Merkel və Ollandın səyləri nə vəd edir?

AXCP sədrinin müavini Fuad Qəhərmanlı Fransa prezidenti Olland və Almaniya kansleri Angela Merkelin Ukrayana böhranı çərçivəsində Rusiyaya səfərini təhlil edib. Fuad Qəhramanlının şəxsi "facebook" səhifəsindən paylaşdığı təhlil yazısını təqdim edirk.

 

Ukrayna böhranının həlli istiqamətində göstərilən təşəbbüslər bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələnin necə həll edilməsi bizim ölkənin də gələcəyinə çox ciddi şəkildə təsir göstərəcək. Bu münaqişədən Rusiyanın zəifləmiş, məğlub çıxması keçmiş Sovet məkanında Rusiyanın təsirini itirməsinə,Qərbə inteqrasiya proseslərinin dərinləşməsinə imkan yarada bilər.
Öncə ona diqqət yetirmək gərəkdir ki,Ukraynanın şərqində müharibənin yenidən alovlanması və separatçıların hərbi üstünlüyü açıq şəkildə ələ alması Rusiyanın əlində Qərbə yeganə təzyiq vasitəsidir. ABŞ və Avropanın birgə qoyduğu sanksiyalar nəticəsində getdikcə çətin duruma düşən Rusiyanın qarşısında iki seçim var.
1) Ukrayna ilə hərbi konflikt dondurulmuş vəziyyətdə davam edir və bir müddətdən sonra Qərbin qoyduğu iqtisadi sanksiyalar Rusiyada Putin hakimiyyətinə qarşı kütləvi narazılıq yaradır. Bu Putinin özünün tədrici sonunun çatmasını gözləməsi deməkdir.
2) Putin Ukraynanın şərqində müharibəni alovlandıraraq daha da irəli gedir və Avropanı münaqişənin genişlənməsi və Avropanın təhlükəsizliyini təhdid etməsi faktı ilə şantaj edir.
Görünən odur ki, Putin ikinci variantı seçib və onun hərbi şantajı müəyyən nəticələr verib. Fransa prezidenti Ollandın və Almaniya kansleri Merkelin Rusiyaya səfər edərək Putinlə sülh danışıqları aparmaları hələ ki, Moskvanın planlarına uyğundur. Bu prosesdə ABŞ-la Avropa arasında fikir ayrılıqlarının ortaya çıxması da diqqəti cəlb edir. Amerikanın danışıqlara inamsızlıq göstərməsi və Ukraynaya hərbi yardım tərəfdarı olması AB-nin mərkəz ölkəsi sayılan Almaniya tərəfindən qəbul edilmir. Qərb müttəfiqləri arasında belə bir fikir ayrılığının ortaya çıxması indiki halda Putin üçün əlavə manevr imkanları yaradır.
Avropa liderləri ilə eyni vaxtda ABŞ-ın vitse prezidenti Co Baydenin də Ukraynaya səfər etməsi də diqqətdən yayınmamalıdır. Hər nə qədər Avropa ilə ABŞ arasında kordinasiya edilmiş fəaliyyətin olduğunu hər iki tərəf bildirsə də fikir ayrılığının olması faktını gizlətmək mümkün deyil. Bu isə o deməkdir ki, Bayden əslində, Ukraynaya Rusiya təcavüzü qarşısında Avropadan daha çox dəstək veriləcəyi vədini verməyə gəlmişdi. Belə bir dəstəyin vəd edilməsi əslində Ukrayna tərəfinin Merkel,Holland və Putin planı ilə razılaşmamsı üçün lazımdır. Əslində, Münhen təhlükəsizlik konfransında da ABŞ-ın bu mövqeyi açıq hiss olunurdu və amerikalılar Avropa liderlərinin Putinlə aparılan danışıqların faydasız olduğunu müxtəlif formalarda ifadə edirdilər.
Digər tərəfdən unutmaq olmaz ki, həmOlland,həm də Merkel AB-nin öz təhlükəsizlik problemlərinin çözməsindəki bacarıq və imkanlarını nümayiş etdirməklə ABŞ liderliyinə ehtiyac olmadığını göstərməyə çalışırlar. ABŞ-da bunun fərqində olduğu üçün Ukraynaya daha artıq dəstək vəd etməklə və İngiltərənin Putinlə aparılan danışıqlar prosesindən geri çəkilməsi ilə onsuz göstərilən diplomatik səylərin nəticə verməyəcəyini göstərmək istəyir.
Əslində, ABŞ-ın problemə yanaşması qlobal təhlükəsizliyin təmin olunması baxımından daha praqmatik bir mövqedir. Çünki Qərb Ukraynanın hərbi müdafiə qabiliyyətini gücləndirməklə hazırkı vəziyyəti uzada bilsə, bu sanksiyalardan zəifləyən Rusiyanın öz içində çətin duruma düşməsi demək olacaq . Öz növbəsində bu da iqtisadi baxımdan çökmüş və daxildə xalqın narazılığı ilə üzləşən Putin hakimiyyətinin Ukraynada hərbi məğlubiyyətə uğramasına yol açacaq.
Bütün bu məqamları nəzərə alaraq demək olar ki, Olland,Merkel və Putin planının baş tutub tutmayacağı indiki halda Ukraynanın ABŞ və ya Avropaya üstünlük verməsindən asılı olacaq. Hətta Ukrayna bu planla razılaşsa belə, işğal faktının davam etməsi sanksiyaların götürülməsinə imkan verməyəcəyi üçün Rusiya bir müddətdən sonra yenidən münaqişə bölgəsində hərbi əməliyyatlara başlamalı olacaq. Bu isə sanksiyaların yenidən sərtləşməsinə, ABŞ-ın Rusiya təhdidi ilə qarşı qarşıya qalan Avropa üzərində himayəsinə yenidən ehtiyac yaradacaq. Demək indiki halda Olland, Merkel və Putin danışıqları nəticəsində ortaya çıxacaq sülh planı davamlı və təminatlı ola bilməyəcək.