiz kəsiləcək! Təsəvvür edin ki, 200-400 manat alanların maaşını kəsirlər! Özləri isə tamamilə layiq olmadıqları halda 3 min manat alırlar. Yəqin kəsərək topladıqlarını da özləri, yaxınları və dostları arasında əlavə əmək haqqı, mükafat kimi pay-püş edəcəklər!
“Elm onları yalnız yemək vasitəsi kimi maraqlandırır”
Heç kim özü üçün xususi imtiyaz, status tələb etmir. Nəzərə alınmalıdır ki, elmi yaradıcılıqda sərt iş rejimi tətbiq etmək faydalı olmayacaq, əksinə, məhsuldarlığı azaldacaq. Bəzən elm adamının daxili iş rejimi saatı tələb olunan rejim saatları ilə üst-üstə düşməyə bilər. Təsəvvür edin ki, elmə sıfır sitat və ya cüzi sitat gətirənlər durub ən çox sitat gətirənə necə işləməyi öyrədirlər! Ömür boyu bütün elmi fəaliyyətini bir iş yerində cəmləyənə bunu deməyin mənası varmı! Işə gəlməyin məqsədi elmə sitat gətirən nəticələr ortaya qoymaq olmalıdır, rəhbərliyin arzuladığı qədər işdə baş girləmək yox! Yuxarıda qeyd olunan 30 faiz azalma məgər yarıtmaz rəhbərliyin fəaliyyətinin nəticəsi deyilmi?! Özü də xaricdə dərc olunmuş məqalələrin sayında azalma birdən-birə yox, ilbəil, tədricən baş verib. Səbəbi isə odur ki, N.Məmmədov-O.Ələkbərov cütlüyü qəsdən işləyənlərə mane olmaq yolu seçiblər ki, hamını özləri istədikləri kimi idarə etsinlər. Elm onları yalnız yemək vasitəsi kimi maraqlandırır, onlar üçün əsas məsələ işləyən müstəqil insanları təqib etməkdir!
Hamı bilir ki, bu, müəyyən adamlara qarşı yönəlmiş “dissiplina” ilə maskalanmış mahiyyətcə iqtisadi blokada olan cəza aksiyasıdır. Belə deyilsə, niyə bütün işçilərin davamiyyətini açıqlamaq istəmirlər! Çünki çox gözəl bilirlər ki, nəyi gizlədirlər. Bircə faktı demək istəyirəm: Dekabrın əvvəlində aparılan “dissiplina” monitorinqinə əsasən, az qala 700 işçidən guya cəmi 5 nəfərin(!) əmək intizamını pozduğu üzə “çıxdı” və siyahı məlumat lövhəsinə asıldı! Bunlardan 3 nəfəri(!) mənim indiki və köhnə işçilərim olub.
Halbuki hamı bilir ki, Institutda bir çoxlarının qohumları olan onlarla adam, ümumiyyətlə, işə gəlmir!
Cənab Prezident, siz özünüz dəfələrlə ikili standartlardan, selektiv yanaşmalardan danışmısınız və danışırsınız! Fikir verin ki, sizin məmurlarınız necə özbaşınalıqlar edirlər! Haqqını yedikləri adam etirazını bildirəndə, Sizə müraciətləri ilə haqqın, ədalətin bərpasını tələb edəndə ona qarşı səlib yürüşünə çıxırlar.
“Bunlar qrant almağa da ”təyin ediliblər?"
Sizə ona görə müraciət edirəm ki, bildiyiniz kimi AMEA-ya təyin olunmuşların siyahısını Sizin Administrasiya və sizə görə söz sahibi olan bir rektor tərtib edib. Məmur özbaşınalığı isə belə təyinolunmaların davamı və məntiqi nəticəsidir! Maraqlıdır ki, təyin olunmuşların 80 faizi həm də ölkənin müxtəlif elm fondlarından yüzminlərlə, milyonlarla qranta da (əsasən seçkiqabağı) “təyin ediliblər”. Axı AMEA-ya təyin edənlər həm də qrant məsələsində həlledici söz sahibidirlər! Bu korelyasiyanın özü sizə şübhəli görünmürmü?! Ola bilsin ki, bu, “loyallıq” testinin bir mərhələsidir!
Mən həm də ona görə sizə müraciət edirəm ki, bu cür layiqsiz, ədalətsiz təyinolunmaların, mükafatlandırılmaların nəticəsi də göz qabağındadır. Ən konservativ data bazası olan SCOPUS-un məlumatına görə, elmi işlərin beynəlxalq qiymətləndirmə cədvəlində Azərbaycan, məsələn, qonşu Ermənistandan dəfələrlə geri qalır; ən dəhşətlisi odur ki, fərq ildən-ilə daha da artır. Bax budur yürüdülən idarəçiliyin nəticəsi!!!
