Bu günlərdə “Həzrət Sabir” adlı falçını həbs ediblər, mən onun varlığından elə bu haqda yayılan məlumatdan xəbər tutdum. Sən demə, o, rejim telekanallarında bəh-bəhlə təbliğ olunurmuş. Mən uzun illərdir həmin telekanalların heç birinə baxmıram, düşünürəm ki, bu, özünəhörmət məsələsidir, yalanı, yaltaqlığı, zövqsüzlüyü, bayağılığı bilərəkdən evimizə buraxmaq, özümüzün, ən əsası isə övladlarımızın beynini zəhərləmək olmaz.
Ona görə də “Həzrət Sabir” deyilən zatın varlığından indiyədək xəbərsiz olmağım da təbiidir (yeri gəlmişkən: bir müsəlman ölkəsində kimsə adının əvvəlinə “Həzrət” sözü qoşub adamları belə asanlıqla aldadırsa, bu, həm də o ölkədə insanların bir çox şeylər kimi, inanclarında da necə qeyri-səmimi olduqlarını, dinə kor-korana bağlılıqlarını göstərir, çünki islamda “həzrət” sözünün kimlərə aid ediləcəyi bəllidir).
Mən “Həzrət Sabir”in həbsindən sonrakı bir açıqlamasını oxudum, deyir, 25-30 manata mistik qüvvələrin köməkliyi ilə evləri şər qüvvələrdən təmizləyir, insanların bəxtlərini açmağa, işsizlik problemlərini həll etməyə söz verirdim. Bu əslində mövcud Sistemin Azərbaycanı hansı vəziyyətə gətirdiyinin görsənişidir. Görün, adamlar üzləşdikləri problemləri həll etməyin hansı yollarına baş vururlar, kimlərdən mədət umur, imdad diləyirlər. Əgər xoşbəxtliyə gedən bütün yolları bir ovuc adam qapadıbsa, insanlar çarəsizlik içində çırpınırlarsa, üstəlik, bütün bunlar ölkənin böyük sürətlə kütləvi savadsızlığa, total cahilliyə sürüklənməsi ilə eyni vaxtda baş verirsə, “Həzrət Sabir”lərin meydan sulaması, at oynatması təbiidir. Hələ bunları rejim öz telekanallarında bəh-bəhlə camaata dəyər kimi sırıyırmış da. Kim bilir, bu “Həzrət Sabir” indi nəyə görə qəzəbə gəlib, kimin ayağını tapdayıb Ki, belə beyqəfil cəzalandırılmasına qərar verilib. Bəlkə də neftin ucuzlaşmasına qurban gedib – əli aşağı düşən partiya və hökumətimizin onun illərlə yığdıqlarına ehtiyacı-zad yaranıb. Bilmirəm, bilmək maraqlı da deyil. Əsas odur ki, bu bir fırıldaqçının həbsi yeri gəlsə, nəyisə dəyişmir, çünki belələri bir deyillər, beş deyillər, onlar həddən artıq çoxdur, – sadə səbəbdən: kütlənin onlardan başqa üz tutacağı bir qapı da yoxdur. Məmur qapılarında alçaldılıb, aşağılanıb, soyulub əli ətəyindən uzun geri dönməkdənsə “Həzrət Sabir” kimilərinə bel bağlayıb ümidlə gözləmək daha yaxşıdır.
Mənə ən gülməli gələn bir də bu adamın həbsi ilə bağlı rəsmi məlumatda onun vətəndaşların etibarını qazanıb onları aldatmasının xüsusi vurğulanması oldu. Azərbaycanda aldatmaq nə vaxtdan cinayətdir? Sistem özü sanki başqa işləmi məşğuldur?
Ümumiyyətlə, axı məsələ hansısa falçıda da deyil. Fikir verin, ölkədə pirlər çiçəklənmə dövrünü yaşayır. Niyə? Çünki insanların üz tutacağı, dərdinə dərman axtaracağı ünvan qalmayıb. Radikal dini təriqətə meyllənənlər çoxalır. Nə üçün? Adamlar yerdə ədalətin bərqərar olacağından ümidi kəsiblər, ümidlərini göyə bağlayıblar. Türkəçarələr ölkəni başına götürüb. Səbəb? Səhiyyənin anormal durumu. Şans oyunları at oynadır. Səbəb? Insanlar artıq bəxtə ümid edirlər, yalnız şans sayəsində həyatın onların üzünə gülə biləcəyi qənaətindədirlər. Başqa heç bir halda rifaha qovuşacaqlarına inanmırlar, bunu təsəvvürlərinə belə gətirmirlər.
Kitabın, elmin, təhsilin, mədəniyyətin durumu göz qabağındadır. Ölkədə cəhalət elə bir həddə çatıb, bir nəfərin çıxıb özünü Şeyx Nəsrullah elan etməsi kifayətdir ki, Mirzə Cəlilin “Ölülər”i ədəbiyyat faktından həyat faktına çevrilsin. Artıq Molla Ibrahimxəlil kimyagərləri kitablarda yox, ətrafımızda axtarmalıyıq. Onlar yan-yörəmizdə, hər tərəfdədirlər.
Bir sözlə, toplum maddi və mənəvi olaraq elə bir bataqlığa sürüklənib ki, burada istənilən fırıldaqçı, dələduz üçün münbit şərait var. Qolunu çırmala, işini gör: fala bax, cin çıxar, ələm uçur, bəxt aç, qısası, qaz vur, qazan doldur!
Yaptokratiyanın Azərbaycanda yaratdığı əsl mənzərə, gerçək tablo budur. Ağrılıdır, əzablıdır, dəhşətlidir, qorxuludur, ürəkbulandırıcı, utancıvericidir, amma budur reallıq!