Üç dəfə evlənəndən yox, Lamiyədən yazdıq…

xaqaniquzeyli@gmail.com
 
SSRI-nin dağılması ərəfəsində mən tələbə idim. Böyük bir sistem və onu ayaqda saxlayan ideologiya çökürdü. Yuxarı kurs tələbələrinin vahimə ilə xatırladıqları partiya tarixi, marksizim-leninzm ideyalarını tədris edən müəllimlər artıq bizim üçün “təhlükə mənbəyi” olmasalar da, geri çəkilmək niyyətində deyildilər. Təsəvvür edin, bayırda komendant saatı, küçədə tankların tırıltısından qulaq tutulur, onlar isə sənə Leninin qurultaya yazdığı məktubdan bəhs edirlər. Doğrudan da əzab idi. Həm bizim üçün, həm onlar üçün… 
Adi bir xəbəri belə rejimin standartlarına uyğun şəkildə verməyə çalışan məlum media və telekanallar hardasa mənə o illəri, o cansıxıcı auditoriyaları xatırladır. 
Rejimə birbaşa xidmət edən media haqqında danişmaq istəmirəm. Onlar istənilən vaxt gözlərini belə qırpmadan ağa qara, yaxud da qaraya ağ deyirlər. 
Bir də dolayı yolla rejimə yarınan qələm əhli var ki, bunlar da eyni vəzifəni icra edirlər, əslində eyni işi görürlər, lakin onlara elə gəlir ki, bu zaman “nə şiş yanır, nə də ki, kabab”… 
Məsələn, mətbuatdan sizə də məlumdur ki, Yasamal rayonundakı ləğv olunmuş 12 saylı seçki məntəqəsinin keçmiş sədri Əfrus Hacıyeva, şərəf və ləyaqəti təhqir edildiyinə(!) görə, “Azadlıq” qəzeti və “Meydan tv”-yə qarşı məhkəmə iddiası qaldırıb. Səbəbi də yəqin ki, bilirsiniz, topa-topa seçki bülletenini qutuya atılmasını əks etdirən videomateriala görə…
Bu kadrların nümayişindən sonra MSK həmin məntəqəni və oradakı seçkinin nəticələrini ləğv edib. Absurd, lakin Azərbaycan reallığı odur ki, bu qadın hazırda yenidən  rejimin işinə yaramağa başlayıb. Cinayət məsuliyyətinə cəlb olunmalı bir şəxsi “Azadlıq” qəzetini məhkəmə verməsi xilas edə biləcəkmi, sonra biləcəyik… 
Əgər yuxarıdan əmr gəlsə, media və telekanallar həmişə olduğu ki, “işlərini yapacaqlar”, Əfrusu dövlətə “xidmət edən” ziyalı xanım kimi qələmə verəcəklər.
Ən böyük zərbəni isə iqtidara dolayısı ilə xidmət edənlər vurmağa çalışacaq. Onlar Əfrusu əvvəlcə “Yasamaldan olan kişi kimi qadın” süjeti ilə süsləyəcəklər. Daha sonra iqtidarı bələdiyyə seçkisinin sönük keçməsində bilavasitə günahı olan məmurları cəzalandırmağa çağıracaqlar. Və sonda… elə çıxacaq ki, biz doğrudan da bu seçki biabırçılığını əks etdirən kadrların nümayişi… “erməni dəyirmanına” su tökmək deməkdir… 
Razılaşın ki, birincilər daha səmimidirlər. Onlar ən azı özlərini “bic”liyə vurmurlar, Əfrus və komandasının elə əzəldən(!) məsum olduğunu isbat etməyə çalışırlar…
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun məhşur Lamiyə məsələsinə münasibəti ilə yəqin ki, tanışsınız. Onun arqumenti budur ki, Lamiyə günahkardır və ona qarşı qeyri-qanuni heç nə baş verməyib. Narahat olmağa dəyməz, necə deyərlər, qəti qorxusu yoxdur. Içdən gələn və səmimi(!) yanaşmadır…
Indi isə gələk, həmin məsələ ilə bağlı ANS telekanalının daha doğrusu, Mirşahinin mövqeyinə. Tərz və üslub fərqli olsa da, burada da məmurlara toz qondurulmur… 
Mirşahinə görə, Lamiyə faciəsindən yazan yazarların, eləcə də onu oxuyanların… “seksual çatışmazlıq” problemi var. Yanaşma daha orijinal olsun deyə Lamiyə ilə… əxlaqsızlıq yuvası saxlmaqda şübhəli bilinən müğənni Maral Tahirqızı eyniləşdirilir… 
Əsl məqsəd isə bir məhkum qızcığazın faciəsini ələ salmaqla bu işə görə məsuliyyət daşımalı olan şəxsləri təmizə çıxarmaqdır. 
Mirşahin tərəfindən o da xəbərdarlıq olundu ki, “Lamiyə məsələsi”nə görə məsuliyyət daşıyan məmurları tənqid etmək… prezident Ilham Əliyevi tənqid etmək deməkdir. 
Gələk əsas(!) məsələyə.
Mirşahin təqdimatından belə məlum olur ki… biz hələ də 70-80-ci illərin Azərbaycan kəndində yaşayırıq. Və hər gün kəndin mərkəzindəki kino afişası vurulan dirəyə baxaraq, oradakı “16 yaşına qədər olanlar buraxılmır” elanını səbirsizliklə gözləyirik. 
O vaxtdan 30 il keçib, ölkədə internet də var, şou-biznes adı altında yarıçılpaq bədənlar göstərən Azərbaycan telekanalları da, bəlli ehtiyacı ödəyəcək sauna və masaj salonları adı altında fəaliyyət göstərən obyektlər isə, nə qədər istəyirsən…  
Qiymətlər də hər kəsin cibinə uyğundur. Ən kasıb təbəqə belə “28 May” metrosu həndəvərində “bəla”sını bula bilər… 
Yəni ölkədə “seksual gərginlik” deyə bir şey yoxdur, əgər üç dəfə və artıq evlənən narahatları nəzərə almasaq… 
Bu isə, xəstəlik yox, cəmiyyətin problemidir…