Partiya real parçalanma ərəfəsində; Tərəflərdən kimin hara sahiblənməsinə kim “sərəncam” verir?
Müsavat Partiyası yarpaq tökümünü yaşayır. Sonuncu qurultaydan bəri partiyadan istefa varənlər və çıxarılanlar bir-birini əvəz edir. Bunu Müsavatın indiki rəhbərliyi “təmizlənmə”, ona qarşı olanlar isə “partiya daxilində hökm sürən repressiyanın nəticəsi” kimi təqdim edir. Necə təqdim edilməsindən asılı olmayaraq, fakt budur ki, Müsavat qarşılıqlı ittihamların müşaiyəti ilə boşalır.
Faktiki ikiyə bölünmüş Müsavatın bu “can itkisi” ondan irəli gəlir ki, qurultayda qalib elan olunanlarla nəticələri tanımayanlar bir-birlərini bağışlamaq meylində olmadılar. Partiyanın indiki başqanı Arif Hacılıya cəmi bir neçə səs fərqi ilə uduzan Qubad İbadoğlu və tərəfdarları, görünür həm də aradakı səs fərqinin çox az olmasından ruhlanaraq, yeni rəhbərliyi və strukturları legitim saymadıqlarını, ancaq eyni zamanda partiyadan getmək fikrində olmadıqlarını bəyan etdilər. Yeni rəhbərlik isə davranışları və açıqlamaları ilə nümayiş etdirdi ki, narazıları partiya içərisində saxlamaq niyyətində deyil. Əvvəl-əvvəl əsəb müharibəsi getdi və bu müharibədə bir sıra tanınmışlar da daxil olmaqla, xeyli müsavatçı dözməyib partiyadan istefa verdi.
Lakin belə görünür, Qubad İbadoğlunun Müsavatda qalması və üstəlik Müsavatda qala-qala onun bazasında özünə təşkilat yaratması (Azərbaycan demokratiya və Rifah – ADR hərəkatı) yeni rəhbərliyi nəhayətdə tarazlıqdan çıxardı. Qubad İbadoğlunun Müsavatdan çıxarılacağı haqda xəbərdarlıqlar çox tezliklə reallığa çevrildi. Müsavatın Divanı Qubad İbadoğlunu partiyadan xaric etdi.
Bundan sonra Müsavatdan istefalar bir az da kütləviləşdi. Məhz Qubad İbadoğlunun çıxarılmasına görə Müsavatın keçmiş başqan müşaviri Hüseyn Məlik, Məclisinin üzvü Nəsibə Şuşalı, Ağdam təşkilatından Əlövsət Sadıqlı, fəlsəfə doktoru Səftər Nehmətli, Kənan Haqverdi partiyadan, Fizuli rayon təşkilatının sədr müavini Zakir Səfixanoğlu isə partiyadakı vəzifəsindən istefa verdilər. Bu siyahı yalnız mətbuata bəlli olanlardır. Rayon təşkilatlarında səssiz-səmirsiz partiyanı tərk edənlər də az deyil. Hər halda Müsavatın yeni rəhbərliyi indiyədək partiyadan onlarla şəxsin istefa verdiyini etiraf edir. Əks tərəf isə partiyadan çıxanların yüzlərlə olduğu iddiasındadır.
Bütün hallarda belə görünür ki, Qubad İbadoğlunun Müsavatdan çıxarılması partiyada sarsıdıcı effekt yaratdı. Hətta o dərəcədə ki, Müsavatın bir sıra tanınmış şəxsləri (Keçmiş başqan müavini Mehman Cavadoğlu, fəlsəfə doktoru Məryəm Oruclu, sabiq Divan üzvləri, professorlar Almaz Əliqızı, Adil Qeybulla, fəlsəfə doktorları Vurğun Əyyub, Rafiq Bəy İsmayıl, Məlahət Mürşüdlü, Hökümə İbrahimli, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sabiq sədri İbrahim İbrahimli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı) partiya rəhbərliyinə “repressiyaları dayandırmaq”, “barışıq mühiti yaradacaq geniş müzakirələrə başlamaq” üçün müraciət etdi. Vurğulamaq gərəkdir ki, müraciət müəllifləri Qubad İbadoğlu və tərəfdarlarının da rəhbərliyə qarşı davranışlarını pisləyirlər. Yəni yeni rəhbərliyin əleyhdarları “kəsib atmaq” siyasəti artıq onu müdafiə edənlərdə də ciddi narazılıq yaradıb.
Yeni rəhbərliyin onu qəbul etməyən partiyadaşlarına qarşı sərt cəza mövqeyindən çıxış etməsi isə Qubad İbadoğlu ilə başlamayıb və belə görünür, onunla da bitməyəcək. Buna qədər başqanlığa başqa bir namizəd – Səxavət Əlisoy da Müsavatdan xaric edilmişdi. Başqa sözlə partiyaya sədrlik yarışında rəqabətə girmiş dörd şəxsdən biri artıq keçmiş rəqiblərindən ikisini partiyadan çıxartdırıb. Hərçənd, Qubad İbadoğlu (eləcə də bəzi partiyadan çıxarılanlar) bu əməliyyatın arxasında Müsavatın keçmiş başqanı İsa Qəmbərin durduğunu, indiki başqan Arif Hacılının sadəcə icraçı olduğunu bəyan edir.