Özbaşınalıqlara sizin Administrasiya dəstək verir
Cənab Prezident, ədalətsizliyə, haqsızlığa baxın ki, elmə sıfır və ya cüzi sitat gətirənlər sizin administrasiya tərəfindən ayda bir neçə min manatla mükafatlandırılır, elmə ən çox sitat gətirənin 400 manatından isə 100 manat kəsirlər! Mənim haqqımı – əslində mənə çatmalı olan AMEA-ya üzvlük maaşımı – yedikləri onlara görünür, azlıq edir, indi də 400 manatlıq maaşımı yemək istəyirlər. Sözsüz ki, bu cür özbaşınalıqların kökündə belə məmurlara sizin administrasiyada verilən dəstək durur!!! Elm sahəsində tay nələr baş verməlidir ki, siz müdaxilə edəsiniz?!
Axı baza fizika təhsili olmayan (!) adamın nə işi var ki, Fizika Institutuna rəhbərlik etsin?!
Layiq olmadığı halda hələ bir onu fizika ixtisası(!) üzrə müxbir üzv də təyin edirlər. 4 səs toplayan N.Məmmədov guya 28 səslə (31 səsdən) müxbir üzv təyin olunur. Yaxınlarda bu faktı ona direktor kabinetində bildirəndə saymazyana dedi ki, nə olsun ki, heç o 4 səs olmayanda nə olacaqdı ki?! Hamı bilir ki, o, direktorun kabinetində gizli çəkiliş aparır. Görünür, direktorluq vəzifəsi ona darıxdırıcı gəlir ki, o eyni zamanda rejissorluq, operatorluq, ssenaristliklə də məşğul olur.
Ələkbərovun müşahidə kamerası
Yeri gəlmişkən, Institutda müşahidə kameralarının monitorinq mərkəzi F.Abdullazadənin həyat yoldaşı O.Ələkbərovun otağında yerləşir. Adətən belə çəkilişlər gec-tez qanun pozuntularına, psixoloji durumda səndələmələrə, qeyi-sağlam müşahidələrə və s. gətirib çıxarır. Bəlkə direktorun aqressivliyinin bir səbəbi də elə budur! Kim bunlara haqq verib ki, insanları güdələr, izləyələr?! Görünür, bu onlara xüsusi rahatlıq verir! Bir də görəsən istinasız bütün otaqlarda və guşələrdə də müşahidələr aparılırmı?!
“Vəzifəyə qoymağa adam tapmırsınız?!”
Cənab Prezident, məgər C.Abdinov ömürlük vəzifədə olmalıdır?! Axı onun elmə gətirdiyi sitatların sayı sıfıra yaxındır. Məgər vəzifəyə qoymağa adam tapmırsınız! (Qətiyyən özümü nəzərdə tutmuram: birincisi, vəzifə hərisi deyiləm; ikincisi, dünya malında gözüm yoxdur).
Doğrudandamı vəzifə ancaq iki-üç klan üzvləri üçündür! Nə üçün o barsız elmi fəaliyyətini Instituta sırımalıdır?! Axı onun buna mənəvi haqqı belə çatmır! Belə primitiv klanizm, traybalizm bizi hara aparacaq?!
Elmə ayrılan vəsait kimlərin cibinə axır?
O.Ələkbərov-N.Məmmədov cütlüyü məni Institutun elmi həyatından tamamilə təcrid edib. Belə ki, yeganə laboratoriya rəhbəriyəm ki, Elmi Şuranın üzvü deyiləm. O.Ələkbərov isə elmlər namizədi ola-ola üzvdür. N.Məmmədovun sədr olduğu 4 müdafiə Şurasının heç birinin üzvü deyiləm. On dörd beynəlxalq qrant almağıma baxmayaraq (o cümlədən 30 ildən artıq fəaliyyət göstərən Avropa Ittifaqı Çərçivə Proqramları daxilində Individual qrantı alan yeganə azərbaycanlıyam), Elmin Inkişafı Fondu (EIF) mənim işçilərimlə yazdığım iki illik layihəyə cüzi qrant (40 min manat) belə ayırmadı. Amma N.Məmmədovun və O.Ələkbərovun adlarının keçdiyi layihələrə EIF indiyə qədər elmə qoyulan vəsaitin üçdə birindən çoxunu (10 milyona yaxın) ayırıb.
