Dünyanın ən yaxşı “bestseller” yazarlarından sayılan Anthony Robbinsin “Içindəki divi oyandır” (Awaken the Giant Within) adlı bir kitabı var. Məşhur insanların uğur hekayələrindən bəhs edir. Sıfırdan başlayan, yoxdan var edən, yüzlərlə əzablı təkandan sonra həyatın dibindən çıxıb irəli yol tapan şəxslərin hekayələri var o kitabda. Robbins öz yazarlıq fəaliyyətində uğur qazanmağın bütün ağır şərtlər daxilində mümkün olduğunu təbliğ edib. Bunun üçün tələb olunan ən önəmli məsələləri də sadalayıb – əzm, ruh yüksəkliyi, inam. Müəllifin özünü də hekayələrini qələmə aldığı insanlar kateqoriyasına aid etmək olar. O, 2007-ci ilə “Forbes”in 100 məşhuru siyahısına düşüb. Həmin il onun yazarlıqdan qazandığı məbləğ 30 milyon dollar olub.
“Həyatın dibinə düşdüyünüz oldumu heç? Həyat yolunda yıxıldığınızı hiss etdiyiniz zaman, bəlkə yenidən qalxdınız, amma təkrar yıxıldınız. Yaxşı, nə qədər asanlıqla vaz keçirsiniz? Inanın, mənim üçün yıxıldıqdan sonra ayağa qalxacaq gücü tapmaq çətindir. Amma unutmayın, yıxıldığınızda kimsə sizi qaldırmaq üçün əlinizdən tutmayacaq. Ayağa qalxıb, vaz keçmədən, daha güclü olaraq məqsədinizə çatmaq yolunda davam edəcək güc içinizdə… Iki yaşındakı bir körpə belə əslində bizdən daha güclüdür. Bir körpənin yeriməyi öyrənənə qədər neçə dəfə yıxıldığını heç gözünüzün önünə gətirdinizmi? Heç bir körpənin yıxıldığı üçün yeriməkdən imtina etdiyini gördünüzmü..?”
Sizi bilmirəm, amma mən həqiqətən Robbinsin bu fikirlərini oxuyunca çox həyəcanlanıram. Müəllif öz işinin ustasıdır, insanlara təsir etməyi, onlara psixoloji baxımdan güc verməyi, inandırmağı əla bacarır. Hələ bu qabiliyyətini həyat yollarını anlatdığı konkret insanların misalında daha mükəmməl nümayiş etdirir. Yazarın dünyaca məşhur “Honda” sahibinin həyat yolu haqqında anlatdıqlarını oxuyunca birini xatırladım. Əvvəllər çalışdığım tərcümə şirkətində Emil adlı gənc bir oğlan çalışırdı. IT mütəxəssisi idi. Onun otağına ayaq basanda insanın gözü böyüyürdü. Yazı masalarının üstü, yer-göy detallarla dolu idi. Gəlişimdən qısa vaxt sonra öyrəndim ki, o, burada xüsusi konstruksiyalar hazırlamaqla məşğuldur. Hətta bir neçə təyyarə modelləri də var. Boş vaxtlarında həmin “təyyarə”lərini götürüb şəhərdən kənara çıxır, onları uçuraraq sınaqdan keçirib qayıdır. Bu uçuş səhnələrini videoda gördükdən sonra, Emilə çox heyfim gəldi. Azərbaycan reallıqları ona bundan irəli getməyə imkan verəcəkdimi? Ona öz ixtiralarını internet vasitəsi ilə xarici şirkətlərə yollamağı təkid etsəm də, bir nəticə olmadı. Məlum, bu cəmiyyət bir çoxları kimi Emili də öz gücünə inamsız ruhda böyüdüb.
Robbins Honda haqqında, bilirsiniz, nə anlatmışdı? Sizinlə yalnız kiçik bir epizodu bölüşürəm. O yazır ki, müharibədən sonra Yaponiyada qorxunc bir benzin qıtlığı başlamışdı. Honda ailəsi avtomobillə yemək almağa belə gedə bilmirdi. Sonda çarəsiz qalan Honda velosipedinə kiçik bir motor taxdı. Bu uğurlu icadı bəyənən qonşular da motorlu velosiped istədilər. Qısa zamanda velosiped motorlarını çatdıra bilməyən ixtiraçı bir fabrik qurmağa qərar verdi. Amma əlində sərmayə də yox idi. Yenə vaz keçmədi, Yaponiyadakı 18000 velosipedçi dükanına məktub yazdı, onları inandırdı. 5ÿ000 dükan ona sərmayə verməyə razı oldu. Bundan sonrası isə tam bir uğur partlayışıdır…
Robbinsin bütün fikirlərini bölüşürəm. Lakin o, bizim yaşadığımız ölkənin nə qədər analoqsuz olduğundan xəbərsizdir. Axı doğrudan da, onun dediklərini burada edə bilmək yüz qat çətin, bəlkə də, mümkünsüzdür. Bəli, belədir, amma heç bu da amerikan müəllifin dediyi kimi, insana xəyallarından vaz keçmək haqqı vermir. Siz içinizdəki divi oyandırmaqda, onu ölüm yuxusundan qorumaqda israrlı olun, bir gün o hökmən öz sözünü deyəcək!