“Partiyada repressiyalara son qoyulsun”

Tanınmış müsavatçılar rəhbərliyə müraciət etdi

 

Novella Cəfəroğlu: “Qubad İbadoğlunun özünü aparması xoşuma gəlmədi, amma bu o demək deyil ki, partiyada digər tərəf özünü müəssisə direktoru kimi aparsın”

Müsavat Partiyasının tanınmış üzvləri son vaxtlar partiyada baş verən hadisələr və başqanlığa sabiq namizəd Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması ilə bağlı Müsavat rəhbərliyinə müraciət ediblər.
 
Müraciətdə bildirilir ki, son günlər Müsavat daxilində partiyanın siyasi xəttindən və idarəçiliyindən narazı olan üzvlərə qarşı repressiyaların genişlənməsi, onlara müxtəlif vasitələrlə təzyiqlər edilməsi, cəzaların verilməsi, tənqidi mövqedə olan üzvlərin partiya sıralarından çıxarılması bir tərəfdən partiyanın rəhbər strukturlarına etimadı, digər tərəfdən də partiyanın ictimai nüfuzunu azaldır:
 
“Müsavat Partiyası Divanının sonuncu toplantısında partiya başqanlığına sabiq namizəd, son seçkilərdə qurultay nümayəndələrinin 46 faiz səsini qazanmış, tanınmış iqtisadçı-alim Qubad İbadoğlunun heç bir nizamnamə pozuntusuna yol vermədiyi halda partiyadan çıxarılması, partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə xəbərdarlıq edilməsi onsuz da mürəkkəb olan partiyadaxili durumu daha da gərginləşdirib. Bütün bunlar Müsavat Partiyasının bərpasında və quruculuğunda iştirak edən, onun inkişafında xidmətləri olan biz müsavatçı-ziyalıları ciddi şəkildə narahat edir.

Biz hesab edirik ki, partiyanın mərkəzi orqanlarının tənqidi fikirlərinə görə üzvlərə qarşı tətbiq etdiyi cəzalandırma kursu şərəfli tarixə malik olan, qarşısına ölkəni demokratikləşdirmək və azadlıqları təmin etmək missiyası qoyan, hazırda liberal inkişaf xətti götürmüş Müsavat Partiyasının imicini korlayır, partiyanın gələcəyinə olan inamı azaldır. Odur ki, yaranmış narahatlığımızı bölüşüb, hazırkı duruma görə ən çox məsuliyyətin partiyanın indiki rəhbərliyinin üzərinə düşdüyünü xatırlatmaqla istərdik ki:

* Partiyadaxili demokratiya üçün mövcud olan maneələr aradan qaldırılsın, siyasi plüralizmə, fikir müxtəlifliyinə şərait yaradılsın, söz və ifadə azadlığına əməl olunsun, tənqidi mövqelərinə görə partiya üzvlərinin cəzalandırılmasına son qoyulsun, repressiyalar dayandırılsın.

* Partiyada barışıq mühiti yaradılsın, həmrəyliyə və birliyə yönələn açıq və geniş formatda müzakirələr aparılsın, partiyadaxili dialoqlar təşkil olunsun.

* Partiya üzvlüyündən çıxarılmış şəxslərlə bağlı partiyanın müxtəlif sturukturlarında verilmiş qərarlara yenidən baxılsın, onlar nizamnamə normalarına uyğunlaşdırılsın.

* Partiyada bölücülüyə şərait yaradan, onun bütövlüyünə xələl gətirən çağırışlara son qoyulsun.

İnanırıq ki, partiya rəhbərliyi bizim bu müraciətimizi qısa zamanda müsbət dəyərləndirərək, Müsavat Partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadədən bizə miras qalmış təsanüdçülük, birlik və həmrəylik kimi ülvi dəyərlərə hörmətlərini nümayiş etdirərək, tezliklə partiyada barışığa və həmrəyliyə nail olacaqdır”.
 
Müraciəti Müsavatın sabiq başqan müavinləri, tanınmış jurnalist Mehman Cavadoğlu, fəlsəfə doktoru Məryəm Oruclu; sabiq Divan üzvləri, professorlar Almaz Əliqızı, Adil Qeybulla, fəlsəfə doktorları Vurğun Əyyub, Rafiq Bəy İsmayıl, Məlahət Mürşüdlü, Hökümə İbrahimli; Mərkəzi Nəzarət Təftiş Komissiyasının sabiq sədri İbrahim İbrahimli; hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı imzalayıblar.

Müraciətə imza atması ilə bağlı APA-ya verdiyi açıqlamada Novella Cəfəroğlu bunları deyib: “Mən yüz faiz partiya rəhbərliyi ilə razıyam ki, qurultaydan sonra Qubad İbadoğlu və komandası özünü düzgün aparmadı. İsa Qəmbərə, Arif Hacılıya qarşı aqressiv idilər. Ancaq bu, o demək deyildi ki, onları mütləq partiyadan xaric etmək lazımdır. Buna görə də Müsavat Partiyasının rəhbərliyinə ünvanlanan müraciətə imza atmışam.
Qurultaydan sonra Qubad İbadoğlu və tərəfdarlarının özlərini aparması, bəyanatları, açıqlamaları xoşuma gəlmədi. Gərək gəlib danışaydılar, dil tapaydılar.  Amma bu, o demək deyil ki, partiyada digər tərəf özünü müəssisə direktoru kimi aparsın, davranışları xoşuna gəlmədiyi üçün Qubad İbadoğlunu, Səxavət Əlisoyu və digərlərini partiyadan çıxarsın. Sanki kimisə işdən çıxarırlar! 20 il biz bu insanlara demişik ki, sizi hakimiyyətə aparırıq. Hakimiyyətə aparmamışıq. 20 il bu insanlar sizin arxanızca pulsuz-parasız, sizdən 1 manat almadan gediblər, Müsavat Partiyasının ilk sıralarda olmasını təmin edibər. İnsanları belə tez partiyadan qovmaq düzgün deyil, bu, partiyaya başucalığı gətirmir. Partiya rəhbərliyi, strukturları bu insanları tənbeh edə, danışıqlar apara bilərdilər ki, o tərəf də özünü yığışdırsın, amma həmin insanları partiyadan çıxarmaq düzgün deyil”.