Fatma Abdullazadənin çoxprofilli kuratorluğu
Cənab Prezident, F.Abdullazadə 20 ildən artıqdır ki, elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə, TQDK-ya, Ali Attestasiya Komissiyasına, Elmin Inkişafı Fonduna və s. kuratorluq edir. Bu sahələrin hər birindəki bərbad vəziyyət isə göz qabağındadır. Son illər isə sanki F.Abdullazadə öz səlahiyyətlərini AMEA Fizika Institutunda çalışan Oktay Ələkbərova həvalə edib. Özü elmlər namizədi olan bu şəxs bu statusuna görə Institutun bütün işlərinə qarışır, kimin akademiyaya təyin olunması, kimə qrant verilməsi, kimin direktor olması, kimin elmi şuraya, dissertasiya şuralarına üzv olması, lazım gələndə aspirantların elmi rəhbərlərinin münasib adamla əvəzlənməsi, kimin dissertasiyasının və nə vaxt təsdiq olunması və ya olunmaması, bölmə və AMEA Rəyasət heyətinin iclaslarının gündəliyinin formalaşması və s. məsələləri həll edir, Azərbaycan elminin prioritet istiqamətlərini müəyyən edir. Görəsən ona bu səlahiyyətləri kim verib?! Belə çıxır ki, kimlərsə artıq 20 ildən yuxarı mühüm vəzifədə işləməkdən yorulub, ona görə də öz səlahiyyətlərini yaxın adamına transfer edib. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, N.Məmmədov Institut rəhbərliyinə gələndən sonra N.Məmmədov-O.Ələkbərov cütlüyü bir çox hallarda işləri tamamlanmaqda olan aspitantlara, dissertantlara şərt qoyurlar ki, müdafiə etmək istəyirsinizsə, filan elmi rəhbərinizdən imtina edin, yenisini təyin edək. Bu cütlükdən soruşan yoxdur ki, siz niyə öz vəzifə səlahiyyətlərinizdən sui-istifadə edirsiniz?! Cənab prezident, diqqət edin ki, bu cütlüyü dissertasiyanın məzmunu, keyfiyyəti, nəticələri maraqlandırmır: onlar üçün əsas məsələ qaralamaq istədikləri adamlarla haqq-hesab çəkməkdir! Baxın görün sizin administrasiyanın şöbə müdirinin (F.Abdullazadənin) qohumu və bu administrasiyanın kadrı vəzifə səlahityyətlərindən necə yararlanır, necə sui-istifadə edir?! Siz isə heç nə baş verməmiş kimi susursunuz!!!
Elmi N.Məmmədov-C.Abdinov-O.Ələkbərov üçlüyündən xilas edin!
Qeyd edim ki, artıq bu təzyiqlərə dözməyərək elmi rəhbərlərini dəyişənlər və “müvəffəqiyyətlə” müdafiə edənlər var. Hazırda ən azı ona yaxın dissertant və aspirantlar belə güclü təzyiq altındadırlar! N.Məmmədov həm də ona tamamilə aidiyyəti olmayan doktorantlara himayədarlıq müqabilində (elmi şuradan buraxmaq, problemsiz təsdiq və sair) öz rəhbərliyini (məsləhətçiliyini) sırımışdır. Artıq bu sahədə də “müvəffəqiyyətlə” müdafiə etmişlər var! O.Ələkbərov isə ona məqalələr yazan “almaniyalı alim” Ənvər Nəhmədovu müxbir üzv təyin etdirib. 23 ildir xaricdə yaşayan bu “almaniyalı alim”in elmə gətirdiyi sitatların sayı (cəmi əlli) mənimkindən 11 dəfə azdır! Görəsən bu adamda xırda bir damla da olsa məsuliyyət hissi yoxdur? Niyə o başqasının haqqını yeməyi özünə rəva bilir?!
Başa düşmək olmur ki, N.Məmmədov-O.Ələkbərov cütlüyü niyə başqasının əməyini mənimsəməyə belə meyllidirlər!
Bir daha müraciət edirəm ki, təyinolunmaların nəticələrini ləğv edəsiniz, ölkə Konstitusiyasına və AMEA nizamnaməsinə uyğun obyektiv, ədalətli, şəffaf seçki keçirəsiniz; Fizika Institutunu indiki elmi işçilər üçün təhlükəli N.Məmmədov- C.Abdinov-O.Ələkbərov üçlüyündən xilas edəsiniz.