Beləliklə, yeni rəhbərliyin “demokratiya nümunəsi” adlandırdığı sonuncu qurultaydan Müsavat çoxsaylı itkilər və ən azı ikiyə bölünmək perspektivi ilə çıxdı. Şübhə yoxdur ki, partiyanın qurultayda və ondan sonra Qubad İbadoğlunu müdafiə edən yarısı 21 fevralda elan ediləcək ADR-ə axışacaq. Onların yalnız bir qismi indiyədək Müsavatdan çıxıb, ya da çıxarılıb. Xeylisi hələ də partiyada qalır. Gözləmək olar ki, ADR elan ediləndən sonra qalanlar da ya dəstə ilə, ya da iki-bir, üç-bir Müsavatı tərk edəcək. Bunu tərəflər arasındakı qarşılıqlı ittihamların getdikcə daha amansız və aşağılayıcı ton alan dozası da zəruri edir.
Yeri gəlmişkən, qurultaydan sonrakı müəyyən dövrə qədər tərəflərdən biri o birini səsverməni düzgün keçirməməkdə, o biri də bu birisini yalan danışmaqda ittiham edirdisə, indi ritorika tamam dəyişib. Hər iki tərəf o birisini açıq mətnlərlə hakimiyyətə işləməkdə suçlayır. Məsələn, Arif Hacılı Siyavuş Novruzov, Zahid Oruc kimi hakimiyyət adamlarının Qubad İbadoğlunu müdafiə etməsinə vurğu salır, yazır ki, belə dəstəklər Qubad İbadoğlunun şəxsiyyətinə görə yox, onun üzərinə götürdüyü Müsavatı parçalamaq missiyasına görədir.
Müsavatın veteran fəallarından biri, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə açıq mətnlə iddia edir ki, Qubad İbadoğlu hələ 2005-ci ildə Füzuli rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarovun qarşısında “susmaq öhdəliyi” götürüb.
Qubad İbadoğlu isə bütün bu baş verənləri “bir ailənin başçılığı ilə bir qrupun partiyanı özəlləşdirmək istəyi” kimi şərh edir və adını “ulduzun görünməsi” qoyduğu parlament seçkisinə bağlayır. Onun fikrincə, “partiyanın indiki rəhbərliyi nə yolla olursa olsun parlamentə düşmək istəyir”. Əgər Qubad İbadoğlu “indiki rəhbərliyin” hakimiyyətlə yox, onu qəbul etməyən müsavatçılarla mübarizə apardığını vurğulayırsa, deməli, “nə yolla olursa olsun” deyərkən həmin rəhbərlik üçün yalnız hakimiyyətlə sövdələşmə variantını saxlayır.
Müsavatdakı tərəfsiz şəxslər arasında isə artıq belə qənaətlər yaranmaqdadır ki, deəyəsən axı, həm Arif Hacılı, həm də Qubad İbadoğlu cinahı hakimiyyətlə sövdələşmə içindədir. Hər halda Müsavatdan çıxan, amma Qubad İbadoğlunun da yanında yer almayan şəxslərdən biri bizimlə söhbətində belə iddia edib ki, bu partiyada indi baş verənlər hakimiyyət daxilindəki “klanlar savaşının” uzantısıdır. Tərəflərdən birinə Mehdiyev qruplaşması, o birinə isə Paşayevlər qanadı “stavka” edir. Kimin kimə “stavka” etdiyini isə həmsöhbətimiz dəqiqləşdirmək istəməyib.
Maraqlı təsadüfdür ki, özünün satirik qələmi, problemlərə ironik yanaşması ilə seçilən “Yeni Müsavat”çı, deyəsən, həm də Müsavat üzvü olan yazar Zamin Hacının dodaq qaçıran bu facebook qeydi də bizə nəql edilən ciddi iddialarla səsləşən kimi görünür:
"Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, siyasi idarəçilikdə səmərəliliyi artırmaq, islahatlara töhfə vermək üçün qərara alıram:
1.Arif Mustafa oğlu Hacılı Müsavat Partiyası başqanı vəzifəsindən çıxarılaraq "Azərbaycan Demokratiya və Rifah" Açıq Səhmdar Cəmiyyətinə sədr qoyulsun. "ADR" ASC-nin sədri Qubad İbad oğlu Bayramov isə müvafiq sərəncamla Müsavat başqanı qoyulsun.
2. Qərarın icrası "Demokratik Düşüncə Mərkəzi" QSC-nin şefi İsa Yunis oğlu Qəmbərə tapşırılsın.
3. Qərar sosial şəbəkədə AXCP üzvləri tərəfindən layk edilən andan qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral 2015-ci il”.
Xalid